Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək
imkanı verir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev sahibliyi etmək Azərbaycana öz nailiyyətlərini,
iqlim dəyişikliyi problemləri və ətraf mühit hadisələri ilə mübarizədə
effektivliyini nümayiş etdirmək üçün əla imkan yaradır”.
Bunu “Report”a açıqlamasında Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun
Baş elmi işçisi Laslo Vaşa deyib.
Macarıstanlı ekspertin fikrincə, COP29-un əhəmiyyəti həm də ondan ibarətdir
ki, yüksəksəviyyəli qonaqlar və çox mühüm işçi qrupları bu ilin noyabrında
Bakıda toplaşacaqlar:
“Bu, ətraf mühitin mühafizəsi fəaliyyətlərinə yeni texnologiyaların cəlb
edilməsi də daxil olmaqla, gələcək əməkdaşlıqların başlanmasına yardımçı ola
bilər. Bununla yanaşı, ən müasir texnologiyalardan istifadə etməklə yeni birgə
layihələrə başlamaq olar”.
L.Vaşa Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın Qarabağ
regionunda “yaşıl layihələr”dən istifadə ideyasını da yüksək qiymətləndirib:
“Qarabağdakı inkişaf layihələrinə gəlincə, bu kimi layihələri ekoloji cəhətdən
təmiz, dayanıqlı inkişaf və dairəvi iqtisadiyyatdan istifadə etməklə həyata
keçirmək müdrik fikirdir. Burada hidroenergetika sahəsində təqdim olunan
layihələr, günəş elektrik stansiyalarının yaradılması şübhəsiz ki, gələcəyin
layihələridir. İndi isə bunun Qarabağda necə həyata keçirildiyini görürük.
Əminəm ki, bu, yerli iqtisadiyyata dəstək olacaq”.