6e7c4b60-5bd1-4c2e-bac0-511e8f1e2303..jpg

Maestro Yalçın Adıgözəlov: “Əsl mədəniyyət savaşı bundan sonra başlayacaq” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 594 dəfə baxılıb.

Maestro Yalçın Adıgözəlov: “Əsl mədəniyyət savaşı bundan sonra başlayacaq” –
MÜSAHİBƏ + FOTO

Üzeyir Musiqi Günündə musiqi ictimaiyyəti möhtəşəm bir bayram yaşadı: Arif
Məlikovun “Məhəbbət əfsanəsi” uzun illərdən sonra Azərbaycan səhnəsinə –
Vətəninə qayıtdı. Baletin dirijoru – Xalq artisti, maestro Yalçın Adıgözəlovun
sevinc və həyəcanını salonun lap arxa cərgələrində oturan tamaşaçılar da
sezirdi.

Maestro “Kaspi”

yə müsahibəsində həmin günü “Qurur və sevinc” günü adlandırdı:

– “Məhəbbət əfsanəsi” baletinin nümayişindən sonra tamaşaçılar “Bakı çoxdan
belə anşlaq yaşamayıb, belə alqışlar eşitməyib…” deyirdilər. Baletin
nümayişinə dirijor kimi sizin də gözünüzlə baxaq…

– Bəli, hamıda böyük həyəcan və qürur hissi vardı. Çünki Azərbaycan
bəstəkarlıq məktəbinin ikinci belə bir əsəri yoxdur ki, bütün dünyaya yayılsın.
“Məhəbbət əfsanəsi” Vətəninə qayıtdı. Arif Məlikovun öz dediyinə görə, balet
dünyanın 60 ölkəsində səhnəyə qoyulub. Bu, çox böyük bir rəqəmdir. Mən Arif
müəllimin gözünün önündə böyümüşəm. Hamımız bir evdə – Hüsü Hacıyev küçəsindəki
məşhur “Bəstəkarlar evi”ndə yaşamışıq. Atamın yaxın dostu idi. Uşaqlıqda ona
“Arif əmi” deyirdim, qızı Şirinlə bərabər böyüyürdük. 1989-cu ildə Leninqradda
(indiki Sankt-Peterburq) təhsilimi bitirib dirijor kimi ölkəmizə qayıdanda
artıq Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru kimi çalışırdım. İkinci
konsertin proqramına Arif Məlikovun “Nağıl” simfonik poemasını daxil etdim.
Arif müəllim konsertə gəldi. “Çox sevinirəm, Azərbaycana yeni bir gənc dirijor
gəldi. Təhsilin mükəmməldir”, – deyə məni qucaqladı: “Bundan sonra əsərlərimi
sənə etibar edəcəm” dedi.

– “Məhəbbət əfsanəsi”ni də nəzərdə tuturdu?

– “Məhəbbət əfsanəsi” ilə görüşüm 2000-ci ilə təsadüf etdi. İstanbul Dövlət
Opera və Balet Teatrının dirijoru vəzifəsində çalışırdım. Bir ay orada, bir ay
Bakıda olurdum. Çünki tələbələrim burada idi. Bir gün İstanbulda müdiriyyət
“Nazim Hikmətin “Aşk masalı”nın kompakt diskini yazmaq istəyirik”, – deyə, mənə
müraciət etdi. Orkestr böyük ruh yüksəkliyi ilə məşqlərə başladı. Premyera
keçirildikdən sonra qərara alındı ki, biz əsərin DVD-sini də çəkək. Bakıdan
rejissor Ramiz Həsənoğlu dəvət olundu və onunla əsərin DVD variantını işlədik.
Mən bir dirijor kimi o vaxt artıq “Məhəbbət əfsanəsi”nə vurulmuşdum. Diskləri
götürüb Arif müəllimin yanına gəldim. “Mənim niyə xəbərim yoxdur? Niyə icazə
almamısınız?”, – deyə əvvəlcə sərt reaksiya verdi. “Mən oranın dirijoruyam.
Bunu mən etməsəydim başqa türk dirijoru edəcəkdi. Mənə etibar etdilər” dedim.
“Qulaq asıb fikrimi deyəcəm” söylədi. 2-3 gündən sonra həyətdə görüşdük. “Bunu
sən yazmısan?”, – soruşdu. Bir az pərt oldum: “Əlbəttə, mən yazmışam. Bəlkə
bəyənmədiniz?”, – soruşanda “Əksinə, çox bəyəndim. Çox ideal səviyyədə
hazırlanıb”, – deyə məmnunluğunu gizlətmədi. Onun fikri mənim üçün çox vacib
idi.

Sözsüz ki, “Məhəbbət əfsanəsi”nin səhnəmizə qayıtması uzun vaxt çəkdi. Biz
bilmirdik ki, əlimizdə belə bir inci var. Bir ay gecə-gündüz çalışdıq. Tamaşada
iştirak edənlər, xaricdən gələn qonaqlar “Necə ola bilər ki, 2-3 nəsil bu
baletlə tanış olmayıb?”, – deyə təəccüblənirdilər. Mən onlara cavab verməyə söz
tapmırdım. Qoy bu suala baletin səhnəyə çıxmasına mane olan məmurlar cavab
versin. İsraildən gənə qonaqlar – köhnə bakılılar “Görəndə ki, “Məhəbbət
əfsanəsi”nin afişası vurulub, biz təyyarə biletimizi dəyişdik” deyirdilər. Arif
müəllim çox sərt və düz adam idi. Qorbaçova iclasda “qatil” demişdi. Çətin
xarakterli idi, amma saflığını, vətənpərvərliyini bilən insanlar ona yüksək
qiymət verirdilər. Heydər Əliyev Fondunun baleti səhnəmizə qaytarmaq təşəbbüsü
çox təqdirəlayiqdir. Onların peşəkar komandası 24 saat çalışırdı. Fond baletin
səhnəyə çıxmasına böyük vəsait sərf edib. Artıq o dekorasiyaların, kostyumların
hamısı özümüzdə qalacaq. Bundan sonra bu əsəri öz gücümüzlə – öz balet
ustalarımızın köməyi ilə səhnəyə qoymalıyıq. İndi baleti operanın orkestri üçün
öyrənməliyəm. Oktyabrın 24-də baleti Heydər Əliyev Sarayında yenidən səhnəyə
qoyacağıq. Bu o deməkdir ki, balet artıq repertuara daxil oldu. Teatr təmirdən
çıxandan sonra tamaşanı ildə bir neçə dəfə təqdim edəcəyik. Çünki bu, ölməz
əsərdir.

– Siz eyni həyəcan və qüruru Şuşada – “Xarı bülbül” festivalında “Qarabağ
şikəstəsi”ni ifa edərkən də yaşamışdınız…

– O tarixi gün idi. Bu əsər atamın vəsiyyəti idi: “Mən görməsəm, əsəri Cıdır
düzündə səsləndir” demişdi. “Qarabağ şikəstəsi” vətəninə qovuşdu. Orada mistik
nüanslar vardı. “Qarabağ şikəstəsi” səslənəndə səmada görünən qartalın qanad
çalıb uçması… O kimin ruhu idi? Üzeyir bəyin, Bülbülün, Zülfinin, Süleyman
Ələsgərovun, Vasif Adığözəlovun? Onlar bu günü görmədilər. Arif Məlikov da
Şuşanın azadlığını görmədi. 90-cı ildən sonra atam nə yazıbsa hamısı Qarabağ
mövzusundadır. “Qəm karvanı”, “Qarabağ şikəstəsi” oratoriyası, “Natəvan”
operası, “Şuşam lay-lay” mahnısı. Çünki Qarabağ bizim acımız idi. İndi artıq
qələbələrə alışmışıq. Hər il bir yeni qələbə gözləyirik. Şəhidlərimizin ruhu
qarşısında baş əyirik. Biz Ali Baş Komandanın ətrafında yumruq kimi
toplaşmalıyıq. Mürəkkəb geopolitik bölgədə qrossmeyster olmaq lazımdır. İlham
Əliyev bu tarixi qızıl hərflərlə yazır. Bizim nəsil bunu gördü.

– Sadaladıqlarınızdan Süleyman Ələsgərov, Vasif Adığözəlov, Arif Məlikov kimi
sənətkarlarla müsahibələr etməyim yadıma düşür. Siz isə daha kimləri
görməmisiniz? Bu mənada daha xoşbəxtsiniz…

– Bu, bizim taleyimizdir. Maestro Niyazi sağ olsaydı, bütün dünyanı fəth
etmişdi. Amma bizim dövrümüzdə sərhədlər açıldı. Böyük səslənməsin, mən ilk
azərbaycanlıyam ki, Vyanada Musiqi Akademiyasında təhsilimi davam etdirdim.
Sovet dövründə “Arena de Verona”da azərbaycanlı dirijorun dirijorluq etməsi
kimi ağlına gələrdi? Bu, İtaliyanın ən məşhur və böyük salonu olan arenasıdır.
Biz onu tamaşaçılarla doldurduq. Bu, musiqimizin dünyaya çıxmasıdır. Görəcək
çox işlər var. “Koroğlu”, “Sevil” “Natəvan”, “Yeddi gözəl”, “Min bir gecə”,
“İldırımlı yollarla” kimi əsərləri dünyanın istənilən səhnəsində qoya bilərik.
Hansı bəstəkarlıq məktəbinin belə nümunələri var? Əsl mədəniyyət savaşı bundan
sonra başlayacaq. Biz gərək bütün dünyaya sübut edək ki, mədəniyyətimiz budur,
biz buyuq!

– Dirijor üçün hansı səhnədə olmağın – opera, balet və ya simfonik konsertdə
idarə etməyin kriteriyaları varmı?

– Peşəkar dirijor üçün bu, fərq etmir. Bizim diplomumuzda “opera-simfonik
dirijoru” yazılıb. Əgər dirijor peşəkardırsa, həm operaya, həm baletə, həm
simfonik konsertə dirijorluq edə bilər. Eyni zamanda, həm hərbi orkestri, həm
xor kapellasını idarə etməlidir. Biz “ümumi cərrah”ıq.

– Həm də deyirlər ki, dirijor minaaxtaran kimidir. Bir dəfə səhv etdinsə…

– Səhv eləmək olmaz. Dirijor səhv edən kimi orkestr onu dərhal tutacaq.
Dirijor səhv etdisə, nüfuzu düşür. Texniki nəsə ola bilər, amma
interpretasiyada, əsərin quruluşunda, fikrində, dramaturgiyasında səhv olsa,
onu heç kim bağışlamayacaq.

– Bəs orkestrin çoxsaylı üzvləri ilə münasibətinizi necə qurursunuz?
Kollektivi idarə edərkən demokratiyaya can atırsınız, yoxsa daha çox
diktatorluğu seçirsiniz?

– Qızıl ortanı tapmağa çalışıram. Tam diktator olsan, musiqiçilər sənə nifrət
edəcəklər. Demirəm ki, sevsinlər, amma hörmət olmalıdır. Hörmət olmasa
musiqiçilər əllərindən gələni ortaya qoymayacaqlar. Onda da keyfiyyət
olmayacaq. Bu iki gün ərzində hamı dedi ki, simfonik orkestri tanımaq mümkün
deyildi. 75-80 nəfərin hamısı öz imkanlarından daha yüksək ifa etdi – hamı
ürəyini qoydu. Əgər diktator gəlib orkestrin qarşısında dursa, musiqiçilərlə
sərt rəftar etsə, xətirlərinə dəysə, ifaçı formal çalacaq, sən onu məcbur edə
bilməzsən, həmçinin o həyəcanı da ala bilməyəcəksən. Tam demokratik olmaq da
alınmır, çünki orkestr ordu kimidir. Sən gərək atalıq edəsən. Orkestr ailədir.
Maestro Niyazi orkestrə atalıq edirdi. Çünki Niyazi musiqiçiləri, onlar da onu
sevirdi.

– İşlədiyiniz, çıxış etdiyiniz səhnələrin sayı çoxdur. Özünüzü harada daha
rahat hiss edirsiniz? Yoxsa öz işinin ustası üçün səhnənin fərqi yoxdur?

– Ən doğma səhnə Filarmoniyanın səhnəsidir. Çünki ora mənim ilk səhnəmdir.
1989-cu ildə Vətənə qayıdanda fəaliyyətimə o səhnədə başlamışam. Dörd ay
keçəndən sonra 20 Yanvar hadisələri baş verdi. Taleyimiz dəyişdi. 1991-ci ildə
mən Simfonik Orkestri Moskvaya aparanda 20 Yanvar şəhidlərinin 1-ci ildönümü
idi. “Qarabağ şikəstəsi” oratoriyasını Moskvada ifa etdik. Onda orkestrin
rəhbəri idim və 1998-ci ilə qədər bu vəzifədə çalışdım. 35 il ərzində çox
səhnələrdə çıxışlar etdim. Heç bir səhnə Filarmoniyanın səhnəsi qədər doğma ola
bilməz.

– İşiniz kifayət qədər çoxdur: konsertlər, qastrollar… Pedaqoji işə necə
vaxt tapırsınız?

– Bakıda olanda mütləq auditoriyadayam. Mütləq tələbələrim ətrafımdadır. Çünki
mənə öyrədiblər, mən də öyrətməliyəm. Oğlum konservatoriyaya – dirijorluq
şöbəsinə daxil oldu. Nə qədər mane olmağa çalışdım, alınmadı. Bir tərəfdən
istəyirəm – 4-cü nəsil olacaq. Digər tərəfdən, istəmirəm, kədərlənirəm. Bizim
həyatımız asan deyil…

– Sizin vaxtınızda olduğu kimi tələbələrdə entuziazm varmı?

– Entuziazm var, amma bizim opera simfonik dirijorluq fakültəmiz yoxdur.

– Niyə, yaratmaq çətindir?

– Heç çətin deyil… Ona görə uşaqlar gedib orada-burada oxuyurlar. Gənc
dirijorlarımızın hərəsi bir yerdə təhsil alıb. Xor dirijorluğu fakültəsi var,
opera simfonik dirijorluq fakültəsi yoxdur. Özbəkistanda var, Qazaxıstanda var,
Gürcüstanda var, Azərbaycanda yoxdur. Niyə yoxdur? Cavabını məndən soruşmayın.

– Bu, bilirsiniz hansı suala bənzəyir? Niyə Arif Məlikovun baleti 50 il
Vətəndə səhnəyə qoyulmayıb?

Hər şey keyfiyyətə bağlıdır

– Bizim publikanı necə dəyələndirirsiniz? Məsələn, deyirlər simfonik musiqini
başa düşmək çətindir, insanlar şouya meyl edir və s.

– Klassik musiqi elitardır. Bu, heç vaxt kütlə mədəniyyəti ola bilməz. Bəzən
deyirlər ki, Moskvada konsert zamanı salonlar dolur. Nəzərə almaq lazımdır ki,
Moskvanın əhalisi 20 milyondur. Amma “Məhəbbət əfsanəsi”ndə zalı gördünüz.
Keyfiyyətli tamaşa olsun, səviyyəsi yüksək, dekorları, musiqisi, səsləri gözəl
olsun – görün zal dolur, ya yox. Necə olur “Leyli və Məcnun” 100 ildən çoxdur
səhnədədir?

– Siz tamaşaçıdan çox sənətçiləri qınayırsınız. O mənada ki, tamaşaçıya yaxşı
sənət nümunəsi təqdim etmək lazımdır…

– Mütləq… Hər şey keyfiyyətə bağlıdır. Mən keyfiyyət qurbanıyam. Keyfiyyət
olmayan yerə ömrümdə addım atmaram. Uzun illərdir ki, istədiyimiz dekorları,
kostyumları əldə edə bilmirdik, amma musiqi naminə çalışırdıq. Tamaşaçıya
keyfiyyətli sənət nümunəsi versən, o, həmişə zalda olacaq. Çox maraqlıdır,
bizim bircə dənə klassik musiqi radio kanalımız yoxdur. Bütün dünyada, məsələn,
Baltikyanı ölkələrdə 24 saat çalışan 2-3 klassik musiqi kanalı var. Kanallara
tamaşa edin, hər cür insanları efirə çıxarırlar. Bizim mədəniyyət axı bu deyil.
Hərə öz işini doğru görsə, öz xalqına, Vətəninə layiqincə xidmət etsə, yaxşı
nəticələr də olar. Biz bir iz qoymalıyıq. Bizdən əvvəlki kişilər iz qoyub
gedib, biz də qoymalıyıq…

Source link