Magistraturaya qəbul imtahanından iki nəfər xaric edilib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin
magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul
üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə
isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər üçün müvafiq
olaraq informatika və coğrafiya fənləri üzrə əlavə imtahan keçirilib.
Bu barədə Mərkəzdən bildirilib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda –
Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə
78 binada təşkil olunub. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221
imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı
(mühafizə) cəlb olunub.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim
edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət
göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və
imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata
uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş
etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər
isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və hər iki qayda
pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və
cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq.
Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan
sonra – 6 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, bu gün saat 16:00-da DİM-in “YouTube
məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında
istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Bu gün, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I
ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının
hər ikisini seçmiş abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni
üzrə əlavə imtahan veriblər. Bu imtahanın nəticəsi fevralın 18-də keçirilən
sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.
09:04
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin
magistraturalarına qəbul imtahanı keçirəcək.
Mərkəzdən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı
respublikanın yeddi şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan,
Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi
faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan
sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da
yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin
səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar
imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti üç saat 30 dəqiqədir. İmtahanın başlandığı andan üç saat
sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və
cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara
yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt
verilir.
Qeyd olunan dəyişikliklə əlaqədar imtahan nəticələri iki mərhələdə elan
olunacaq. İmtahandan sonrakı iki-üç gün ərzində qapalı və cavabları
kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan
balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan
iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan
olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi
ilə bağlı müraciətlər qəbul olunacaq.
“İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar
optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən,
cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli
qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar
üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla
tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o
cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə
nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.)
baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam
əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı
düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.
Bir daha xatırladırıq ki, kartı zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri
ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı
hər hansı müraciət qəbul edilməyəcək”, – DİM-dən bildirilib.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar,
kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt,
məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır: “İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş
edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun
vaxtında başa çatdırılmasına mane olur.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın
15‑dən 29-dək aparılıb. İmtahanda iştirak etmək üçün 19 725 bakalavr ərizə
təqdim edib. Onlardan 18 205 nəfər Azərbaycan bölməsi, 1 520 nəfəri rus bölməsi
üzrə imtahan verəcək. Bakalavrlardan 12 713-si cari ilin, 7 012-si isə əvvəlki
illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 55, Sumqayıtda beş, Abşeronda beş, Gəncədə altı,
Naxçıvanda iki, Mingəçevirdə üç, Lənkəranda iki binada təşkil olunacaq. Bakıda
14 331, Naxçıvanda 497, Gəncədə 1 361, Sumqayıtda 1 367, Abşeronda 1 145,
Mingəçevirdə 615, Lənkəranda 409 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1 396
nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq”.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə
gətirməlidirlər:
– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
– “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən
biri olmayan şəxslər imtahana buraxılmayacaq.
İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə
əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binaları yoxlanılır,
zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 10-da imtahan mərkəzləri,
zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş
Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.