927a1e97-1a76-4028-8192-3f8cfdfbb370..jpg

Mahir Emreli: “Transfer dönəmində hər şey ola bilər, mövsüm bitəndə qərar verəcəyik” – MÜSAHİBƏ

Baxış sayı: 508 dəfə baxılıb.

Mahir Emreli: “Transfer dönəmində hər şey ola bilər, mövsüm bitəndə qərar
verəcəyik” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Transfer dönəmlərində hər şey ola bilər. Bəzi futbolçular komandaya gəlir və
tez gedir. Bəziləri uzun müddət qalır və sonra ayrılır. Heç kim bundan
sığortalanmayıb. Hazırda belə bir ehtimal yoxdur. Mövsüm bitdikdən sonra
fikirləşib qərar verəcəyik”.

Bunu Xorvatiyanın “Dinamo” klubunun və Azərbaycan millisinin futbolçusu Mahir
Emreli “Report”un suallarını cavablandırarkən deyib.

26 yaşlı hücumçu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda
qalmasından, Azərbaycana dönəcəyi ilə bağlı iddialardan və “Qarabağ” klubunun
avrokuboklardakı çıxışından danışıb.

– İlk olaraq özünüz barədə danışmağınızı istərdik. Məşqlərə başlasanız da,
sizi yaşıl meydanlarda görmürük. Oynamaq üçün hələlik zamana ehtiyac var?

– Məşqlərə tam olaraq start verməmişəm. Komanda ilə və fərdi hazırlaşıram.
Məşqdə kontakt yoxdur. Komanda futbol oynayanda hələlik onlara qatılmıram. Son
maqnit rezonans tomoqrafiyasının (MRT) cavabını gözləyəcəyik. Hər şey yaxşı
olarsa, kollektivlə birlikdə məşqlərə qoşulacağam.

– Millinin martdakı yoldaşlıq oyunları üçün də adınız siyahıya daxil
edilməmişdi. Baş məşqçi səlahiyyətlərini icra edən Arif Əsədov sizinlə əlaqə
saxladı?

– Bəli. Arif müəllimlə danışığımız oldu. Məsləhət belə oldu ki, burada qalım.
Çünki təlim-məşq toplanışı da keçməmişəm. Formamı bərpa etmək üçün bu qərara
gəldik.

– Yığmanın Monqolustan (1:0) və Bolqarıstan (1:1) ilə matçlarını izlədiniz?
Sizcə, komanda necə təsir bağışladı?

– Yoldaşlıq görüşlərinin rəsmi qarşılaşmalardan fərqi böyük olur. Həm
hazırlıq, həm də futbolçuların psixologiyası baxımından belədir. Məşqçi də
oyunçuları yoxlamağa çalışır. Düşünürəm ki, yetərincə yaxşı təsir bağışlayanlar
oldu. Uşaqlar əllərindən gələni etdilər.

– “Dinamo” UEFA Konfrans Liqasında gözlənilmədən mübarizəni dayandırdı.
Komanda ilk matçdakı 2:0 hesablı üstünlüyü cavab görüşündə (1:5) qoruya
bilmədi. Bu, kollektivə necə təsir edib?

– Belə məğlubiyyətlər komandaya ağır təsir edir. Amma bu, futboldur və belə
hallar yaşanır. Tez toparlanmalı və fikrimizi yerli çempionata yönəltməliyik.
Çünki hazırda hədəfimiz budur. Avrokuboklarda mübarizəyə davam etmək
istəyərdik. Amma başlıca düşüncəmiz yerli liqa olub. Bu titula sahib çıxmaq
növbəti mövsüm üçün yeni hədəflərə doğru getməkdir.

– Son vaxtlar mətbuatda sizin yenidən Azərbaycanda çıxış edəcəyinizlə bağlı
xəbərlər yayılır. Bu iddialara necə cavab vermək istəyərdiniz?

– Bu məlumatlar doğru deyil. Çempionat davam edir. Heç bir transfer görüşü
yoxdur. Mən də zədəmlə məşğulam. Mövsümün sonuna qədər bərpa olunmağa və
oynamaq şansı qazanmağa çalışıram. Bütün diqqətimi buna yönəltmişəm.

– Zədələnməmişdən əvvəl bir neçə ölkə təmsilçisinin gündəmində idiniz.
Ümumiyyətlə, mövsümün sonunda Zaqreb klubundan ayrılmaq ehtimalı var?

– Transfer dönəmlərində hər şey ola bilər. Bəzi futbolçular komandaya gəlir və
tez gedir. Bəziləri uzun müddət qalır və sonra ayrılır. Heç kim bundan
sığortalanmayıb. Hazırda belə bir ehtimal yoxdur. Mövsüm bitdikdən sonra
fikirləşib qərar verəcəyik.

– Son olaraq sabiq klubunuz “Qarabağ”ın cari mövsüm UEFA Avropa Liqasındakı
çıxışı barədə nə deyə bilərsiniz?

– Düşünürəm ki, Azərbaycan futbolu adına yaxşı mövsüm keçdi. Xüsusən də
“Qarabağ” üçün. Ən önəmli qarşılaşmalar da 1/8 final mərhələsində “Bayer 04”ə
qarşı idi. Leverkuzen təmsilçisi hazırda dünyada ən yaxşı formada olan
klublardan biridir. Onlara qarşı bu cür mübarizə aparmaq böyük uğurdur.
Əlbəttə, nəticə də önəmlidir. Hamımız istərdik ki, “Qarabağ”ı növbəti mərhələdə
görək. Komanda hər mövsüm bunu etməyə qadirdir. Məncə, növbəti mövsümdə daha da
güclü olacaqlar və yaxşı nəticə əldə edəcəklər. Klubu ölkə çempionu olmaq
münasibəti ilə də təbrik edirəm.

Source link