922dd92c-a573-4f07-9b05-d47d3899e709..jpg

Mahnının sahibi kimdir: Bəstəkar, ifaçı, yoxsa varis? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 662 dəfə baxılıb.

Mahnının sahibi kimdir: Bəstəkar, ifaçı, yoxsa varis? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə gənc müğənni Zaur Quluzadənin mərhum sənətçi Yaqub Zurufçunun
“Dəniz” mahnısını yeni aranjimanda təqdim etməsi ciddi müzakirələrə səbəb oldu.
Belə ki, mərhum sənətçinin həyat yoldaşı Aynur Zurufçu sözügedən ifa ilə bağlı
etiraz edib və hətta klipin “YouTube” platformasından silinməsinə nail olub.

Beləliklə, bu hadisə mahnı müəllifliyi məsələsini, bir mahnının digər ifaçı
tərəfindən yenidən ifa edilməsi şərtlərini, varislik prinsipini, eləcə də
prosesin necə tənzimlənməli olduğunu gündəmə gətirir.

APA məsələnin aktuallığını nəzərə alaraq, sözügedən məsələni araşdırıb.

Əvvəlcə gənc ifaçı Zaur Quluzadədən “Dəniz” mahnısını ifa etməmişdən öncə
icazə alıb-almadığını soruşduq. Zaur Quluzadənin sözlərinə görə, o, mahnını
oxuduqdan sonra klipi “YouTube” platformasına yükləmək istəyərkən Yaqub
Zurufçunun həyat yoldaşından icazə almağa cəhd göstərib. Lakin qarşı tərəf
icazə üçün danışığı bir xeyli uzatdığından proses baş tutmayıb.

Zaur Quluzadəyə müəlliflik hüququ ilə bağlı Əqli Mülkiyyət Agentliyinə (COPAT)
müraciət edib-etmədiyini soruşduqda isə bu qurumdan xəbərsiz olduğunu bildirib.

Bu göstərir ki, Azərbaycanda müəlliflik hüququ anlayışını heç də hər kəs
lazımi formada bilmir və hüquqi baxımdan hansı məsuliyyəti daşıdığından
xəbərsizdir.

Bu baxımdan, Zaur Quluzadənin mərhum sənətçi Yaqub Zurufçunun “Dəniz”
mahnısına yeni nəfəs verib oxumaq adına etdiyi təşəbbüs incəsənət prizmasından
normal və təqdir olunası məqamdırsa, – bu kimi hallar dünya praktikasında da
mövcuddur, – hüquqi baxımdan icazəsiz formada baş verdiyi üçün həm də
müəlliflik hüququnun pozulması halıdır.

Aynur Zurufçu isə mahnı ifa olunduqdan və klip “YouTube” platformasına
yükləndikdən sonra onunla əlaqə saxlanıldığını deyib. O, bundan sonra həmin
klipi “YouTube”dan sildirməyə nail olub. Lakin bununla məsələ yekunlaşmayıb.
Daha sonra klip başqa kanallar vasitəsilə məlum platformaya yüklənib.

Aynur Zurufçunun fikirlərindən çıxan nəticə onu deməyə əsas verir ki,
sözügedən mübahisəli məqam hələ də həllini tapmayıb. Bu mənada, növbəti
sualımız Yaqub Zurufçunun mahnılarının Əqli Mülkiyyət Agentliyində qeydiyyata
alınıb-alınmaması ilə bağlı olub.

Aynur Zurufçu suala cavabında sırf bu hadisədən sonra Əqli Mülkiyyət
Agentliyinə müraciət etdiyini və “Dəniz” mahnısı üçün şəhadətnamə aldığını
bildirib.

O, mərhum sənətçinin digər mahnılarının da şəhadətnamələrinin alınması üzrə
prosesin davam etdirildiyini əlavə edib.

Prosesin bura qədərki hissəsi, yuxarıda da qeyd etdiyimiz kimi, tərəflərin hər
ikisinin müəlliflik hüququnun sənədləşdirilməsinin vacibliyindən xəbərsiz
olduğunu deməyimizə əsas verir. Yəni Aynur Zurufçu mərhum sənətçinin
mahnılarının varisidirsə, o zaman bu, rəsmi formada da sənədləşdirilməlidir.
Eləcə də Zaur Quluzadə “Dəniz” mahnısına yeni nəfəs verirdisə, mütləq formada
prosesin hüquqi tərəfini də nəzərə almalı idi. Hər iki məqamda axsaqlıq olduğu
üçün ortaya bu formada mübahisəli məqamlar çıxıb.

Musiqi tənqidçisi, professor Zümrüd Dadaşzadə mövzu barədə o fikirdədir ki,
ümumiyyətlə, musiqinin sahibi mütləq şəkildə bəstəkardır.

“Çünki o, mahnını ərsəyə gətirən şəxsdir, ifaçı isə bu mövzuda, sadəcə,
vasitəçidir. Yəni bədii məhsul bəstəkar tərəfindən yaradılır. Təsəvvür edin,
Motsartın bəstəsini kimsə ifa edə və ona sahibi ola, belə şey mümkündürmü?
Yaxud Azərbaycan Simfonik Orkestri desin ki, Xalq artisti Aqşin Əlizadənin
simfoniyasını bizdən başqa heç kəs ifa edə bilməz. Bu, mümkünsüzdür. Əlbəttə,
bəstəkar əsəri yaradıbsa, hər hansı başqa şərt qoymayıbsa, məncə, o özü də
istəyər ki, əsəri başqaları tərəfindən ifa olunsun”.

Professor illər öncə mərhum Xalq artisti İlhamə Quliyevanın efirlərin birində
müəlliflik məsələsi ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq əlavə edib
ki, mahnıları yaşadan onların ardıcıl ifa edilməsidir:

“Heç vaxt yadımdan çıxmaz, mərhum bəstəkar Fikrət Əmirov haqqında televiziya
verilişlərin birində mərhum Xalq artisti İlhamə Quliyeva çıxışı zamanı
bildirmişdi ki, bəstəkarın onun üçün yazdığı mahnılar məhz onun şəxsi
mülkiyyətidir və ondan başqa heç kim ifa edə bilməz. Mən elə hesab edirəm ki,
bu doğru deyil. Çünki Fikrət Əmirov kimi bir bəstəkarın mahnıları mütləq
şəkildə davamlı olaraq ifa olunmalıdır. İlhamə Quliyeva çox gözəl ifaçı idi,
doğrudur və o, ifa etdiyi həmin mahnılara öz möhürünü vurmuşdu, amma mahnılar
yaşamalıdır. Və gələcək nəsillər də öz dünyagörüşünə uyğun olaraq yeni cizgilər
əlavə edərək o mahnıları ifa etməlidirlər. Ona görə belə bəyanatlar bir qədər
təəccüb doğurur”.

Zümrüd xanımın İlhamə Quliyeva barəsində xatırlatması mövzumuzun bu yerində
əsl yerinə düşür. Çünki ifaçı hər zaman özünün ifaları ilə bağlı bu kimi
ajiotaj yaradan çıxışları tez-tez edirdi. Yəni o, bir növ, özündən sonra öz
mahnılarının ifasına qətiliklə qarşı çıxırdı. Amma biz İlhamə Quliyevanın
vəfatından sonra müğənni Zamiqin onun “Kaman”, “Neylərsən?” kimi çox populyar
mahnılarını ifa etməsinin şahidi olduq. Eləcə də Zamiq Akif İslamzadənin “Ala
gözlüm” mahnısını da yeni aranjemanda təqdim edib. Bəs sual olunur: Zamiq bu
ifalar üçün icazə alıbmı?

Müğənni Zamiq sualımıza cavabında vurğulayıb ki, mərhum Xalq artisti İlhamə
Quliyevanın “Kaman” mahnısını oxumaq üçün icazə almayıb:

“Çünki mən o bəstəni ifa edəndə artıq İlhamə xanım dünyasını dəyişmişdi. Lakin
nəğmənin bəstəkarı, Xalq artisti Faiq Sücəddinov mənim ifamı eşidəndən sonra
zəng edib təşəkkür etdi ki, nə yaxşı ki, bu mahnını yenidən dirçəltdik. Yeni
nəfəs verdik”.

Zamiq sözügedən mahnını ifa etməsinin tarixçəsinə də toxunub:

“Kaman” mənim üçün bir gecənin içində ərsəyə gələn əsərdir. Biz ona ikinci
həyat verdik, sanki yenidən sevilməyə başladı. O mahnını mərhum sənətkarımız
İlhamə Quliyevadan sonra oxumaq, əlbəttə, çətin idi. O nəğmə, sözün yaxşı
mənasında, mənim başqa tərəfimi göstərdi. Bir gün mənə zəng gəldi ki, İlhamə
xanımın xatirəsinə albom həsr olunur. O albomda bir neçə ifaçının səsi yer
alacaq. İstərdik ki, biri də siz olasınız. Hansı mahnını dedim, dedilər, o,
artıq seçilib və oxunub. Dedim, təklif olunubsa, bu təklifi geri çevirmək
olmaz. Axşam İlhamə xanımın sənət arxivini özüm üçün araşdırdım. “Kaman” çıxdı
qarşıma. Musiqi çox ürəyimə yatdı və gecə ilə o mahnını hazırladıq, albom isə
artıq sabah yazılacaqdı”.

İfaçı son dövrlərdə ifa etdiyi “Ala gözlüm” mahnısının da kifayət qədər
bəyənildiyini əlavə edib.

“Akif İslamzadənin repertuarından “Ala gözlüm”ü isə klassik musiqi kimi ifa
edirik. Hər kəs kimi. İfa edəndən bir neçə ay sonra Akif müəllimlə görüşdük.
Oturub çay içib söhbət edəndə mənə təşəkkür etdi. Dedi, sənin ifanda çox
bəyənmişəm. Çox gözəl ifa etmisən”, – müğənni fikirlərini tamamlayıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, mərhum sənətçi İlhamə Quliyeva Fikrət
Əmirovun onun ifasında səslənən bəstələrini özündən başqa kiminsə ifa etməsini
istəmirdi. Bu məsələ həm də mahnı müəllifliyi məsələsində bəstəkar və müğənni
arasındakı ikitərəfliliyi gündəmə gətirir. Yəni bir mahnı bəstələndikdən sonra
hər hansısa bir ifaçı tərəfindən oxunur. Bəs həmin mahnının müəllifliyi necə
tənzimlənir? Məsələn, o qədər də uzaq keçmişdə olmayan hadisələrdən biridir ki,
bəstəkar Aygün Səmədzadə çox məşhur “Məktəb illəri” mahnısını ifa etməyi elə
mahnını öz ifasında sevdirən Lalə Məmmədovaya qadağan etmişdi.

Bu mənada, sualımıza cavabı bu dəfə hüquq müstəvisində axtarırıq.

Hüquqşünas Vüsalə Muradxanlının sözlərinə görə, bəstəkarın bir mahnının
ifasını qadağan etməsi müxtəlif səbəblərə əsaslanır. Bu, əsasən, müəllif
hüquqları, müqavilə şərtləri və icraçının əsərləri təqdim etmək üçün aldığı
lisenziyalarla bağlıdır:

“Məsələyə müəllif hüquqları maddəsi kontekstindən yanaşsaq, o halda, bəstəkar,
mahnının müəllifi kimi hüquqlara malikdir. Bu hüquqlar əsərin yayımlanması,
ifası, çoxaldılması və tərcümə edilməsi kimi fəaliyyətləri əhatə edir.
Bəstəkarla müğənni arasında xüsusi bir razılaşma varsa və bu razılaşma müəyyən
şərtlərə tabe edilirsə, o, mahnının ifasına qadağa qoya bilər”.

Hüquqşünas bu kimi mübahisəli məqamlarda Müqavilə Şərtləri və İcra Hüquqları
və Lisenziyalar maddələrini də əsas gətirib:

“Bəstəkarla müğənni arasında mahnının ifası ilə bağlı müqavilə olmuş ola
bilər. Bu müqavilədə bəstəkarın mahnının bəlli bir dövrdə və ya bəlli şərtlər
altında ifa edilməsini məhdudlaşdıran şərtlər müəyyən edilmiş ola bilər.
Müqavilə şərtlərinin pozulması halında, bəstəkar ifanı qadağan etmə hüququna
malikdir.

Digər tərəfdən, müğənni və ifaçılar əsərləri ifa etmək üçün müvafiq
lisenziyalara malik olmalıdırlar. Bu lisenziyalar müəyyən müddətə və ya müəyyən
şərtlərə tabe ola bilər”.

Yuxarıda qeyd edilən məqam hazırda həyatda olan bəstəkar və ifaçı arasında
mümkün problemlərə və onların həlli istiqamətinə işıq tutur. Amma aydın
məsələdir ki, bəstəkarın vəfat etməsindən sonra da onun mahnılarına müraciət
edilməsi mümkündür. Belə olan halda icazə faktoru qüvvədən düşürmü?

Məsələn, mərhum bəstəkar Xalq artisti Elza İbrahimovanın qardaşı Çingiz
İbrahimovun dəfələrlə televiziyada bu mövzu ilə bağlı çıxışlarını görmüşük. O,
Elza İbrahimovanın bəstələrinin varisi olduğunu bildirib və bunu tamamilə
qanuni formada reallaşdırdığını əlavə edib. Biz də araşdırmamızın bu yerində
Çingiz İbrahimovun fikirlərini soruşduq:

“Bunun üçün mütləq şəkildə Əqli Mülkiyyət Agentliyindən sənəd olmalıdır. Heç
kəs bu sənəd olmadan varis olduğunu iddia edə bilməz, çünki bu, hüquqi baxımdan
yanlışdır”.

Çingiz İbrahimovun sözlərinə görə, Elza İbrahimovanın bəstələrinin varisi
olması ilə bağlı bütün sənədləşmə işlərini həyata keçirib:

“Məsələn, siz məndən soruşsanız ki, Elza xanım “Ey vətən”in müəllifidir və siz
hazırda bu bəstənin varisisinizmi? Mənim cavabım qəti şəkildə “bəli” olacaq.
Çünki bu mahnı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdadır. Belə olan halda, həm
bəstəkarın, həm də hətta şeir kimə həsr olunubsa, onun adı belə not üzərində
qeyd olunur”.

Bəs, görəsən, prosesin bu hissəsi barədə qanunvericilik nə deyir? Vəfat etmiş
şəxsin ifa etdiyi mahnının müəlliflik hüququ kimə məxsusdur? Ümumiyyətlə,
ifaçının ailəsi özünü həmin mahnı və mahnıların varisi kimi təqdim edə bilərmi?

Yenə də suallarımıza cavabı hüquqşünas Vüsalə Muradxanlı verir.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda müəlliflik hüququ mahnının
yaradılması anından etibarən müəllifi müddətsiz müdafiə etməyə haqq verir: “Və
bunun üçün heç bir qeydiyyat tələb olunmur. Yəni bu proses avtomatik olaraq
formalaşır. Bu da onu deməyə əsas verir ki, mahnının müəllifi mahnını yaradan
şəxs kimi tanınır. Müəlliflik hüququ, əsasən mahnının yayılması, “YouTube”
kanallarına yerləşdirilməsi, yaxud hansısa klipinin televiziyada təqdimi
formasında qələmə verilir və müəllif öz əsərinin istifadəsi üçün 3-cü şəxsdən
icazə almaq və ya müəyyən hallarda onun mahnısını kimsə oxumaq istəyirsə, haqq
da ala bilər”.

Bu fikirlərdən çıxan nəticə onu deməyə əsas verir ki, hansısa bir müəllif
mahnını yaradırsa (onu bəstələyir, yaxud ifa edirsə), bundan sonra onun sırf bu
əsər üzərində müəllifliyini təsdiq etdirmək üçün qeydiyyata ehtiyac olmur.
Dolayısı ilə “Dəniz” mahnısını Yaqub Zurufçu ifa etdiyini andan etibarən
avtomatik olaraq onun müəllifinə çevrilib və o mahnını başqa birinin ifa etməsi
halında birinci şəxsdən icazə alması mütləqdir.

Amma bizim mövzu ətrafında araşdırma aparmağımıza yol açan məsələdə mahnının
müəllifi həyatda yoxdur. Belə olan halda prosesin hansı formada cərəyan
etdiyinə yenə də hüquqşünas cavab verir:

“Müəlliflik hüquqları bir şəxs vəfat etdikdə onun vərəsələrinə ötürülür. Bu,
müəllifin ölümündən sonra Azərbaycan qanunlarına əsasən 70 il qüvvədə qalır.
Əgər 70 il müddətində onun vərəsələri heç bir iddia qaldırmırlarsa, onun
etibarı avtomatik olaraq bitmiş sayılır. Əgər Yaqub Zurufçunun həyat yoldaşı
onun vərəsəsidirsə, ondan qalan mahnıları ifa etməklə bağlı bütün proseslər ona
aiddir. Yəni müəllifin vərəsələri hüquqlarını müdafiə etmək üçün lazımi
tədbirlər görə bilərlər. Belə ki həmin mahnını icazəsiz oxuyan şəxsləri şikayət
edə, məhkəməyə verə və hətta maddi kompensasiya tələb edə bilərlər”.

Vüsalə Muradxanlı onu da əlavə edib ki, müəllifin vərəsələri ilə mahnını ifa
etmək istəyən şəxs arasında yazılı razılaşma olur və bu razılaşmada ödənişli və
ya təmənnasız razılıq verildiyi mütləq qeyd edilir: “Razılıq əldə olunduqdan
sonra mahnını ifa etmək istəyən şəxsə səlahiyyət vermiş olur”.

Bütün bu sadalananların yekunu kimi prosesə, birmənalı şəkildə, cavabdehlik
daşıyan qurumun da qapısını döydük. Əqli Mülkiyyət Agentliyindən sorğumuza
verilən cavabda bildirilib ki, qeyd edilən mahnı (Yaqub Zurufçunun “Dəniz”
mahnısı) açıqlanmış əsərdir və ifaçılar tərəfindən bu əsər müəllifinin hüququna
riayət etmək şərti ilə ifa edilə bilər:

“Bu halda mahnının müəlliflərinin adları mütləq şəkildə qeyd edilməlidir. Onu
da qeyd etmək lazımdır ki, mahnının müəllifləri və ifaçı arasında hər hansı
mübahisə olduğu halda, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun
45-ci maddəsinin 1-ci bəndinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların
sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər”.

Beləliklə, mövzu ətrafında fikirlərimizi yekunlaşdırası olsaq, birinci
növbədə, qeyd edilməlidir ki, Azərbaycanda müəlliflik hüququ anlayışı ilə bağlı
kifayət qədər bilgisizlik mövcuddur. Müəlliflik hüququ anlayışı təkcə mahnı
bəstəsi və ifasını özündə ehtiva edən proses deyil. Əqli mülkiyyətlə bağlı
bütün bu kimi məsələlər özlüyündə müəlliflik hüququ prinsipini saxlayır ki, bu
da tez-tez yuxarıdakı formada mübahisəli məqamların, məhkəmə çəkişmələrinin
ortaya çıxmasına səbəb olur.

Tamaşaçı sevgisini qazanmış bir mahnıya yeni nəfəs verməkdə, onu təzə
aranjemanda təqdim etməkdə, əlbəttə ki, problem yoxdur. Biz bu kimi halları
dünya praktikasında dəfələrlə görmüşük. Sadəcə, işin həssas tərəfi təkcə
tamaşaçını razı salmaqla yekunlaşmamalıdır. Çünki sadalanan qanuni tərəfləri
bir qırağa qoysaq, mahnı müəllifindən, yaxud ən pis halda, onun yaxınından
(hüquqi dildə varisindən) icazə almaq, ən azından, etik prizmadan arzuolunandır.

Source link