Hazırda Berlindəyəm. Doğum günümü ailəm, dostum Roman Pavlyuçenko və onun ailəsi ilə birlikdə qeyd edəcəyəm. Qırx illik yubileyimi doğma şəhərim Berlində, yaxın dostlarımın, ailəmin əhatəsində keçirmək qərarına gəlmişəm. Berlində futbol oynamışam, burada evim var. Əvvəllər doğum günümü Makedoniyada, Bakıda, Moskvada da qeyd etmişəm, amma qırx yaşımı Berlində keçirmək istədim.
ÇıxışYolu.Com xəbər verir ki, bunu bu gün qırx yaşını qeyd edən “Neftçi”nin veteran futbolçusu İqor Mitreski verdiyi müsahibədə bildirib.
Kiprin APOEL komandası ilə oyunun onun karyerasında ən unudulmaz matçlardan biri olduğunu bildirən makedoniyalı sabiq futbolçu flaqmanla bağlı xatirələrindən danışıb:
“Digər keçmiş komandalarım kimi, “Neftçi” də mənim üçün böyük tarixdir. Dahi məşqçilərdən biri mənə deyib ki, həmişə iki klubu daha çox xatırlayırsan – karyerana başladığını və karyeranı bitirdiyini. Beynəlxalq karyerama “Spartak”da başlamışam, “Neftçi”də bitirmişəm. Almaniyada, Ukraynada, İsraildə, Makedoniyada oynamışam, milli komandanın kapitanı olmuşam, amma “Neftçi”nin yeri başqadır. Çünki karyeramı burda – üç dəfə çempionatın, iki dəfə isə kubokun qalibi olduğum komandada başa vurmuşam.
“Neftçi” mənim üçün təkcə tarix deyil, doğma klubdur. Bakı isə doğma şəhərdir. Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədir. İndiyədək “Neftçi”yə azarkeşlik edirəm”.
Qeyd edək ki, mərkəz müdafiəçisi olmuş İqor Mitreski 2010-2014-cü illər ərzində “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının (2011, 2012, 2013) və kubokunun (2013, 2014) qalibi olub. O, Makedoniya milli komandasının heyətində yetmiş oyunda bir qola imza atıb.
Səbuhi MUSAYEV