İrlandiyalı qarışıq növlər üzrə (MMA) döyüşçü Konor Makqreqor hücumda ittihamla əlaqədar oktyabrın 11-də məhkəmə qarşısında dayanacaq.
Bu barədə “Independent.ie” yazır.
31 yaşlı idmançı cari ilin aprelində barda yaşlı adama hücuma görə cavab verməli olacaq. Makqreqor altı ay müddətinə azadlıqdan məhrum edilə və 1500 avro (2808 manat – Red.) məbləğində cərimələnə bilər.
Xatırladaq ki, avqust ayında sosial şəbəkələrdə barda quraşdırılmış müşahidə kamerasından çəkilmiş video yayılıb. Kadrlarda Makqreqor bara gələn adamlardan birinə hücum edir. Belə ki, kişi Makqreqorun “Proper Twelv”e markalı viskisini içməkdən imtina etdikdən sonra döyüşçü özündən çıxır.
Makqreqor dəfələrlə qanunla problemlər yaşayıb. Belə ki, mart ayında idmançı onun şəklini çəkməyə çalışan fanatın telefonunu sındırıb. Tərəflər məsələni məhkəmədən kənar həll edə biliblər.
Qeyd edək ki, Makqreqor iki fərqli çəki kateqoriyasında UFC çempionudur. O, 21 dəfə qələbə çalıb, dörd dəfə məğlub olub.