da28aa81-65b1-424b-8716-d9c93d7c763a..jpg

Makron da Paşinyana “ağıllı ol” deyir: Moskva-Paris oyunu, Bakının beynəlxalq qüvvələrə baxış tərzi – TƏHLİL

Baxış sayı: 857 dəfə baxılıb.

Makron da Paşinyana “ağıllı ol” deyir: Moskva-Paris oyunu, Bakının beynəlxalq
qüvvələrə baxış tərzi – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin üzvü olduğu Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının öləziyən gücündən istifadə edə bilmədi və
bu onu sürətlə yenidən Qərbin qucağına doğru sürüşdürdü.

Onsuz da KTMT nə Azərbaycan-Ermənistan sərhədinə, nə də Qarabağa birləşmiş
kontingent göndərmək arzusu ilə alışıb-yanır, ola bilsin ki, təşkilatın patronu
Rusiya haradasa qoşun yollamaqda maraqlı tərəf kimi çıxış etsin.

KTMT-nin öz üzvü olan Ermənistana vahid vücudun orqanlarından biri kimi
yanaşmaması İrəvan üçün göydəndüşmə bəhanələr zənciridir.

Əlqərəz, KTMT-nin köməyindən məhrum olan Ermənistan Qərbə üz tutaraq yalvarıcı
tərzdə xahiş edir ki, onlar sərhədə və ya Qarabağa qoşun göndərsinlər.

Regionda hərbi canfəşanlıqla bərkiyən Rusiya bunu özünün “qırmızı xət”lərinə
meydan oxumaq kimi başa düşür, özü də belə təklifi səsləndirən forpost ölkə
olduğundan Moskvanın İrəvana qəzəbi lap zilə qalxır.

Paşinyan, onsuz da, Ermənistanın hələ münaqişə zamanından bəri ürəyində arzu
kimi saxladığı tezisi dilə gətirir, prinsipcə, onun NATO sülhməramlı
kontingentinin bölgəyə gəlməklə bağlı xəyalı yeni fikir deyil.

Ancaq Moskva Rusiya-Ukrayna müharibəsinin Qərblə rəqabətdə özü üçün hansı
nəticələr “bəxş edəcəyini” götür-qoy edir. Rusiya buna görə də Cənubi Qafqaza
münasibətdə ovcunun içi kimi tanıdığı regionda maraqlarını yüksələn tempdə
saxlamaq istəyir ki, digər bölgələrdəki itkiləri bura ilə kompensasiya etsin.

Yəqin ki, Cənubi Qafqaz teatrında Rusiyanın Qərb qarşısında həlledici
məğlubiyyətindən danışmaq düz olmaz, hərçənd ki, Moskvada ehtiyatlılıq həmişə
aktual xətt kimi saxlanılır.

Ukraynadakı müharibə Moskvanın bu ehtiyatlı mövqeyini bir qədər gücləndirir və
hikkəli ambisiyalarının Qafqazdakı dövrə vurmaq qabiliyyətini çoxaldır.

Azərbaycan qarşısında məğlub Ermənistan isə Rusiyanın orbitindən qaçaraq Qərb
dövlətlərinin sülhməramlı qüvvələrinin regiona gəlişini arzu edir.

Özü də Paşinyan Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya
sülhməramlı kontingentini yuxarı qaldırıb yerə çırparaq bunu etməyə çalışır,
görəsən, o düşünürmü ki, Moskvanın cavabı necə olacaq?

Paşinyanın beyin yarımkürələri ona hansı düşüncələri verir – bunu təsbit etmək
çətindir, ancaq ümumi fonu bir informasiyanın izi ilə qurdalasaq, görürük ki,
cənab baş nazir ya yanıldığını dərk etmir, ya da oyun oynayır.

Ermənistanın Rusiyanın qapazı altında olması Qərbin dərin strateji cövhəri
üçün zərərli meyil deyil.

Çünki bu, Qərbə İrəvan vasitəsilə Moskvanın planlarını öyrənməyə münbit şərait
yaradır.

Lakin burada hərə öz oyununu oynayır və mat vəziyyətdə qalan Ermənistan olur,
bu mənada ki, İrəvanın Fransaya bel bağlaması da nəticəsiz qalır.

Ona görə ki, Fransa Rusiyanın Qərbdəki “agenti” kimi ad çıxarmağa namizəddir,
çünki Ukraynadakı münaqişəyə baxmayaraq, Moskvanın Parislə əlaqələri elə də pis
vəziyyətə düşməyib.

Bu, Rusiyaya imkan tanıyır ki, Fransaya sığınaraq kükrəyən Ermənistanın
planlarını Parisdən öyrənsin, bunun müqabilində Kreml Qərbdəki gizli
müttəfiqinə də Cənubi Qafqazda güzəştlər tanıyır.

Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ikincinin
yanında aşırı qərəzlə dayanması Rusiyanın ona “sənə imkan yaradıram,
maraqlarını təmin etməyə çalış” dediyinin indikatoru kimi şərh edilə bilər.

Ancaq Rusiya Fransanı elə bir həddə qədər buraxır ki, o, regiona NATO
sülhməramlılarının gəlişi mövzusunda Moskvaya qarşı cəbhədə dayanmasın.

Artıq çıxan bir informasiya bu fikri təsdiqləyə bilər. Ermənistan mediasının
məlumatına əsasən, Fransa lideri Emmanuel Makron Nikol Paşinyanla danışıqlarda
ona çatdırıb ki, İrəvan KTMT-dən çıxmamalıdır, ABŞ-nin Ermənistandakı səfirinin
də baş nazirə eyni tövsiyəni etdiyi bildirilir.

ABŞ-nin adının da informasiya axınında hallanması yuxarıda dediyimiz tezisi
qabarda bilər – Vaşinqton da İrəvanın Rusiyadan tam qopmasında maraqlı deyil.

Mövzunu Azərbaycanın nə istədiyi üzərinə gətirərək sonlandırmaq istərdik.
Beləliklə, Azərbaycan:

1. Rusiya sülhməramlılarına etiraz etsə də, bura Moskva ilə daban-dabana
ziddiyyətdə olan NATO-nun qoşun yeritməsinə imkan verməməyə çalışır. Çünki iki
ziddiyyətli strateji maraqları olan qüvvənin hərbi kontingentinin regionda eyni
anda mövcudluğu sülhyaratma prosesi üçün ciddi əngəllərdən birinə çevrilə bilər,

2. Türkiyə ilə strateji müttəfiqlik maraqlarından irəli gələn tezislər üzrə
hərəkət edir və Ankaranın regionda tarazlayıcı qüvvə kimi güclənməsinə yardım
edir,

3. NATO qüvvələrinin regiona gəlişi üçün şəraitin yetişmədiyini düşünür. Çünki
NATO qüvvələri regiona ancaq bu halda gələ bilər: Rusiya qoşunları regiondan
çıxır və sülh üçün təhdidlər qalır.

Amma bu versiya üzrə inandırıcılıq dərəcəsini artırmağa arqument yoxdur, çünki
Kreml qoşunlarını çıxarsa belə, ona rəqib gücün regionda meydana çıxmaması üçün
min bir oyundan çıxar;

4. Həm Rusiya, həm də Qərblə təmasları intensivləşdirərək bölgə üçün təhlükəli
tendensiyaların önlənməsində təşəbbüskar kimi çıxış edir.

Aqşin Kərimov

Source link