039d5370-1ca6-4434-a657-b8adf4b89b9c..jpg

Makron-Paşinyan “dostluğu”: avantüristləri acı aqibət gözləyir – ŞƏRH + FOTO

Baxış sayı: 429 dəfə baxılıb.

Makron-Paşinyan “dostluğu”: avantüristləri acı aqibət gözləyir – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan dost və müttəfiq seçimində hər zaman yanılıb. Son illər baş
verənlər də bunun təsdiqidir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal
altında saxlayan təcavüzkar ölkə ümid edirdi ki, bu siyasətini sonsuzluğa qədər
davam etdirə biləcək. Amma İrəvanın planları 44 günlük müharibə ilə alt-üst
oldu. Əsas himayədarı ondan üz döndərdi və nəticədə biabırçı məğlubiyyətlə
üzləşdi. Lakin baş nazir Nikol Paşinyan və hökuməti baş verənlərdən nəticə
çıxarmaq əvəzinə, yenə də revanşizm siyasətini davam etdirməkdədir. İrəvan
hesab edir ki, min kilometrlərlə uzaqda yerləşən himayədarlarının köməyi ilə
vəziyyəti dəyişə bilər. Söhbət Fransa başda olmaqla bir sıra ölkələrin riyakar
və qərəzli anti-Azərbaycan siyasətindən gedir.

Maraqlıdır ki, ermənilər arasında bu “dəstəyin” əsl mahiyyətini anlamağa
çalışan şəxslər də tapılır. Məsələn, Ermənistanda fəaliyyət göstərən
“Demokratik alternativ” Partiyasının sədri Suren Surenyantsın “X” hesabında
yazdıqları rəsmi Parisin çirkin və riyakar siyasətinin əsl mahiyyətini ortaya
qoyub. O söyləyib ki, Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun
yaxınlaşmasının kökündə erməni-fransız dostluğu deyil, iki liderin avantürası
dayanır: “Ermənistan-Fransa “dostluğu” sadəcə maraqlar üzərində qurulub,
müvəqqəti haldır. Nikol Paşinyanın Parisə səfərinin dəfnlər və təkrar
basdırılmalardan ibarət olması da təsadüfi deyil”.

E.Makronun Avropa İttifaqı ölkələrinin hərbi heyətinin Ukraynaya
göndərilməsini şərh edən partiya sədri bildirib ki, xoşbəxtlikdən bu avantürist
ideya Qərbdə ciddi müqavimətlə üzləşib. NATO bu ideyaya qarşı çıxıb, Almaniya
rəhbərliyi isə Fransa prezidentinin fikirlərini sərt tənqid edib.

Partiya sədrinin bu qalmaqallı açıqlaması nədən xəbər verir? Artıq erməni
cəmiyyətində növbəti dəfə onlardan istifadə olunduğu qənaəti güclənir, anlamağa
başlayırlar ki, bunların arxasında heç də ermənilərin halına yanmaq duyğusu
durmur. Bəllidir ki, Rusiya tarixən ermənilərə dəstək verib, dövlətlərinin
qurulmasında əvəzsiz rol oynayıb. Bu dəstəyin miqyası əvəzolunmazdır. SSRİ-nin
dağılması ilə münasibətlər daha da güclənib, Kreml 90-cı illərin əvvəlində
Qarabağ və ətraf ərazilərin işğal olunmasında İrəvana hərbi və siyasi dəstəyini
göstərib. Siyasi və iqtisadi asılılıq o həddə çatıb ki, Rusiya Ermənistanı
hətta Cənubi Qafqazda forpostu adlandırıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən
sonra anti-Rusiya əhvali-ruhiyyəni gücləndirməsi ilə münasibətlərdə soyuqluq 44
günlük Qarabağ müharibəsində Kremlin bitərəf qalmasına gətirib çıxardı.
Ermənistan ümid edir ki, ağasını dəyişməklə, mövcud vəziyyəti dəyişəcək. Son
vaxtlar anti-Rusiya əhvali-ruhiyyənin artması da bundan qaynaqlanır. E.Makron
hakimiyyəti N.Paşinyanın dəstəyi ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa
çalışır. Hədəf hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından
çıxmaqdır. Növbəti hədəf isə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan
çıxarılmasıdır.

Yeri gəlmişkən, bu iddianı elə erməni mediası qaldırır. “Qolos Armenii” yazır
ki, E.Makron Rusiya hərbi bazasını fransız legionu ilə əvəzləməyə çalışır.
Səbəb kimi də, Fransa rəhbərinin Avropa İttifaqı ölkələrinin Ukraynaya
göndərilməsinin mümkünlüyü barədə avantürist açıqlaması göstərilir. E.Makron da
Rusiyaya qarşı təkbaşına hərəkət etmir, əsas dəstəyi Vaşinqtondan alır.
Rusiyalı analitiklər hesab edir ki, Moskva Parisə Afrikada cavab verə bilər.
Qitədən artıq Fransa biabırcasına qovulur, əvəzində Rusiya orada güclənir.
Cənubi Qafqazda Fransanın addımlarını zəiflətmək üçün Kreml digər bir
istiqamətdə də Şimali Kipr və Türkiyə ilə münasibətləri gücləndirməyə çalışır.
Hətta Moskva Şimali Kiprlə münasibətləri genişləndirmək, Lefkoşada nümayəndəlik
açacağını da deyib.

Fransanın, daha dəqiq ifadə etsək, E.Makronun canfəşanlığı, saxta erməni
sevgisi də elə belə deyil. Əvvəla, Fransa rəhbəri üçün ölkə daxilində və
xaricində itirdiyi nüfuzunu bərpa etmək həyati əhəmiyyət kəsb edir. Daimi
uğursuzluqlar onu addım-addım izləyir. Rusiya siyasi dairələrində hesab edirlər
ki, E.Makron bunda Kremli günahkar bilir, əsas düşməni və xarici siyasətdə
uğursuzluqlarının baiskarı hesab edir. Parisin İrəvanı öz nüfuz dairəsinə cəlb
etmək cəhdi də bundan qaynaqlanır. Ukraynaya Aİ hərbi kontingentinin
göndərilməsi barədə bəyanatı da bunun tərkib hissəsidir.

İkincisi, E.Makronun imicinə ciddi təsir edən insidentlərdən biri əvvəl
Azərbaycanda, sonra isə Türkiyədə faş edilən casus şəbəkəsinin ifşasıdır.

Üçüncüsü, digər mühüm bir məsələlərdən biri məhz E.Makronun idarəçiliyi
dövründə Fransanın neokolonializm siyasətinə qarşı beynəlxalq hərəkat atıb.
Neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupu buna əyani misaldır. Təsadüfi deyil
ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində neokolonializm
məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, neokolonializmi və o eybəcər
tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini
göstərir və bundan sonra da göstərəcək. Prezident vurğulayıb ki, Bakıda
“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən
konfransının yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə
mühüm əhəmiyyət kəsb edir. Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə,
cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq
müstəvidə yeni və kəsərli mübarizə başlayır.

Beləliklə, ermənilər anlamağa başlayır ki, E.Makronun ermənilərə dəstəyinin
arxasında əslində şəxsi maraqlar dayanır. Artıq daha çox erməni də bunu dərk
etməyə başlayıb.

“Report” İnformasiya Agentliyi

Source link