fb94e4bf-4bd3-4d48-afbe-c21a62e7d7ca..jpg

Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır – TƏHLİL + FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın
üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi
təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac
olacaq.

Fransanın daxili və xarici siyasətdə uğursuzluqları səngimir. Yay Olimpiya
Oyunları ərəfəsində keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb. Fermerlər
hökumətin aqrar sahədə apardığı islahatlara qarşı çıxır, yolları bağlayır,
hakimiyyəti sərt tənqid edirlər.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xarici siyasətdə də vəziyyət fərqli deyil

Xarici siyasətdə də vəziyyət daxildən fərqlənmir. Bir vaxtlar müstəmləkəsi
olduğu ərazilərdən biabırcasına qovulan Yelisey sarayı böyük gəlirlərdən məhrum
olub. Müstəmləkələrin talanması ölkə büdcəsinə milyardlarla dollar gəlir
gətirməklə yanaşı, həm də nüfuz məsələsi idi. İndi isə bunların heç biri
yoxdur. Fransız iflasının əsas səbəbi kimi isə Prezident Emmanuel Makron
göstərilir.

İş o yerə çatıb ki, keçmiş müstəmləkələrdə Fransa bayrağı yandırılır, onu
xatırladan hər şey məhv edilir. Onun yerini isə Rusiya və Türkiyə kimi
dövlətlər tutur. Bu da Yelisey sarayını özündən çıxarır, əks addımlar atmağa
vadar edir. Hər iki dövlətə qarşı total hücum kampaniyası da bu səbəbdən start
götürüb. Məsələn, Paris Ukraynaya Avropa İttifaqına daxil olan ölkələrin hərbi
kontingentini göndərməklə Rusiyanı hədələyir. Bu ideyası Qərb dövlətlərində
avantüra kimi qələmə verilsə də, Makron hər vəchlə sözünü yeritməyə çalışır.
Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq da bu planın tərkib hissəsidir.
Türkiyəyə gəldikdə isə, Fransa mübarizəni açıq apara bilmir. NATO üzrə müttəfiq
olması, Ankaranın nüfuzu və gücü bu planını açıq şəkildə reallaşdırmağa imkan
vermir. Ümidi qalır yenə Ermənistana. Paris bu ölkədə anti-Azərbaycan
ritorikanı gücləndirir, keçmiş separatçı rejimin tör-töküntülərinə açıq dəstək
göstərir.

Makronun yeni hədəfi Qafqaz və Mərkəzi Asiyadır

Bu istiqamətdə ən əsas məsələlərdən biri də Makron Fransasının Mərkəzi Asiyaya
nüfuz etməyə çalışmasıdır. Əsas fikir bundan ibarətdir ki, Ankaranın Afrika
siyasəti Fransanın müstəmləkə nizamını pozub. Makron da bu səbəbdən
Ukrayna-Rusiya müharibəsinə müdaxilə edərək türk dövlətlərini öz hegemonluğu
altına almağa çalışırlar. Son zamanlar o, bu istiqamətdə diqqətçəkən
açıqlamalar verir. Türkiyənin Afrikada atdığı addımlar, bir çox ölkələrlə
siyasi, hərbi və ticari yaxınlaşması, “qazan-qazan” taktikası Fransanı regionda
arzuolunmaz ölkəyə çevirib. Planları alt-üst olan Fransa lideri Afrikadakı
məyusluqdan sonra marşrutunu Qafqaza dəyişib, eləcə də Qazaxıstan və
Özbəkistana da səfər edib.

Türkiyə Fransanın planlarını pozur

Makron hökuməti Qarabağda və Liviyada Türkiyəyə qarşı ağır məğlubiyyətə
uğrayıb, müdafiə sahəsində türk şirkətlərinə qarşı ciddi itkilər verib. Bunlar
faktlardır. Mövcud vəziyyətlə bağlı “Türkiyə” qəzetinə danışan ekspertlər qeyd
edir ki, türk ordusu Fransanın Suriya və İraqdakı oyununu ciddi şəkildə pozub.
Fransızlar da qisas almaq üçün Ermənistanı və Cənubi Qafqazı qızışdırmağa
çalışırlar. Fransanın məqsədi uzunmüddətli müharibədir.

KAFKASSAM rəhbəri Həsən Oktay hesab edir ki, “Fransa Suriya və Ermənistanda
məskunlaşaraq Türkiyəyə qonşu olmaq istəyir. Fransızların Qafqaza marağının ən
mühüm məqsədlərindən biri Türkiyənin diqqətini Aralıq dənizi başda olmaqla,
bütün enerji və strateji əhəmiyyətli bölgələrdən yayındırmaqdır. Fransanın
yandırmaq istədiyi atəş Türk Dövlətləri Təşkilatına böyük ziyan vuracaq. Makron
yeni istismar sahələri açmağa çalışır. Onun türk cümhuriyyətlərinə səfərləri bu
kontekstdə dəyərləndirilməlidir”, – deyə H.Oktay bildirib.

Fransanın uran arzusu

Qeyd edək ki, Emmanuel Makronun ötən il noyabrın 1-də Qazaxıstana səfəri
zamanı uran alışı məsələsi prioritet olub. Enerji ehtiyacının 60 faizini Atom
Elektrik Stansiyaları hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti
həm də bu ölkənin uranla zəngin olması ilə əlaqəlidir. Uranla zəngin olan və
Fransanı təmin edən Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Paris üçün
Qazaxıstanın önəmi daha da artıb. Bundan əlavə, Qazaxıstan Rusiya-Ukrayna
müharibəsi başlayandan bəri ABŞ və Norveçdən sonra Avropanı yanacaqla təmin
edən üçüncü əsas ölkəyə çevrilib. Fransa Qazaxıstan iqtisadiyyatına 17 milyard
dollar həcmində sərmayə qoymaqla beş ən böyük investor ölkə sırasında yer alıb.
Özbəkistan da Fransa ilə əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. Ötən il
Prezident Şavkat Mirziyoyev Fransa səfərindən 6 milyard dollarlıq müqavilələr
portfeli ilə qayıtmışdı. Bu müqavilələrin əksəriyyəti enerji sektoruna aid idi.

Paris Azərbaycana möhtacdır

Beləliklə, müsəlman və türk ölkələrin inkişafını gözü götürməyən Makron yenə
də elə türk dövlətlərinə minnətçi düşüb. İstəyi odur ki, Mərkəzi Asiyadan uran
tədarük etsin. Bir faktı da deyək ki, uranın hava nəqliyyatı ilə daşınması
qadağandır. Quru yolların sahibi ölkələrlə də Makron hakimiyyəti qərəz və
düşmənçilik yaşayır. Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut
hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan
uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı
Azərbaycana möhtac olacaq.

Beləliklə, ölkəsində müsəlmanlara qarşı “səlib yürüşü”nə çıxan Makron və
komandası çətin durumdadır. Yoxsa min kilometrlərlə uzaqda yerləşən regiona üz
tutmazdı – özü də, müsəlman və türk dövlətlərinə. Görünən odur ki, onlar
vasitəsilə problemlərini həll etməyə çalışır. Belə baxanda problemdən çıxış
yolu var. Bu yol da sadədir – birtərəfli siyasət yürütməkdən əl çəkmək, şəxsi
mənafeyə yox, dövlət mənafeyinə əsaslanan praqmatik siyasətə üstünlük
verilməlidir. Əks təqdirdə, Nigerdə olduğu kimi, ayaq basdığı hər yerdən
qovulacaq.

Source link