05062395-d831-482c-b536-b37a26f282a7..jpg

Maksim Şevçenko: “İstəyirəm ki, Azərbaycan öz ərazisini son millimetrinə qədər azad etsin” – RF-dən MÜSAHİBƏ

Baxış sayı: 513 dəfə baxılıb.

Maksim Şevçenko: “İstəyirəm ki, Azərbaycan öz ərazisini son millimetrinə qədər
azad etsin” – RF-dən MÜSAHİBƏ

Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror
tədbirlərinə başladıqdan sonra İrəvan şərti Ermənistan-Azərbaycan sərhədində
hər şeyin sakit olduğunu bəyan edib. Bundan əlavə, Ermənistanın baş naziri
Nikol Paşinyan qeyd edib ki, Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycanla
hərbi əməliyyatlara başlamaq niyyətində deyil.

Lakin sonradan Qərbə zənglər olundu. Fransa BMT Təhlükəsizlik Şurasının
fövqəladə iclasının çağırıldığını elan etdi, Ermənistanın xüsusi tapşırıqlar
üzrə səfiri Edmon Marukyan ABŞ-dən yardım istəyib və bildirib ki, Vaşınqton
Azərbaycana qarşı hansı tədbirlərdən istifadə olunacağına qərar verməlidir.

Bir tərəfdən Ermənistan Qarabağdan uzaqlaşır, ölkə sərhədində hər şeyin
qaydasında olduğunu deyir, digər tərəfdən isə Qərbi Bakıya təzyiq göstərməyə
çağırır. Bu ikili düşüncəni necə izah etmək olar?Cixisyolu.com -ın bu sualını
cavablandıran məşhur rusiyalı jurnalist və ictimai xadimMaksim Şevçenko qeyd
edib ki, burada ikili fikir yoxdur:

– Burada vəziyyət aydın və izah edilə biləndir. Nikol Paşinyan İrəvanda
doğulub böyüyüb, İrəvan klanına aiddir. O, Qərb institutlarında tərbiyə olunub.
Qarabağ qruplaşması isə 30 ilə yaxın Ermənistanda ağalıq edib, pul qazanıb,
özünü piar edib, Azərbaycan torpaqlarını işğal etmək hesabına öz nüfuzunu
satıb. Onlar azərbaycanlı əhalini qovdular, azərbaycanlılarla ermənilər
arasında çəkişmələri və müharibəni sonsuza qədər uzatdılar. Ona görə də
Paşinyan üçün Qarabağ klanı mövzusunu tamamilə bağlaması müəyyən mənada həyati
əhəmiyyət kəsb edir. Qarabağ klanı isə o zaman yox olacaq ki, Azərbaycan bütün
ərazisi üzərində millimetrinə qədər nəzarəti tamamilə bərpa etsin, mənim də
Azərbaycan üçün səmimi arzuladığım budur.

Yeri gəlmişkən, təkcə Azərbaycana deyil, həm də nə qədər paradoksal səslənsə
də, ermənilər üçün də ermənilərlə azərbaycanlılar arasında münasibətləri
normallaşdırmağın yeganə yolu budur.

Paşinyan bir tərəfdən Qarabağ klanının məğlub olmasını arzulayır, digər
tərəfdən isə İrəvanda qalmaq istəyir. O, qondarma Artsax uğrunda döyüşçü
statusunu itirəcək Qarabağ klanını minimuma endirməlidir. Yeri gəlmişkən,
“Artsax” uğrunda Fransada və ya Kaliforniyada mübarizə aparmaqla, Xankəndidə
oturub oradan şərh vermək eyni deyil.

Nikol Paşinyan hesab edir ki, bu klan fəlakətli vəziyyət nəticəsində
Ermənistan daxilində nüfuzunu itirəcək. Ancaq eyni zamanda o, başa düşür ki,
onun ABŞ ilə “eşqbazlığı”, Ermənistan-ABŞ birgə təlimləri, Şarl Mişel, Emmanuel
Makronla “oynaqlaşması”, bütün bu müsahibələri Moskvada təəccüblə qarşılanıb.

Rusiya Prezidenti Vladimir Putin Paşinyanla əlaqə saxladığını, baş nazirin ona
məktub göndərdiyini bildirib. Hamıya zəng
edib, Vladimir Vladimiroviçə isə kağız göndərib. Bu, məktəbdə günahkar
şagirdlərin direktora yazdığı izahata bənzəyir.

Burada isə Ermənistan rəhbərliyi elə vəziyyətə düşür ki, Ruben Vardanyan
birtəhər Qarabağdan gəlib ermənilərin “soyqırımı”, Paşinyan üzündən “müqəddəs”
“Artsax”ın itirilməsi barədə hay-küy salmağa başlaya bilər. Yeri gəlmişkən,
əslən Adlerdən olan Marqarita Simonyan və ya Dərbənddə doğulmuş Aram
Qabrelyanovdan fərqli olaraq Ruben Vardanyanın Ermənistanda doğulduğu üçün
ölkəyə girişinə qadağa qoyulması yəqin ki, çətin olacaq. Paşinyan isə arxasında
Kreml olan Vardanyandan çox qorxur. Ona görə də Ermənistanın baş naziri Qərbin
dəstəyini almağa çalışır.

Qərb başqa şeydə maraqlıdır, o, hər an Paşinyanı başqası ilə dəyişə bilər.
Qərbə böyük müharibə lazımdır.

– Amma Qarabağda lokal antiterror tədbirlərini böyük müharibə adlandırmaq
olmaz…

– Düzdür. Qərbə, bəlkə də, belə bir gərginlik, hətta Ermənistanla Azərbaycan
arasında müharibə lazım deyildi. Yeri gəlmişkən, məhz buna görə Paşinyan deyir
ki, müharibə olmayacaq,Ermənistan qarışmayacaq ,
çünki belə dövlətlərarası münaqişə Rusiya ilə Türkiyəni yaxınlaşdıracaq. Rusiya
deyəcək ki, biz KTMT çərçivəsində Ermənistan ərazisinə qoşun yeridirik. Türkiyə
isə qardaş Azərbaycana kömək edir. Belə alınacaq ki, strateji müttəfiqlər –
Ankara və Moskva bölgədəki vəziyyəti nəzarətə götürürlər.

Qərbə isə Zəngəzurda başlaya biləcək daha bir münaqişə lazımdır. Bu o halda
mümkündür ki, erməni birləşmələri istər Naxçıvana, istərsə də Zəngilana hücuma
keçsinlər, o zaman Azərbaycan Zəngəzur ərazisinə qoşun yeritmək məcburiyyətində
qalacaq ki, İran da bunu özü üçün təhlükə kimi qəbul edə bilər. Nəticədə Qərb
Türkiyə ilə İran arasında böyük qarşıdurma yaradacaq. Amma bunun baş verməməsi
üçün Rusiyanın müdafiə naziriTehrana səfər edib,
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Bakıdakı həmkarı ilə daim əlaqə saxlayır.
Əsas odur ki, indi heç bir təsir agenti böyük müharibəyə başlamaq istəyi
olmayan region ölkələrinin ali siyasi rəhbərliyinin iradəsindən yan keçərək
fəaliyyət göstərməyə başlamasın.

Amma yenə də deyirəm, Ermənistan rəhbərliyi Zəngəzurda gərginlik yarada bilər.
Qarabağa görə istənilən qədər məktub yaza, çar Tiqranın zamanında tikilmiş
qədim paltarlarının yaxasını cıra bilərlər. Amma fakt budur ki, Qarabağ
Azərbaycanın ərazisidir. Mən istəyirəm ki, Azərbaycan öz ərazisini son
millimetrinə qədər azad etsin, bayaq dediyim kimi, ancaq bu, azərbaycanlılarla
ermənilər arasında sülhə gətirib çıxara bilər. Paşinyanın isə bir məqsədi var –
Ermənistan lideri səviyyəsində varlığını uzatmaq.

Nair Əliyev

Source link