Mal-qara girov qoyub kredit ala biləcəyik

Mal-qara girov qoyub kredit ala biləcəyik

Baxış sayı: 2. 485 dəfə baxılıb.

Uzun sürən gözləntilərdən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim edildi.

Qeyd edək ki, reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifadəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədən kənar realizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edən baş icraçı direktor İbrahim Alışov sözügedən reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını bildirib.

Qanundan 10 ay sonra 

Xatırladaq ki, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun  ötən ilin may ayında qəbul edilib, dekabr ayının 1-dən isə qüvvəyə minib. 

Qanunda əsas məqamlardan biri daşınar əmlakın dövlət reyestrinin yaradılması idi. Sənəddə qeyd olunurdu ki, bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək.

Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. 

Reyestr necə işləyəcək?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov ÇıxışYolu.Com-a şərhində deyir ki, indiyə qədər bəzi daşınar əmlakların dövlət reyestri aparılıb:

“Bura avtomobillərin, dəmiryolu nəqliyyat vasitələrinin, qiymətli kağızların dövlət reyestri aiddir. Hər birinin reyestri aidiyyəti qurumlar tərəfindən aparılır. Yəni demək olmaz ki, bu günə qədər daşınar əmlakın dövlət reyestri mövcud olmayıb. Sadəcə, bütün daşınar əmlaklara dair dövlət reyestri yox idi. Bu da təcrübədə bir sıra problemlər yaradırdı”.

O ki qaldı reyestrin olmamasının nə kimi problemlər yaratmasına, ekspert deyir ki, daşınar əmlakların girov qoyulması çətin idi:

“Düzdür, bu əmlakları girov qoymaq mümkün idi. Sadəcə, bir sıra problemlər yaranırdı. Məsələn, hər hansı vətəndaş bankdan kompüterini girov qoyaraq kredit götürür. Bir müddət sonra həmin kompüteri satır.

Reyestr olmadığından alıcı kompüterin girov olduğunu bilmir. Nəticədə nə baş verir?! Kredit və ya borc verən tərəf əmlakın ikinci sahibinə girov barədə iddialar irəli sürə bilmir. Bu zaman yeni sahib məsələdən xəbəri olmadığını deyir.

İtirən tərəf bank olur. Bütün bunları nəzərə alaraq banklar indiyə qədər daşınar əmlakları girov kimi qəbul etməkdən imtina ediblər”. 

Ə.Həsənov bildirir ki, palata Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qəbulunda gecikib: 

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun 2017-ci ilin may ayında qəbul edilib. Həmin qanunda nəzərdə tutulurdu ki, daşınar əmlakın reyestri olmalıdır və reyestr Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtif edilməlidir. Yəni bu baxımdan palata çox gecikib”.

Reyestrin necə işləyəcəyinə gəldikdə, ekspertin sözlərinə görə, borc/kredit verən tərəf elektron sistemə daxil olub, girov kimi təqdim edilən əşyanın hansısa bankın girovu olub-olmadığını yoxlaya biləcək: 

Bu reyestr banklardan kredit alınmasını bir növ asanlaşdıracaq. Amma heç kəs gözləməsin ki, banklar istənilən daşınar əşyaya dərhal kredit verəcək. 

Digər tərəfdən risklər qalır. Məsələn, girov kimi banka qoyulan daşınar əmlak qismindəki qoyun bir müddət sonra tələf ola bilər. Bu kimi problemlərin təcrübədə necə həll olacağı sual olaraq qalır”.

Mütəxəssis deyir ki, reyestrin yaradılması həm də mülki dövriyyə çətinləşəcək: 

“Çünki artıq insanlar aldıqları əmlakın girov qoyulub-qoyulmaması ilə bağlı sayta daxil olub, məlumat əldə edəcəklər. Sistemdən yazılı şəkildə informasiya isə pullu olacaq”. 

Sahibkarlar daşınar əmlaklarını kreditə çevirə biləcək 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı bildirir ki, reyestrin yaradılması kredit təşkilatlarının mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul etməsini təmin edəcək. Bu da kiçik və orta sahibkarlığın inkişafına təsir göstərəcək:

“Bundan sonra müəssisənin təkcə daşınmaz deyil, daşınar əmlakı da kredit verən təşkilat tərəfindən girov kimi qəbul ediləcək. Hesab edin, bir təşkilatın aktivlərində daşınmaz əmlakın xüsusi çəkisi 40 faiz, digər əmlakların çəkisi 60 faiz təşkil edirdi. Eləcə də, daşınar əmlak gəlir gətirə bilirdi, lakin ondan girov kimi istifadə etmək olmurdu.

Yəni həmin avadanlıqların reyestri aparılmadığından müəssisə onlardan kredit almaq üçün yararlana bilmirdi. Nəticədə əmlakın girov dəyəri xeyli dərəcədə aşağı düşürdü. Reyestrin yaradılmasından sonra daşınmaz əmlakla yanaşı, daşınar əmlak da bank əməliyyatlarında girov kimi qəbul ediləcək.

Eyni zamanda müəssisə əmlakının reyestrini aparmaqla sərəncamındakı avadanlıqlarla bağlı daha dəqiq məlumata malik olacaq. 

L.Əliyeva
www.ÇıxışYolu.Com