a746e889-637d-4550-80e3-cffad85d1767..jpg

Maliyyə təhlilçisi Artyom Tuzov: “Manatın dollara nisbətdə sabit məzənnəsi davam edəcək”

Baxış sayı: 644 dəfə baxılıb.

Maliyyə təhlilçisi Artyom Tuzov: “Manatın dollara nisbətdə sabit məzənnəsi
davam edəcək”

“Manatın dollara nisbətdə sabit məzənnəsi, görünür, davam edəcək”.

Bunu rusiyalı analitik, “İVA Partners” İnvestisiya Şirkətinin Korporativ
Maliyyə Departamentinin direktoruArtyom Tuzov Cixisyolu.com-a Rusiya rublunun
ucuzlaşma səbəbi və bunun qonşu ölkələrin valyuta məzənnələrinə təsiri ilə
bağlı şərhində deyib.

Onu sözlərinə görə, vəziyyətə təsir edən bir çox amillər var:

“Amma məsələn, Rusiya neftinə qoyulan məhdudiyyətlər, yəni “qiymət tavanı”
işləyə bilməz. Məsələ burasındadır ki, “Brent” markalı neftin və “Brent”ə
diskontla satılan Rusiya neftinin dəyəri bu tavandan, sadəcə olaraq, aşağıdır.
Bu, birincisi. İkincisi, sanksiyalar tətbiq edən ölkələr, onsuz da, Rusiya
neftini çox almırdılar. Onda bunların nə mənası var?”

Rublun məzənnəsinə və onun xarici valyutalara nisbətdə niyə zəifləməsinə
gəlincə isə ekspert bunun qlobal məsələ olduğunu vurğulayıb.

“Nəyə görə rubl 2022-ci ildə belə güclü olub, axı sanksiyalar hər necə olsa,
Rusiya iqtisadiyyatına təsir edirdi? Hər bir halda, hökumət görmək istədiyi
normal məzənnənin 1 dollar üçün 70-80 rubl olduğunu bildirib. İndi Rusiya
valyutası rəvan şəkildə düşür və bu diapazonun ortasındadır. Deməli, bunda
gözlənilməz heç nə yoxdur. Bu tendensiya belə də davam edə bilər, axı Rusiya
Federasiyası böyük nomenklaturada resurs ixrac edən ölkədir. Ola bilsin ki,
neftlə bağlı hər şey o qədər də pis deyil, amma metal və taxta ilə vəziyyət
fərqli idi: 1 dollar üçün 60 rubl məzənnəsi sərfəli deyildi”, – deyə o izah
edib.

Rublun ucuzlaşmasının qonşu ölkələrin valyutalarına təzyiqinə gəlincə isə
Tuzov hazırkı vəziyyətin neft məhsullarının ixracı ilə sıx bağlı olan
Azərbaycan iqtisadiyyatı üçün sərfəli olduğunu deyib:

“Alıcıların siyahısı genişlənib, neftin satıla biləcəyi qiymət diapazonu
artıb. Rusiya neft məhsullarından imtina edənlər əvəzedici axtarırlar. Onu da,
o cümlədən Azərbaycanda tapırlar. Qazaxıstanda da vəziyyət oxşardır, burada
hələ də subyektiv amil var, çünki Rusiyadan miqrasiya dalğası var idi, çoxları
Qazaxıstan Respublikasına getdilər, xarici valyuta axını daha çox oldu. Deməli,
qonşu ölkələr üçün hələ ki mənfi amil yoxdur”.

O, Qazaxıstan üçün yüksək inflyasiyanın o qədər də yaxşı olmadığına
baxmayaraq, digər tərəfdən, inflyasiyanın ölkəyə nağd pul axını gətirdiyini,
bunun da iqtisadiyyat üçün müsbət amil olacağını qeyd edib.

“Azərbaycan məsələsinə qayıtsaq, ölkənizin güclü iqtisadiyyatı olduğunu, özü
də üstəlik, 2021-ci ildə başlayan enerji böhranından da faydalandığını
vurğulamalıyam. Manatın dollara nisbətdə sabit məzənnəsi, görünür, davam
edəcək”, – deyə Tuzov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Source link