Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub – FOTO

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub – FOTO

Baxış sayı: 4. 581 dəfə baxılıb.

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün – ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır.

Onu həm Azərbaycanda, həm də xaricdə tanıyır, sevir və görkəmli yazıçı kimi yüksək qiymətləndirirlər.

Xalq Yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi martın 30-dan etibarən İçərişəhərdə fəaliyyətə başlayır.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış oldu.

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, burada Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası və ədəbiyyat otağı yerləşir.

Ədəbiyyat otağında yazıçının müxtəlif illərdə həm rus, həm Azərbaycan dillərində nəşr olunan, həm də 36 xarici dilə tərcümə edilən kitabları təqdim olunur. Burada, həmçinin yazıçının əsərlərinin dərc olunduğu bütün dərgilər toplanıb.

Bundan başqa, eksponatlar arasında Maqsud İbrahimbəyovun ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərə görə müxtəlif vaxtlarda təltif olunduğu orden və medallar, digər mükafatlar, deputat mandatları, fəxri fərmanlar, həmçinin 2012-ci ildə yazıçının Nobel mükafatına namizədliyinə dair sənəd də var.

Maqsud İbrahimbəyov iki azərbaycanlı zadəgan ailəsinin xələfi olub: atası Məmmədibrahim Əhməd oğlu İbrahimbəyov, anası Fatma Ələkbər qızı İbrahimbəyova-Məşədibəyova.

Yaradıcılıq Mərkəzində Məşədibəyov və İbrahimbəyov ailələrinin fotoşəkilləri, eləcə də onlara məxsus qədim məişət əşyaları təqdim edilir. Mərkəzdə, həmçinin Maqsud İbrahimbəyova məxsus silah kolleksiyasının nümayiş olunduğu zal var.

Maqsud İbrahimbəyov silah kolleksiyası toplayırdı. Onun kolleksiyasında dünyanın müxtəlif ölkələrindən gətirilən və ya dostları tərəfindən hədiyyə olunan qədim silahların nadir nümunələri var. Burada kitabxana və konfrans zalı da yerləşir.

Birinci vitse-prezident Mehriban Əliyeva Yaradıcılıq Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı.

Anna İbrahimbəyova Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Xalq Yazıçısının “Qoy, o bizimlə qalsın” və “Ondan yaxşı qardaş yox idi” kitablarını hədiyyə etdi.

Sonra Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun sədri olduğu və zadəgan nəslindən olan şəxslərin şəcərəsini tanıtmaq və yaddaşlarda qoruyub saxlamaq məqsədini daşıyan Əsilzadələr Məclisinin 2006-cı ildə imzaladığı, İlham Heydər oğlu Əliyevin və Mehriban Arif qızı Əliyevanın Əsilzadələr Məclisinin üzvü olduqlarını təsdiqləyən şəhadətnamələri Birinci vitse-prezidentə təqdim etdi.

Şəhadətnamələrdə qeyd edilir ki, bu sənədin sahibinin bütün nəsli Azərbaycanın Əsilzadələri cərgəsində hesab olunur.

Qeyd edək ki, 2016–2017-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Mərkəzin binasında əsaslı bərpa və konservasiya işləri aparılıb.

Azərbaycan Prezidentinin 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən indi bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək.

Yaradıcılıq Mərkəzinin fəaliyyəti gənc yazıçılara dəstək, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği, yaradıcı gənclər üçün kreativ mühitin yaradılması və xarici ölkələrin mədəniyyət təşkilatları ilə əməkdaşlığa yönəlib.

www.ÇıxışYolu.Com