Argentinalı canlı futbol əfsanəsi internetdə onun barəsində səs yazıları paylaşan şəxsin kimliyi ilə bağlı dəqiq və düzgün məlumatın verilməsinə görə 10 min dollar mükafat təyin edib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu onun vəkili Matias Morlu açıqlayıb.
Bir müddət əvvəl sosial şəbəkələrdə yayılmış sözügedən səsyazılarında kimliyi bəlli olmayan şəxs Maradonanın Rusiyada stadiondan xəstəxanaya aparıldığını və orada ürək tutmasından öldüyünü bildirmişdi.
Vəkilin sözlərinə görə, 1986-cı ilin futbol üzrə dünya çempionu bu xəbəri eşitdikdə şoka düşüb.
Nigeriya-Argentina matçı zamanı stadionun VİP oturacağında əyləşən Maradona oyuna kifayət qədər çılğın şəkildə reaksiya göstərir və binmənalı qarşılanmayan jestlər nümayiş etdirirdi.
Maradona nümayəndələrinin sözlərinə görə, matç zamanı canlı əfsanənin arterial təzyiqi həddindən artıq qalxıb.
“Həkimlər ona oyunun ikinci hissəsinə baxmamağı və otelə yollanıb dincəlməyi tövsiyə etdilər. Ancaq Maradonadan bunu istəmək, uşaqdan anasını sevməməyi tələb etmək kimi bir şeydir. Onun üçün Argentina komandası “anadır”, onu heç vaxt tərk edə bilməz”, – deyə Maradonanın vəkili bildirib.