Marina Laqutina: “Bakı və İrəvanın dünya tarixinə düşmək şansı var” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023 bütün Cənubi Qafqaz regionu üçün əlamətdar il oldu. Azərbaycan bütün ölkə
ərazisində suverenliyini bərpa etdi. Bundan əlavə, Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin tezliklə imzalanması ehtimalından danışmaq üçün
ciddi əsaslar mövcuddur.
Cixisyolu.com-la həmsöhbət olan rusiyalı analitik, “Vestnik Kavkaza” informasiya
agentliyinin ingiliscə versiyasının baş redaktoruMarina Laqutina 2023-cü ildə
Cənubi Qafqaz regionunda baş vermiş əlamətdar hadisələrə toxunub:
– Mənə elə gəlir ki, ən əlamətdar hadisə kimi Azərbaycanın Qarabağda
konstitusiya quruluşunu tam bərqərar etməsini adlandırmaq olar. Sentyabrda
separatçı “hökumət” (dırnaqlar bizə məxsusdur – red.) özünü buraxdığını elan
etdi və ölkənin ərazi bütövlüyü tamamilə bərpa olundu. İkinci Qarabağ
müharibəsi başa çatdıqdan sonra üç il ərzində danışıqlar yolu ilə buna nail
olmaq mümkün olmurdu. Lakin hər şey Azərbaycanın bir günlük lokal antiterror
tədbirləri ilə həll olundu. Bu, ölkənin tarixində böyük bir mərhələ oldu və
sülh sazişinin imzalanmasına yol açdı.
Onu da qeyd etmək olar ki, 2023-cü ildə Cənubi Qafqaz, Xəzər regionu, Mərkəzi
Asiya ölkələri arasında regional əlaqələr dərinləşib və inkişaf edib. Rusiya
ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunması, Rusiya Federasiyasının
isə Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsi də vacib məqamlardır.
Rusiya Federasiyası ilə Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsi
artıb.
Azərbaycan-İran münasibətləri kimi regional aspekti xatırlamağa da ehtiyac
var. Bu müstəvidə müxtəlif hadisələr baş verdi. 2023-cü ilin əvvəlində faciəvi
hadisə yaşandı – Azərbaycanın Tehrandakı səfirliyində terror aktı baş verdi,
bundan sonra Azərbaycan diplomatik missiyası bu ölkədəki fəaliyyətini
dayandırdı. Lakin cari il ərzində Azərbaycan və İran hökumətləri Azərbaycan
Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün yol
xəritəsini müəyyən etdilər.
Əgər hərbi-siyasi əməkdaşlıqdan danışırıqsa, bu zaman heç də müsbət olmayan,
lakin diqqətçəkən hadisə baş verdi. Söhbət Ermənistanın bir ildən artıq müddət
ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) məhəl
qoymamasından gedir. Bu, Moskva ilə İrəvan arasında münasibətlərə mənfi təsir
göstərdi.
– Siz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması
perspektivinə toxundunuz. Bu nə dərəcədə gözləniləndir? Ermənistanda həm
parlament, həm də “küçə” müxalifətinin nümayəndələri Azərbaycanla sülhün
əleyhinədirlər. Eyni zamanda, Ermənistanın hakim dairələrinə yaxın ekspertlərin
bir çoxu, məmurlar, eləcə də iqtidaryönlü deputatlar isə nikbindirlər.
– Hər ölkədə müxalifət var, lakin biz İrəvanın rəsmi mövqeyinə və ölkə
liderlərinin bəyanatlarına əsaslanmalıyıq. Ona görə də qəti şəkildə deyə
bilərik ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunandan, Qarabağda
separatizm məsələsi bağlanandan sonra sülh müqaviləsinin imzalanması
perspektivi həmişəkindən daha yaxındır. Əvvəllər İrəvan müqaviləyə ciddi-cəhdlə
Qarabağın müəyyən statusunu və sair məsələləri daxil etməyə çalışırdı. İndi bu
məsələlər artıq gündəmdə yoxdur, sazişin bağlanması üçün praktiki olaraq heç
bir maneə qalmayıb və sazişin mətni, əsasən, razılaşdırılıb. Yeri gəlmişkən, bu
barədə hər iki tərəf danışıb.
Ona görə də 2024-cü ildə sülh müqaviləsinin imzalanacağını gözləmək olar və
biz bunun gələn ilin birinci rübündə olmasını istərdik, çünki Ermənistanla
Azərbaycan arasında razılaşma regionda sabitliyin ciddi elementinə çevriləcək.
Bütün qonşu dövlətlər, o cümlədən Rusiya bunda maraqlıdır. Bilirsiniz ki,
hazırda nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilir və Cənubi
Qafqaz çox mühüm nəqliyyat qovşağıdır, yalnız orada sülh olduqda bu layihələr
tam gücü ilə fəaliyyət göstərə bilər. Mən görürəm ki, Rusiya rəhbərliyi buna
nail olmaq üçün səylər göstərir. Moskva danışıqların aparılması və sazişin
imzalanması üçün platforma təqdim etməyə hazırdır, bunu Azərbaycan Prezidenti
İlham ƏliyevləErmənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda
Sankt-Peterburqda keçirilən görüş də nümayiş etdirmiş oldu. Azərbaycan və
Ermənistan arasında sülh müqaviləsi unikal presedent olacaq. Dünyada davamlı
olaraq münaqişələr, mübahisələr yaranır. Sülh müqaviləsi və gələcək iqtisadi
əməkdaşlıqla bitən nümunələr çox azdır. Bakı və İrəvanın dünya tarixinə düşmək
şansı var.
– Ötən ilin yekunlarından danışarkən Ermənistan rəhbərliyinin qəribə
davranışına toxunmaya bilmərəm. İrəvan Qərbə tərəf getməyə hazırlaşırdı,
Ermənistanın baş naziri və Ermənistanın digər rəhbərləri KTMT, MDB və Avrasiya
İqtisadi İttifaqı (Aİİ) çərçivəsində baş tutan tədbirlərə məhəl qoymadılar.
Amma ilin sonunda Ermənistan sanki Rusiyaya doğru dönüş etdi, Nikol Paşinyan
Sankt-Peterburqa getdi. Doğrudur, Aİİ sammitində o, iqtisadi məsələləri
geosiyasətdən ayırmağa çalışdı. İrəvanın bu cür var-gəl etməsini necə izah
etmək olar və İrəvan hələ də nə zamansa Qərbə doğru gedə bilərmi?
– Coğrafi cəhətdən Cənubi Qafqazda yerləşən Ermənistan necə Qərbə doğru üz
tuta bilər? Amma siz düzgün qeyd etdiniz ki, ötən il Ermənistan rəhbərliyi
Qərblə yaxınlaşma və Rusiya Federasiyasından uzaqlaşma strategiyasını seçdi.
İrəvan Azərbaycan və Rusiyanın iştirakı ilə üçtərəfli görüşlərdən də imtina
edib. Eyni zamanda, Ermənistan rəsmilərinin Avropa və ABŞ-yə tez-tez səfərləri
oldu. Ermənistan Avropa İttifaqının müşahidə missiyasını öz ölkəsinə dəvət etdi
ki, Azərbaycanla sərhəddə nəyisə müşahidə etsin. Sonra bu missiya
genişləndirildi. İrəvan Fransadan silah tədarükü ilə bağlı müqavilələr
bağlayıb. Tendensiya aydın idi. Amma mənə elə gəlir ki, Ermənistan öz milli
maraqlarından çıxış etməlidir, hansısa uzaq Avropa inteqrasiyası ilə bağlı
illüziyalar qurmamalıdır.
Fransa, ABŞ – bunlar Ermənistandan minlərlə kilometr məsafədə yerləşirlər,
istənilən ölkənin hərəkətverici qüvvəsi isə iqtisadiyyatdır. Onu inkişaf
etdirmək üçün İrəvan qonşuları ilə münasibətlər qurmalıdır. Elə buna görə də
Nikol Paşinyan dekabrda Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək
üçün Sankt-Peterburqa uçdu. Nikol Paşinyan deyib ki, o, iqtisadiyyatla
geosiyasəti bir-birindən ayırır. Amma məncə, bu bir az sadəlövh bəyanatdır.
Ermənistan rəhbərliyi öz əhalisinin maraqlarından çıxış edərək öz qərarlarını
və onların nəticələrini düşünməli, aşkar uduzduqları geosiyasi oyunlara son
qoymalıdır.
Nair Əliyev