Mario Apostalov: “SPECA Etimad Fondunun katibliyinin yeri ilə bağlı
müzakirələr aparılır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının
(SPECA) Etimad Fondu çoxtərəfdaşlı fond olacaq və hazırda bu təsisatın
katibliyinin yeri ilə bağlı müzakirələr aparılır”.
Bunu “Report”a BMT-nin Avropa İqtisadi Komissiyasının regional müşaviri Mario
Apostalov bildirib.
Onun sözlərinə görə, fondla bağlı ilkin baxış artıq formalaşıb və ölkələrlə
məsləhətləşmələr davam edir.
M.Apostalov hesab edir ki, Azərbaycan həm SPECA, həm də BMT ilə əməkdaşlığı
uğurla inkişaf etdirir:
“SPECA 25 il əvvəl yaradılıb və bu dövr ərzində unikal bir alətə çevrilib.
Məqsəd yeni yaranan dövlətlərə dəstək göstərmək, onların iqtisadiyyatlarının
Avropaya inteqrasiyasına, qarşılıqlı əməkdaşlığın qurulmasına dəstək
göstərməkdir.
Son illər pandemiya, maliyyə, geosiyasi böhranlar səbəbindən SPECA ölkələri
yeni çağırışlarla üz-üzədir və buna görə də ölkələrimizin daha sıx əməkdaşlığa
ehtiyacı var. Azərbaycan bunu çox yaxşı başa düşür. Bu il SPECA-ya sədrlik
Azərbaycandadır. Azərbaycan Transxəzər əməkdaşlığı sahəsində böyük irəliləyişə
nail olub”.
Regional müşavir əlavə edib ki, BMT konvensiyaları və standartları
çərçivəsində ən yaxşı təcrübələrin tətbiqinə dair məsləhətləşmələr aparır,
nəqliyyatların inkişafına dair nümunələr, rəqəmsallaşmaya dair istiqamətlər
təqdim edir.
Qeyd edək ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib.
Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq
Xatırladaq ki, SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və
Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı
və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya
sədrliyi Azərbaycan həyata keçirir.