3ae3536a-2164-447b-9d2c-e357e1168c98..jpg

Mario Bakunanın Heydər Əliyev Mərkəzində konserti olub – FOTO

Baxış sayı: 511 dəfə baxılıb.

Mario Bakunanın Heydər Əliyev Mərkəzində konserti olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 14-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində
braziliyalı musiqiçi Mario Bakunanın konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın Əməkdar rəssamı Eldar
Qurbanın “Cazın ağ quşları” sərgisi nümayiş olunub.

Sərgidə çıxış edən mədəniyyətşünas Telman İbrahimov bildirib ki, İkinci Dünya
müharibəsindən 1980-ci illərin ikinci yarısına kimi dünyada, eləcə də
Azərbaycanda caz ağ-qara formada təsəvvür olunurdu: “1980-ci illərin ikinci
yarısından başlayaraq caz rəngləndi. Eldar Qurbanın yaradıcılığında da cazın
rəngləri çox gözəl ifadə olunub. Eldar Qurban yaradıcılığa muğamın təsvirləri
ilə başlasa da, sonradan öz rəsm əsərlərini cazın dili ilə “danışdırdı”.

Məlumdur ki, sovetlər dönəmində caza qulaq asmaq müsbət qarşılanmırdı. Eldar
Qurban məhz o məhdudiyyətlərin olduğu dövrdə caza qulaq asanlardandır. Odur ki,
rəssamın caz yaradıcılığı təsadüfi deyil”.

Sərginin nümayişindən sonra Heydər Əliyev Mərkəzinin auditorium zalında
braziliyalı musiqiçi Mario Bakunanın “Braziliya mənzərələri” adlanan konserti
keçirilib. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində
qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı
bəstəkarların əsərlərinin yeni aranjemanının təqdimatı ilə fərqlənir.

Qeyd edək ki, Mario Bakuna Londonda yaşayan braziliyalı bəstəkar, aranjemançı,
müğənni və gitara ifaçısıdır. 20 illik musiqi təcrübəsi olan Mario Bakuna
bugünədək Avropa, Afrika və Braziliyada beynəlxalq festivallarda və böyük
səhnələrdə uğurla çıxış edib.

O, 1950-ci illərdə Rio-de-Janeyroda yaranan Samba Caz janrının yeni
interpretasiyaları üzərində çalışır. Hazırda Mario Bakuna Avropada yaşayan və
dünyanın nüfuzlu səhnələrində ən yaxşı musiqiçilərlə birgə çıxışları ilə
yaddaqalan caz ifaçılarındandır.

Source link