Azərbaycan Cüdo Federasiyası və dövləti həmişə cüdo tədbirlərini yüksək səviyyədə keçirir. Bu uzun müddətdir belədir.
Bunu ÇıxışYolu.Com-a Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer deyib. O, 10-12 may tarixlərində Bakıda keçirilmiş Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” (Grand Slam) turnirinin təşkilatçılığını tərifləyib.
“Sonuncu dəfə belə möhtəşəm təşkilatçılığı biz ötən il Bakıda keçirilmiş dünya çempionatında gördük. Həmçinin ənənəvi “Böyük Dəbilqə” seriyalı turnirləri də Bakıda möhtəşəm keçirilir. Buna görə də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevi və onun komandasını, eləcə də Gənclər və İdman naziri Azad Rəhimovu təbrik edirəm. Azərbaycan hökuməti belə yarışların keçirilməsində hər zaman dəstək olur. Bu da cüdonun inkişafında rol oynayır.
“Böyük Dəbilqə” seriyalı turnir gələn il də Bakıda keçiriləcək. Bizim sizin federasiya ilə müqaviləmiz mövcuddur”.
Rumıniyalı prezident daha sonra sözügedən yarışda yeddi medal qazanmaqla üçüncü olan Azərbaycan millisindən danışıb:
“Düşünürəm ki, Azərbaycan millisi düzgün yoldadır. Düzgün hazırlıq keçiblər, nəticələr də bunu göstərir. Məncə, Azərbaycan millisi gələn il keçiriləcək Tokio Olimpiadasında ən yaxşı nəticəsini göstərəcək”.
Səbuhi MUSAYEV