21a1c378-b24b-4acf-bcbd-de5f7c3f773c..jpg

Marketlərdə zeytun tapılmır… – Qıtlığın yaranmasına səbəb nədir?

Baxış sayı: 478 dəfə baxılıb.

Marketlərdə zeytun tapılmır… – Qıtlığın yaranmasına səbəb nədir?

Son günlərdə hipermarketlər də daxil olmaqla, ərzaq dükanlarında yağlı zeytun
qıtlığı yaşanır. Sahibkarlar bildiriblər ki, sifariş verilsə də, hələ də ölkəyə
yağlı zeytun idxal edilmir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəsirli Bizim.media-ya açıqlamasında
bildirib ki, ölkədə zeytun bağları çox olsa da, bu meyvə Azərbaycana əsasən
xaricdən idxal olunur:

“Ümumiyyətlə, Azərbaycanda, Bakıda, Abşeron yarımadasında zeytun bağlarını
görürük və elə bilirik ki, Azərbaycanda çoxlu zeytun yetişir. Əslində,
ölkəmizdə zeytuna tələbat da, istehsal da o qədər böyük deyil.

Məsələn, zeytun yağı istehsal etmək üçün xammalı yerli məhsul hesabına
ödəyəsi olsaq, Azərbaycan bir aylıq tələbatını ödəyəcək qədər xammal tapa
bilmərik. Yəni biz kifayət qədər az zeytun istehsal edirik. Ona görə də zeytun
və zeytun yağı xaricdən idxal olunur”.

Ekspert bildirib ki, dünyada zeytun istehsalı üzrə liderlər İspaniya, İtaliya
və Tunisdir:

“Türkiyə də zeytun istehsalında ilk onluğa düşür, amma bu üç ölkə qədər
məhsul istehsal edə bilmir. Biz zeytunu əsasən Türkiyədən, bəzi hallarda isə
İspaniyadan idxal edirik. Düşünürəm ki, dünyada zeytun ehtiyatı tükənib.
Bilirsiniz ki, artıq zeytunun yetişmə mövsümü yaxınlaşır. Yəni indiyə qədər
istifadə edilən zeytun ötən ilin istehsalıdır. Deməli, bir illik bütün
ehtiyatlar tükənir.

Çox güman ki, ehtiyatların tükənməsi səbəbindən də müxtəlif çeşidli zeytun
qıtlığı yaranır və bu, bazarlarda hiss edilir. Yəni mövsümün başlanmasına az
qalıb. Artıq bir neçə həftədən sonra yığıma başlanılacaq, yəni yağlı zeytun
mövsümün əvvəlində deyil, sonunda yığılır. Çünki zeytun tam yetişkənlik
fazasına çatdıqdan sonra yığılır. Əgər Türkiyədən başqa regionlardan idxala baş
vurulmasa, hesab edirəm ki, 1-2 ay yağlı zeytun qıtlığı ilə yaşamalı olacağıq”.

Source link