Teleməkanın ən qalmaqallı proqramı “Maşın”ın ilk buraxılışı izləyicilərə sürprizlər yaşadıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Xanımlar və cənablar – 2” devizi ilə yayımlanan yarışmada ən çox aparıcıların olması diqqət çəkib.
Belə ki, 18 iştirakçının Azər Axşam, Günel Hümbətova, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Firuzə Cəlilova, Aytən Səfərova olmaqla, altı nəfəri aparıcıdır.
Aparıcılardan sonra üstünlük təşkil edən müğənnilərdir. Budəfəki “Maşın”da beş müğənni iştirak edir: Əli Mirəliyev, Ruhəngiz Musəvi, Rahidə Baxışova, Roza Zərgərli, Abbas Bağırov.
Üçüncü pillədə üç nəfər olmaqla, aktyorlar qərarlaşıb. Pərvin Abıyeva, Cavidan Novruz və Məcid Hüseynov “Maşın” uğrunda mübarizə aparanlar sırasındadır.
Söz ustadları – reperlər Qurd və Uran say hesabına görə “Maşın”da dördüncü yerdədir.
Meyxanaçıları Ələkbər Yasamallı, vaynerləri isə Hüseyn Əzizoğlu təmsil edir.
Sosial mediada başlayan müzakirələri və yarışmada təcrübəsi olan iştirakçıları nəzərə alsaq, bu dəfə aparıcıların daha önplana çıxacağı gözlənilir.
Hərarətli çıxışları ilə Aytən Səfərova, Günel Hümbətova və Mətanət Əliverdiyevanın diqqət mərkəzində olacağı şübhəsizdir.
Əli Mirəliyevi də bu sıraya aid etmək olar. Müğənni oyunçuların ən sevmədiyi rəqibdir. Bunun da bariz nümunəsi “Maşın”ın ilk günündə simvolik olaraq keçirilən səsvermə zamanı məlum olub.
İkinci dəfə “Maşın” uğrunda savaşa başlayan Pərvin Abıyeva sosial şəbəkələrdə və mediadakı gücü ilə haqqında daha çox xəbər yazılan iştirakçılardan biri olacaq.
Gözəlliyi ilə tamaşaçıları ekran başına cəlb edən Abıyevanın kiminlə yaxın və kiminlə düşmən olacağını isə zaman göstərəcək. Sosial mediada tamaşaçıların kəskin nifrətinə səbəb olan iştirakçı isə Hüseyn Əzizoğludur.
Haqqında ən çox status yazılan şəxs də məhz Əzizoğludur. Onlar vaynerin “Maşın”da iştirakını birmənalı qarşılamır. Sözsüz ki, əhali arasında ona qarşı olan bu nifrət səsvermə zamanı da özünü göstərəcək. Təxminlərimiz “Getsin”ə səslərin daha çox gələcəyini deyir.
Realiti şounun digər maraqlı iştirakçıları “Maşın”da “Qara dama” təxəllüsü qazanmış, üçüncü dəfədir şouda iştirak edən Roza Zərgərli və “Maşın” ətrafında dördüncü dəfədir dövrə vurmağa hazırlaşan Əməkdar artist Abbas Bağırovdur. Bağırovun təcrübəsindən yararlanaraq, sakit, ancaq strateji oyun sərgiləyəcəyi gözləniləndir.
Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzun da önplana çıxacağı danılmazdır.
İlhamə Bədəlova və Fira Cəlilova isə tamaşaçıların həvəslə gözlədiyi iştirakçılar olmasalar da, diqqət çəkmək istəyi onlarda da özünü büruzə verəcək.
Ruhəngiz Musəvi, Rahidə Baxışova, Azər Axşamın və Qurdun daha sakit olacağı güman olunur.
“Maşın”ın ən gözlənilməz iştirakçısı isə Urandır. Şoudan ötrü Parisdən Bakıya gələn reperin dəstəkçiləri də yetərincədir. İkinci “Qaraqan” hadisəsinin yaşanacağı isə istisna deyil.
Xatırladaq ki, bu gün “Maşın” realiti şousunun ikinci günüdür. Bu axşam ATV-də 22:15-də gərgin mübarizənin ilk günü yaşanacaq.