“Mastercard”da maliyyəçi işləyən azərbaycanlı gənclə MÜSAHİBƏ + FOTO
Rəqabətli iş mühitini sevir. Deyir ki, rəqabətli mühit insanı öz üzərində
işləməyə motivasiya edir. Bu səbəbdən hər zaman işləmək üçün rəqabətli mühit
axtarışındadır. 1 il Hindistanda çalışıb, 5 ildir ki, Belçikadadır. Söhbət
“Mastercard”ın Belçika ofisində maliyyə üzrə baş analitik olaraq çalışan
azərbaycanlı gənc Pənah Abbasovdan gedir.
“Kaspi”
qəzetinin P.Abbasovla müsahibəsini təqdim edirik:
– Pənah bəy, bakalavr təhsiliniz biznesin idarə edilməsi üzrədir. Biznesə
əvvəldən marağınız olub?
– Mən ilk olaraq beynəlxalq münasibətlər üzrə təhsili seçmişdim. Atamın israrı
ilə oldu bu seçim. Özümdə də maraq var idi deyə, dedim ki, olsun. Geopolitika,
siyasət, beynəlxalq iqtisadiyyata hələ də marağım var. Lakin elə birinci kursda
gördüm ki, o sahə üzrə bizdə iş imkanları elə də geniş deyil, ona görə biznesin
idarə edilməsi üzrə təhsilə dəyişdim. Biznesin idarə edilməsi üzrə təhsil
alanda, maliyyə, marketinq, insan resursları və s. istiqamətlərin hər biri
tədris edilir, hamısından ümumi məlumatın olur. Sonra hansı istiqamət üzrə
ixtisaslaşmaq istəsən, artıq təəssüratın yaranmış olur. Bilirsiniz, nəinki
universitetə qəbul zamanı, elə bakalavr təhsili dövründə də spesifik bir
ixtisas seçmək çətindir. 18-20 yaşlarında bütün karyeranı müəyyənləşdirə
bilmirsən. Belə bir seçim etdim ki, fərqli istiqamətlərə keçid imkanım olsun.
– Beynəlxalq münasibətlərə öz marağınız olsa da, atanızın israrı ilə seçim
etmisiniz. Atanız bu dəyişiklik haqqında nə dedi?
– Atam hələ də deyir ki, bəlkə diplomatiyaya qayıdasan (Gülür). Dəyişiklik
qərarımdan sonra da atam buna qarşı idi. Sadəcə olaraq, mən seçimimi belə
etmişdim.
– Tələbə vaxtı dünyanın ən böyük gənclər təşkilatı olan AİESEC-in Azərbaycan
üzrə prezidenti də olmusunuz. Görünür, aktiv tələbəlik keçirmisiniz. Məktəb
illərindən fəal şagird kimi seçilmisiniz?
– Təbiət olaraq çox sakit, utancaq uşaq olmuşam. Tələbəlik illərində, xüsusən
də həmin təşkilata qoşulandan sonra asta-asta fəal olmağa başladım. Layihələrə
qoşulurdum, konfranslarda, tədbirlərdə iştirak etdim. Ölkə xaricinə tədbirlərə,
təcrübə proqramlarına gedirdim. Tələbəlik dövründə ingilis dilini öyrəndim,
buna qədər informasiyaya, dünyaya çıxışım yox idi. İngilis dilini inkişaf
etdirmək üçün mövcud onlayn resurslardan istifadəyə başladım. Bunlar hamısı
mənim sosiallaşmağıma, aktiv biri olmağıma gətirib çıxardı. 4 illik
professional karyerama baxanda, mənim üçün ən böyük köməyi olan, əslində,
təhsillə paralel inkişaf etdirdiyim bacarıqlar olub. Kommunikasiya, ünsiyyət,
stress altında işləmə və s. bacarıqlar bu gün çox önəmlidir.
– Yəni universitetdə öyrəndiyimiz biliklər nə isə əldə etmək üçün yetərli
deyil.
– Mən bakalavr təhsili dönəmində maliyyə dərsindən kəsilmişdim. Hazırda
“Mastercard”da maliyyə üzrə baş analitik vəzifəsində işləyirəm. Yaxud
statistikadan kəsilmişdim. Belçikada bundan öncə çalışdığım “UCB” şirkətində
data analitika üzrə xeyli layihələrdə işləmişdim və kifayət qədər də uğurlu
olmuşdu. Düzdür, bəzi fənlər var ki, onların da çox köməyi olub. Ali təhsil
zamanı öyrəndiklərimizin karyerada rolunu mən 20-30 faiz kimi
qiymətləndirərdim. Qalanı öz üzərində işləməkdir. Şirkətlər də işə qəbulda əsas
buna baxırlar.
– Universiteti bitirəndən sonra Azərbaycanda işləmədiniz?
– Qısa müddət ATƏT-in seçkilərin monitorinqi layihəsində işlədim. Düşünürəm
ki, AİESEC-in rəhbəri olmaq özü də peşəkar təcrübə idi. Dövlət qurumları ilə
işləyirdik, xaricə tələbələr göndərirdik, xaricdən tələbə qəbul edirdik. Maaş
almasam da, böyük iş təcrübəsi idi.
– Sonra bir təcrübə proqramı ilə Hindistanda işləməyə getmisiniz. Niyə
Hindistan?
– Hindistanı seçəndə, işdən çox macəra tərəfi maraqlı idi. Universiteti yeni
bitirmişdim, təşkilatda da fəaliyyətimi sonlandırmışdım. Bir az eksperiment
kimi işləmək, sonra hansı sahədə çalışmaq istədiyimə qərar vermək fikrim var
idi. Hindistanın “Tata” şirkətində bir illik təcrübə proqramı var idi.
Hindistan şirkəti olsa da, qlobal şirkət idi. Mən baş ofisində işləyəcəkdim.
Dedim, orada da işləmək təcrübəsi qazanım. Fərqli ölkə, fərqli mədəniyyətdə
işləyim. Hindistana ilk getdiyimdə insan resursları sahəsində işlədim. Sonra
gördüm ki, bu sahə mənlik deyil. Maliyyə və analitika sahəsinə işə keçdim.
– Bəs macəra tərəfini yaşaya bildiniz?
– Hindistanda hər gün macəra idi. Evdən işə getmək belə orada macəradır.
Motosikletləri taksiyə çevirirlər, yaxınlaşırsan, biri getmək istəmir, biri
gedir. Heç bir səbəb yoxdur, deyir getmək istəmirəm. Yağış olur, işə getməyə
taksi tapmırsan. Ofisdə 99 faiz hindistanlı idi. Onlarla ünsiyyət qurmaq, iş
mədəniyyətlərini anlamaq özü də macəra idi. Yemək cəhətdən də tam fərqli mühitə
düşmüşdüm. Azərbaycandan Avropaya gələndə fərqli məsələlər də olur, ortaq da.
Hindistanda hər şey fərqlidir. Oxşarlıq minimaldır. İşlədiyim müddətdə
Hindistanın 15 şəhərini gəzdim. Həm macəra idi, həm də iş. İş cəhətdən də
öyrəndiyim şeylər çox oldu.
– Hindistanda işlədiyinizdə nələri öyrəndiniz?
– Fərqli mədəniyyətlərdən olan insanlarla necə işləməyi öyrəndim. Orada
çalışdığım müddətdə digər ölkələrdəki ofislərlə sıx əlaqədə idim. Mən Belçikaya
gələndə, çalışdığım şirkətdə Hindistandan bir vender var idi. Datamızı onlar
idarə edirdilər. Hindistanda olan işçilərlə mən danışanda, onları daha yaxşı
başa düşürdüm, nəinki iş yoldaşlarım. Çünki artıq Hindistanda təcrübəm var idi.
Ümumiyyətlə, Avropada, ABŞ-də belə təcrübə var, böyük şirkətlər xərcləri
azaltmaq üçün bir çox işi Hindistandakı şirkətlərə gördürürlər. Hindistandakı
işçilərlə Avropa, ABŞ-dəki işçilər arasındakı kommunikasiya da bir problemdir.
Bir-birlərini çox vaxt başa düşmürlər. Bu cəhətdən mənə kömək olur.
– Hindistanın iş mədəniyyətində nə kimi fərqləri müşahidə etdiniz?
– Ola bilər ki, kimsə şirkətdə 30 ildir çalışır, amma onun hər hansı xüsusi
vəzifəsi yoxdur. Şirkətə 5 ildir gələn, rəhbər vəzifədə olan şəxslə eyni
hörmətə sahib olur. Mumbay ofisinin rəhbəri 25 ildir eyni işdə çalışır.
Hindistan ofisinin rəhbəri qədər hörməti var idi. İşdə olduğu təcrübə və yaş
Hindistanda böyük faktordur. Yaponlar, Sinqapurdakılar qədər olmasa da,
hindistanlılar da çox işləyirlər. Əhali sayı çox olduğuna görə rəqabət də
güclüdür. Hamısı çox ağıllı adamlardır. Hamısı aşağı maaş alırlar. Orta maaş
500 dollar idi. O işi Avropada, Amerikada görsələr, 5-6 qat artıq maaş alarlar.
Hansı ki, bunu edənlər də çoxdur.
– Hindistanda niyə qalmadınız?
– Əslində, imkanlar var idi. Hindistanda bir dostumun startapında könüllü
olaraq konsaltinq xidməti də göstərirdim. O da mənə təklif etdi ki, bizim
startapda qal. O haqda fikirləşirdim də. Mən Hindistana adaptasiya olmuşdum,
hindistanlılarla münasibətim əla idi, küçə yeməklərini də yeyirdim. Sonra
davamlı orada yaşamaq istəmədim. Hindistan fərqli mədəniyyətdir, bir ildən
sonra adam qalmaq istəmir. İndi 2-3 aylıq gedib gəzmək istəyirəm, maraqlı
ölkədir.
– Ardınca da iş üçün Belçikaya üz tutmusunuz. Belçika seçimini nəyə əsasən
etmişdiniz?
– Azərbaycanda ingilis dilini yaxşı bilirsənsə, bir neçə ölkə gəzmisənsə,
az-çox təcrübən varsa, ətrafındakılardan yuxarı kadr sayılırsan. Rəqabət azdır.
Özünü rəqabətdə hiss etmirsən. Mən isə işləmək üçün rəqabətli mühit axtarırdım.
Rəqabət mühiti sənə öz üzərində işləməyə köməklik edir. Hindistanda çalışanda
rəqabətli mühitdə idim. Yenə də iş üçün elə bir mühit axtarırdım. Belçikanın
əczaçılıq sahəsində istehsalla məşğul olan “UCB” şirkətində təcrübə proqramı
var idi. Böyük, illik 6 milyard gəliri olan şirkət idi. 33 ölkədə yerləşir. Baş
ofisləri Brüsseldə idi, mən də baş ofisə gəlirdim. 1 il ərzində 4 fərqli
departamentdə – maliyyə, logistika, insan resursları və investorla əlaqələr –
təcrübə keçirsən. Bu təcrübə proqramı mənə çox maraqlı gəldi. Belçika da
rəqabətli mühitdir. Ona görə belə bir seçim etdim.
– Təcrübə proqramı bitdikdən sonra həmin şirkətdə işə başlamısınız. Şirkət
kimlərə proqram bitəndən sonra iş təklif edirdi?
– Təcrübə proqramına gələnlərin təxminən 30 faizinə iş təklif edilirdi. Məndə
əsas faktor o idi ki, “Bilmirəm” söhbəti yoxdur. Bilmirdimsə, axtarıb tapıb onu
öyrənirdim. Həm biznes, həm də texniki bacarıqlar tərəfdən bunu edirdim. Əgər
“Excel” və kodlaşdırma lazım idisə, onlayn dərs tapıb öyrənirdim və onu
istifadə edirdim. Hazırda maliyyə sahəsində olmağıma baxmayaraq, texniki
bacarıqlarım da yaxşıdır. Fərqli proqramları müstəqil olaraq öyrənib işdə
tətbiq edə bilirəm. İş yoldaşlarımın çoxu elə bilir ki, İT üzrə təhsil də
almışam. Elə bir təhsilim yoxdur, özüm öyrənmişəm.
– 3 il sonra “Mastercard”a keçdiniz. İş dəyişmək zamanı gəlmişdi?
– 1 il təcrübə proqramı, 2 il də tam ştatlı işçi oldum. Həmin müddətdə fərqli
layihələr üzərində çalışdım, karyerada da irəliləmə gedirdi. Xarakterim belədir
ki, işi çox tez öyrənirəm. İşdə təkmilləşəndən sonra artıq yeni nəsə istəyirəm.
Eyni işdə çalışmaqdan sıxılıram. 7 aydır “Mastercard”da çalışıram. Artıq özümü
bu işdə təkmilləşmiş hiss edirəm. Fikirləşirəm ki, işin mənə maraqlı qalması
üçün gələn ilin yanvarından yeni bir pozisiya lazımdır. Köhnə şirkətdə də artıq
o səviyyəyə çatmışdım. Şirkət daxilində yüksək mövqelər var idi, amma ürəyimə
yatan biri olmadı. Ona görə başqa şirkətlərə müraciət etməyə başladım.
– “Mastercard”da gördüyünüz iş nədən ibarətdir?
– “Mastercard”ın hamıya bilinən tərəfi kartlardır. Kibertəhlükəsizlik və data
xidməti göstərən xidmətlər sahəsi də var. Mən data xidməti yönündəyəm. Kim,
harada, nə vaxt, nə qədər xərcləyir və s. kimi kart məlumatlarından data
yığılır. Kibertəhülkəsizlik üzrə böyük infrastrukturumuz var. Onun üzərindən
servis kimi dataları müxtəlif şirkətlərə satırıq. Avropa regionu üzrə şirkətin
gəlirlərinin 40 faizini bu istiqamət təşkil edir. Bu servis işində büdcə
planlaşdırılması, gəlirlərin proqnozlaşdırılması, analitikası, yeni gəlir
mənbələrinin tapılması və s. kimi işləri görürəm. İş maraqlı gəldi. Əvvəlki
şirkətdə maliyyə analitiki idim, burada isə baş maliyyə analitiki vəzifəsinə
gəldim.
– “Mastercard”da necə bir mühitdəsiniz?
– Beynəlxalq mühitdir. Hərə bir ölkədəndir. Belçikada olduğunu hiss etmirsən.
Çox, hətta toksik rəqabətli mühitdir. O qədər rəqabət var ki, bəzən işdə
qısqanclıq da görə bilirsən. Rəqabət çox olduğu üçün öz üzərində mütləq çox
çalışmalı, işini yaxşı görməlisən. Hamı görməlidir ki, sən işini çox yaxşı
görürsən. Çox innovativdir. Hər şey çox tez dəyişir.