Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşündən sonra mətbuat konfransı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri 4:1 hesabı ilə qalib gəldikləri görüş barədə aşağıdakı fikirləri bildirib:
“Çox məmnunam. Mükafat azarkeşlər üçün də önəmlidir. Bizim üçün də çox vacibdir. Hesab edirik ki, biz bu qələbəyə layiq idik. Yanvar və fevral ayında problemlər yaşadıq, amma buna yaxşı reaksiya verdik və ÇL-ə vəziqə qazandıq, ardınca Liqa Kubokunda finala çıxdıq, Avropa Liqasında isə 15 oyun oynadıq və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidir. Oyunçularım üçün çox məmnunam.
Bizim üçün çətin başlamışdı oyun. Oyunçularımdan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. “Arsenal” əks-hücumda çox təhlükəlidir. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik.
Eden Azar möhtəşəm oyunçudur. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden “Çelsi”dən getmək istəyir. Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün və ya klub mənim üçün nə edə bilər? Davam edən müqaviləm var.
Siz gözəl bilirsiniz ki, Premyer Liqada yarış səviyyəsi çox yüksəkdir. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birində məşqçiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu, normal prosedurdur. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir”.
Səbuhi MUSAYEV