ce377d1b-38f7-4010-93f7-646614ad72f7..jpg

Mayisə Ağamirzəyeva: “Ermənistanın Haaqadakı səfirliyi önündəki aksiyamız mina terroruna qarşı yönəlib” – FOTO

Baxış sayı: 623 dəfə baxılıb.

Mayisə Ağamirzəyeva: “Ermənistanın Haaqadakı səfirliyi önündəki aksiyamız mina
terroruna qarşı yönəlib” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Niderlandda soydaşlarımız “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyinin
təşkilatçılığı ilə Ermənistanın Haaqadakı səfirliyi qarşısında bu ölkənin mina
terroruna diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirəcək.

Birliyin sədri Mayisə Ağamirzəyeva “Report”un yerli bürosuna müsahibəsində
aksiyanın məqsədləri barədə danışıb:

– “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkil etdiyi bu
nümayişin məqsədləri barədə ətraflı məlumat verə bilərsinizmi?

– Etiraz aksiyamız bu bazar günü, yanvarın 28-də Haaqada Ermənistan
səfirliyinin qarşısında baş tutacaq. Əsas məqsəd odur ki, bizim hələ də
minalanmış ərazilərimiz var və Ermənistan hələ də Azərbaycana mina sahələrinin
dəqiq xəritələrini vermir. Ona görə də aksiyamız mina terroruna qarşı yönəlib,
çünki nəticədə vətəndaşlarımız həlak olur, ermənilər bütün bunlara son qoymalı
və bizə minalanmış ərazilərin xəritəsini verməlidirlər. Bu, aksiya zamanı
şüarımız olacaq.

– Bu tədbirlə erməni xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı
çatdırmağa ümid edirsiniz?

– Biz sülh istəyirik və bu sözləri beynəlxalq ictimaiyyətə, erməni əhalisinə
çatdırmağa çalışırıq. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanıİlham Əliyevin dediyi kimi, biz Qarabağda ermənilərlə birgə yaşamağa
hazırıq, güzəştə getməyə hazır olan ölkəyik. Ermənilər də öz növbəsində
Azərbaycanın bütün qanunlarına əməl etməli olacaqlar. Biz sülh istəyirik və
insanların ölməsini istəmirik.

– Aksiyanın nəticələrindən gözləntiləriniz nədir?

– Beynəlxalq ictimaiyyətin və qurumların səsimizi eşitməsini gözləyirik. Biz
Niderlandın ədalətinə inanırıq və bütün bu vəziyyətdən bezmiş ermənilərin
səsimizi eşidəcəyinə inanırıq. Dünya azərbaycanlıları bu vəziyyətdə çox
fəaldırlar. Ali Baş Komandanın “dəmir yumruğu” öz gücünü bütün dünyaya
göstərdi. Niderlandda azərbaycanlıların fəaliyyəti çox aktivdir və erməni
diasporu bunu çox gözəl bilir.

– Azərbaycanlı Qadınlar Birliyi və bütövlükdə Niderland diasporu üçün hansı
rolu görürsünüz?

– Bu, bizim üçün çox vacibdir, çünki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar
Birliyi təşkilatı 2007-ci ildən fəaliyyət göstərir və biz bu təşkilatda çoxlu
işlər görmüşük. Niderland dövləti və parlamenti artıq bizim haqqımızda
bilgilidir və fəaliyyətimizə çox müsbət və hörmətlə yanaşır. Onları
təəccübləndirən odur ki, bizdə ancaq kişilər fəal ola bilər, amma bu belə
deyil. Onu da qeyd edim ki, qadınlarımız ölkəyə çox yaxşı inteqrasiya ediblər.
Onlar burada ikinci təhsil almağa nail olublar. Onların əksəriyyəti yaxşı
vəzifələrdədir, məsələn: hakim, tərcüməçi, hüquqşünas və s.

Artıq siyasi müstəvidə özünü göstərən xanımlarımız var, bələdiyyə üzvü olan
bir şəxsi də qeyd edə bilərəm. Ona görə də Azərbaycan qadınının Niderland
ictimaiyyətində rolu böyükdür. Biz bunu dəfələrlə Niderland mətbuatında
işıqlandırmışıq, orada azərbaycanlı qadınların müsahibələri dərc olunub.
Niderlandda nəşr olunan bir jurnalla üçillik müqaviləmiz var idi. Təxminən beş
min nüsxə tirajla çıxan bu jurnalda ildə dörd dəfə azərbaycanlı qadınların
müsahibələri dərc olunurdu. Beləliklə, niderlandlı oxucular Azərbaycanın çox
böyük hissəsinin qadın əhalisinin buraya inteqrasiyası barədə
məlumatlandırılıblar.

Source link