Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: “Üç işdə işləyirdim ki,
diskləri alım” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“14 yaşından işləməyə başladım ki, sırf bu kolleksiyanı toplaya bilim. Yeganə
məqsədim idi”.
Bu sözləri Cixisyolu.com-a müsahibəsində mərhum dünyaşöhrətli pop müğənnisi Maykl
Ceksonun CD kolleksiyasını toplayan azərbaycanlı pərəstişkarıİlqar Quliyev
deyib.
Onunla müsahibəni təqdim edirik:
– İlqar bəy, Maykl Ceksonun 70 milyon abunəçisi olan rəsmi səhifəsinin sizinlə
bağlı paylaşımına rast gəldik: müğənninin CD disklərindən ibarət kolleksiya
toplamısınız. Maraqlıdır, bu həvəs necə yarandı?
– Mən uşaqlıqdan Maykl Ceksonun pərəstişkarıyam. Özü də fanatı yox,
pərəstişkarı. Bu iki söz tamam fərqlidir. Mən, sadəcə, pərəstişkar və
kolleksiyaçıyam.
Böyük qardaşım da onun pərəstişkarı olub. Gözümü açandan Maykl Ceksonun
mahnılarını eşitmişəm. Çox kiçik yaşlarımdan kolleksiya toplamağa başladım.
– Kolleksiyanın ilk elementini nə vaxt əldə etdiniz?
– 2000-ci il idi. 14 yaşından işləməyə başladım ki, sırf bu kolleksiyanı
toplaya bilim. İndi 37 yaşım var. 2006-cı ildə internetdən sifariş etmək imkanı
yarandı. Həmin vaxta qədər Bakıda olan bir neçə fanatı ilə toplaşıb, yaxın
ölkələrdən gətizdirirdik. O zaman bunun üçün ən münasib ölkə Rusiya idi.
Əksəriyyəti də pirat məhsullar idi. Qiyməti yox idi. 2006-cı ildən kəşf etdim
ki, internetdən sifariş etmək olur. Onlayn hərraclar vasitəsilə sifarişlər
etdim.
Fotoda olan CD diskləri orijinaldır. Onların hər biri dünyada məhdud saydadır.
Məsələn, eləsi var ki, dünyada ondan 15 dənədir, biri də məndədir. Maddi
imkanım hara qədər çatıbsa, o qədər almışam.
– Dünyada məhdud sayda olan həmin CD disklərini neçəyə alırdınız?
– Orada müxtəlif qiymətə disklər var. Sonuncu diski 2015-ci ildə almışam.
Devalvasiya olandan sonra azaltdım. Kolleksiyamda elə disk var ki, qiyməti 2
000 dollar. Dollar ucuz olan zaman rahat şəkildə əldə edirdim. Artıq baha ala
bilmirəm. Həqiqətən, çox bahadır.
Disklərlə yanaşı, kitablar da var. Fotoda hamısı əks olunmayıb. Kitabları da
onlayn hərrac yolu ilə əldə etmişəm. Bununla yanaşı, fan-klublarla da əlaqə
qururdum. Müştərək şəkildə alırdıq. Dünyada Maykla aid kitabları bir araya
yığsaq, Axundov kitabxanası boyda olar.
– Maykl Ceksonun mahnılarının müəlliflik hüququnun daşıyıcısı olan şirkətin
sizinlə əlaqə saxladığını bildirdiniz.
– 2012-ci ilə qədər kolleksiyanı mütəmadi yığırdım. Eyni vaxtda üç işdə
işləyirdim ki, bu kolleksiyanı yığım. Yeganə məqsədim kolleksiyanı toplamaq
idi. 2012-ci ildə Mayklın mahnılarının müəlliflik hüququnun daşıyıcısı olan
şirkətdən mənim şəxsi poçt ünvanıma mesaj gəldi. Postsovet ölkələri arasında
kolleksiyamın həcminə görə birinci yerə çıxmağım münasibətilə təbrik edirdilər.
Qeyri-rəsmi olduğunu zənn etdim. Bir müddət sonra rəsmi olduğunu öyrəndim.
Onlar bildirmişdilər ki, dünyada olan 15 orijinal diskdən biri məndədir.
Minnətdarlıq etmişdilər. Çünki o dövrdə saxta disklər yayılmışdı.
– Kolleksiyanızı sərgilərdə nümayiş etdirməklə bağlı təkliflər almısınızmı?
– Təkliflər gəlməyib. Lakin Azərbaycanda Maykl Ceksonun CD disklərinin ən
böyük və yeganə kolleksiyaçısıyam. Dünyada isə sayımız çoxdur. Maykl Cekson
kolleksiyasına görə dünyada birinci yeri bölüşən iki nəfəri şəxsən tanıyıram.
İnternet üzərindən əlaqəm var. Kolleksiya toplamaq onlar üçün daha əlçatandır,
nəinki mənim üçün.
– “Xəzinə”də olan ən ucuz və bahalı diskin qiyməti?
– Ən ucuzu 20-25 dollar, ən bahalısı 1 500-2 000 dollardır.
– Siz sırf musiqi disklərini topladığınızı söylədiniz. Neçə mahnısının diski
var?
– Mahnılarını dinləyirəm. Amma konkret cavabım yoxdur. Xarici kolleksionerləri
izləyirəm. Onlar məndən böyükdürlər. Mən 23 ildir ki, toplayıram. 30-40 il bu
işlə məşğul olanlar var. Bu bir aludəçilikdir.
– Kolleksiyanı harada saxlayırsınız?
– Şəkildə gördüyünüz foto köhnə evimizdə çəkilib. O foto 2013-cü ilin mayına
məxsusdur. O ev söküldü. Hazırda diskləri qutuda saxlayıram. Nə vaxtsa imkan
olsa, bir yer ayırmaq istəyərəm.
– Maykl Ceksonun özünəməxsus rəqs qabiliyyəti var idi. Bəs siz, rəqsinin
pərəstişkarı olmusunuzmu?
– Rəqsinə xüsusi marağım olub. Hətta həvəskar olaraq onu təqlid etməyə də
çalışmışam. Düşünürəm ki, Maykl Ceksona qulaq asan insanların çoxu ona
bənzəməyə çalışır.
– Onun vəfatından sonra CD disklərinin qiymətində artım baş verdimi?
– 2009-cu il iyunun 25-də Maykl vəfat etdi. O gün indiyə qədər yadımdadır.
Sağlamlığında problem olduğunu bilirdim. Ölümü gözlənilməz deyildi, amma çox
pis oldum. Onu izləyən insan üçün ailə üzvünün itkisi kimi oldu.
Vəfatından bir neçə saniyə sonra onun bütün multimedia əşyalarının qiyməti
artdı. 40 dollara olan diskin qiyməti 400 dollara qalxmışdı. Çoxlu sayda saxta
diskləri də meydana çıxdı. Bunlar hamısı keçdi getdi.
– Kolleksiyanızda ən sevdiyiniz əşya hansıdır?
– Kolleksiyamda olanların hamısı mənə əzizdir. Onları ayırmıram. Göz bəbəyim
kimi qoruyuram. Məndə Mayklın öz şlyapası var. Son günlər yayılan fotoda
yoxdur. Çünki o foto 2013-cü ilin mayında çəkilib. Həmin foto çəkiləndən iki ay
sonra şlyapanı əldə etmişəm. Maykl Cekson həmin şlyapanı 1996-cı ildə
Amsterdamda konsert zamanı fanatlarına atıb. Bu onun adəti idi. 2013-cü ildə
şlyapa hərraca çıxarıldı. Şlyapaları digər geyimlərinə nisbətən ucuz olub.
Qiyməti yadımda deyil. Sifarişlə onlayn hərrac vasitəsilə aldım.
– Kolleksiyanızdakı əşyaları nə zamansa satmağı düşünürsünüzmü?
– Xaricdən də təkliflər olub. Satmağı düşünmürəm. Hələ ki, ağlımdan keçməyib.
Lazım olmayıb. İnşallah, şərait və ehtiyac olmaz.
Nəzrin Vahid