a59811b7-9a36-43e8-902b-a1fd4cb80c56.jpg

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Baxış sayı: 217 dəfə baxılıb.

Oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv
ölkələrin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci
iclası keçirilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev tərəfindən qəbul ediliblər. Daha sonra Şuranın iclası öz işinə başlayıb.

İclas iştirakçıları MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici
təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də
beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin
səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki,
MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir
çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və
bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici
dairələrin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv
fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq
olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın
davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat
məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.

Həmçinin qeyd olunub ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan
transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi,
kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü
daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara
qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.

Tədbir çərçivəsində mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik
təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata
keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılıb.

Source link