509972d5-e212-404b-9d61-2c45df7aadee..jpg

Mebel seçərkən nələrə diqqət etməliyik? – Mütəxəssis RƏYİ

Baxış sayı: 981 dəfə baxılıb.

Mebel seçərkən nələrə diqqət etməliyik? – Mütəxəssis RƏYİ

Ev üçün mebel seçmək çox məsuliyyətli bir işdir. Çünki mebel uzunmüddətli
istifadə üçün nəzərdə tutulduğundan seçimi də diqqətli olmalıdır. Seçim zamanı
bir çox nüanslar var ki, onlara fikir verilməlidir. Bir çoxları əvvəlcə
evlərini təmir edir, ondan sonra evin interyerinə uyğun mebel axtarmağa
başlayır. Mebel mütəxəssisləri bunun səhv addım olduğunu düşünürlər. Çünki
artıq evin divarları boyanıb və ya divar kağızı çəkilib, müəyyən rəngdə döşəmə
vurulub, tavanın da bütün bunlara uyğun bir rəngi seçilib. Demək, alınacaq
mebel artıq mövcud olanlara uyğunlaşdırılmalıdır. Amma mebellər, əsasən, daha
çox populyar rəng, forma və ölçülərdə istehsal olunur. Ona görə də yaxşı olar
ki, təmirlə birgə mebel barəsində də düşünülsün. Bəs mebel seçərkən nələrə
diqqət etməli, nələrə üstünlük verməliyik?

“Kaspi”

qəzeti məsələ ilə bağlı araşdırma aparıb.

Mebel ilk növbədə zövqə və rahatlığa görə seçilsə də, işləkliyi mütləq
yoxlanılmalıdır. Məsələn, mexanizm olan hissələrə xüsusi diqqət ayırmaq
lazımdır. Əgər divan və bazalı (altlıqlı) çarpayı alırsınızsa, ilk növbədə onun
rahat açılıb-bağlanmağını yoxlayın. Çarpayının altlığına mütləq diqqət yetirin.
Müxtəlif cür altlıqlar var. Ən yaxşısı, taxta və ya metal barmaqlıqlardan
düzələndir. Bu cür çarpayıda hava həmişə sirkulyasiya edir və mebel daha
uzunömürlü olur.

Şifoner və dolabların qapılarının “petlələri”nə, kilidlərinə təkrar-təkrar
baxılmalıdır. Onlar keyfiyyətli materiallardan hazırlanmalıdır ki, sıradan tez
çıxmasın. Bundan başqa, rəflərinin ağırlıq saxlamaq gücünə də diqqət yetirmək
lazımdır. Keyfiyyətsiz materialdan hazırlanan dolab rəflərinin ağırlığa
dözməyib sınması nəticəsində büllur qabların, çini servislərin sındığını az
görməmişik.

Mütəxəssislər hesab edir ki, stol və stul seçiminə də barmaqarası yanaşmaq
olmaz. Stol arxasında düzgün oturmaq sağlamlıq üçün çox vacib məsələdir. Ona
görə də stol və stulun hündürlüyü düzgün olmalıdır. Əks halda, onurğaya pis
təsir edər. Materialını və dizaynını bəyəndiyiniz stol-stulu almazdan əvvəl
yoxlayın. Belinizi dik tutaraq stula oturun. Stolun üstünə yüngülvarı
dirsəklənin. Ayaqlarınız tam döşəməyə çatmalı, dizləriniz stolun altlığına
toxunmamalıdır. Baxın, əgər hündürlüyü sizə uyğun deyilsə, özünüzü rahat hiss
etmirsinizsə, o dəsti almayın.

Mebel seçimində zövq və bilgilərimizlə yanaşı, büdcəmizin də rolu böyükdür.
Əlbəttə ki, taxtadan hazırlanan mebellər baha olsa da, daha keyfiyyətli və
yaxşı hesab olunur. Əsasən qoz, şabalıd, şam və s. ağac növlərindən hazırlanan
mebellərin qiyməti əl yandırır. Amma natural məhsul olduğundan ekoloji baxımdan
əla sayılır. Orta və aşağı büdcəli təbəqə üçün daha uyğun “DSP” və “MDF”dən
hazırlanan mebellərdir.

Əslində, mebel bazarında istənilən büdcəyə uyğun mebellər var. Onların qiyməti
materialına, istehsal ölkəsinə, hətta brendinə görə dəyişir. Yataq dəstlərini
(ikinəfərlik çarpayı, iki tumba, şifoner, güzgülü komod) minimum 2500-3000-dən
başlayaraq, 12000-13000 manat və daha yuxarı qiymətlərə almaq olar. Bunların
bahalıları xaricdən gətirilmə, nisbətən ucuzları isə xarici materiallarla yerli
istehsal sayılan dəstlərdir və əsasən fabrik mallarıdır. Türkiyə istehsalı olan
dəstlər isə ortalama 4000-6000 manat civarında dəyişir. Amma yerli sexlərdə də
yetərincə mebel istehsal olunur. Bu cür istehsal olunan yataq dəstlərini
1200-1500 manata da almaq mümkündür.

Qonaq otağı dəstlərinin (Vitrin, bufet, bufet aynası, stol və 6 stul)
qiymətinə nəzər salaq. Yenə də 2000 manatdan başlayaraq 6000-8000 manat və üzü
yuxarı qiymət dəyişir. Bu cür dəstlərin də sex istehsalı olan ucuz versiyaları
var. Son zamanlarda künc divanları çox dəbdədir. Onların da qiyməti 1500-3500
manat arası dəyişir. Sadə divan formalarını da 500 manatdan başlayaraq
istənilən qiymətə almaq olar.

Bütün bunlarla yanaşı, deməliyik ki, mebeli təkcə hazır yox, həm də evinizin
ölçü və interyerinə uyğun olaraq özünüz də sifariş edə bilərsiniz. Bundan ötrü
xüsusi peşəkar mebel ustaları var ki, evə gəlir, otağınızın ölçüsünə və
təmirinə uyğun olaraq istədiyiniz mebelin dizaynını çəkir, materialı və qiyməti
danışırsınız, hazırlayıb gətirirlər düz ünvanınıza. Üstəlik quraşdırırlar da.
Gəlin indi də sifarişlə hazırlanan mebelləri araşdıraq, görək onda nəyə diqqət
etməliyik. Mebel ustası Rauf Alagözov deyir ki, ilk növbədə mebel hazırlanacaq
materialla maraqlanmaq lazımdır: “Ən keyfiyyətlisi natural ağacdan olan
materiallardır ki, onların da qiyməti ağacın növünə və keyfiyyətinə görə
dəyişir. Bu cür mebel baha başa gəlir, amma uzunömürlüdür. İndiki dövrdə ən çox
istifadə olunan və nisbətən münasib qiymətə olan MDF paneldir. Yəni daha çox bu
materiala üstünlük verilir. Daha ucuz materialdan mebel istəyənə laminat (yerli
və xarici materiala görə hər qiymətə var) təklif olunur. Bir az bahalı və
keyfiyyətli iş istəyənə isə mdf+boya təklif olunur ki, bu həm də mətbəx mebeli
üçün idealdır. Mətbəxdə olan nəm və su miqdarını nəzərə alsaq, o mebel üçün
laminat istifadə etmək doğru deyil”.

Rauf bəy bundan başqa insanların sifarişi harada verəcəklərinə də mütləq
diqqət yetirməli olduğunu deyir: “Hazırda bazarda dələduz mebel “ustaları” da
az deyil. Sifarişi götürəndə başqa material göstərib mebeli daha ucuz,
keyfiyyətsiz materialdan yığırlar ki, bu da müəyyən müddət sonra problemlər
yaradır. Belə ki, mebel tez sıradan çıxır, sınıb-dağılır”. Usta qiymətlərlə
bağlı da danışdı: “Bu gün mebel bazarında qiymətlər çox dəyişkəndir. Materialı
indi bu, bir az sonra başqa qiymətə alırsan. Ona görə də qiymət sifariş
götürülən zaman təyin olunur və ona uyğun hazırlanıb, təhvil verilir”.

Source link