<>Oktyabrın 18-də iqlim konfransına hazırlıq işləri ilə bağlı COP29
Azərbaycan Əməliyyat Şirkəti tərəfindən tədbirin keçiriləcəyi Bakı Olimpiya
Stadionuna mediatur təşkil edilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat
Xidmətindən məlumat verilib.
Bildirilib ki, 60-dan çox media nümayəndəsinin, o cümlədən teleradio
şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin
iştirak etdiyi mediaturda COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə
ətraflı məlumat verilib.
Mediaturda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, COP29 Təşkilat
Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə
Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də
Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.
Tanışlıq turu çərçivəsində media nümayəndələrinə tədbir məkanının konfransa
hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər barədə geniş
məlumat verilib, ərazidə icra edilən tikinti-quraşdırma işlərinin yekun
tamamlanma mərhələsində olduğu və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil veriləcəyi
bildirilib.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı
Olimpiya Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir
məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif
təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media
nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı
Media Mərkəzinə də baxış keçiriblər. Qeyd olunub ki, indiyədək konfransın
işıqlandırılması üçün dünyanın ən nüfuzlu media qurumları da daxil olmaqla, 2
700-ə qədər media nümayəndəsi akkreditasiyadan keçib və hazırda qeydiyyat
prosesi davam edir. 6 325 kvadratmetr sahəni əhatə edən Media Mərkəzində 1 200
media nümayəndəsinin eyni anda işləyə bilməsi üçün hər cür şərait təşkil olunub.
Mediatur çərçivəsində həmçinin qeyd edilib ki, cari tarixə olan məlumatlara
əsasən, COP29-da iştirak üçün qeydiyyatdan keçən müxtəlif ölkə nümayəndələrinin
ilkin sayı artıq 28 000 nəfər təşkil edir. COP tədbirlərinə xas olaraq əksər
nümayəndə heyətlərinin tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət
etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu
rəqəmlərin yaxın həftələrdə dinamik artımının müşahidə ediləcəyi bildirilib.
Xüsusilə vurğulanıb ki, COP29 konfransının təşkili zamanı inklüzivlik və
müyəssərliyin təmin olunması əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Belə
ki, tədbir məkanın hər kəsə əlçatan olması üçün tikinti və quraşdırma işlərinin
bütün mərhələlərində müvafiq tələblər nəzərə alınıb.
Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə
cavablandırılıb.
baş tutub
Media nümayəndələrinin COP29 tədbir məkanına mediaturu baş tutub