Medianın İnkişafı Agentliyinin rəhbərliyinə yeni təyinat olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib.
Cixisyolu.com xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov,
Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova,
Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.
İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov
vurğulayıb ki, Azərbaycan Prezidentiİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
mediasında islahatlar davam etməkdədir. Bu yeni mərhələdə medianın inkişafının
dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə
təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və
informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin
fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya
texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda
duran əsas çağırışlardandır.
İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik
hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən
işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı
fikir mübadiləsi aparılıb.
Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı
əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi
məsələsi səs verməyə çıxarılıb və təsdiq olunub.
Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu
təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar
qəbul edib.