Medvedevin “Fransa və terror” bəyanatının pərdəarxası – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Crocus City
Hall”dakı terror aktının arxasında Fransanın dayandığını bəyan edib.
Medvedevin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun və digər Qərb
liderlərinin bu terrorda əli var.
“Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının
sponsorlarıdır. Bunun üçün heç bir bağışlanma yoxdur. Burada toxunulmazlığın
arxasında gizlənmək mümkün deyil”, – deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, terrora görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.
Fransa özü İŞİD terrorundan əziyyət çəkən ölkə olsa da, Parisin səhnə
arxasında terror təşkilatı ilə əlaqələri mövcuddur. Bu, yeni tendensiya da
deyil.
Məhkəmə sənədləri ilə sübut olunub ki, Fransanın Paris şəhərində yerləşən
“Lafarge” şirkəti və baş ofisi Suriyanın paytaxtı Dəməşqdə yerləşən “Lafarge
Cement Syria” zavodu 2013-2014-cü illərdə İŞİD-ə külli miqdarda pul ödəyib.
Belə ki, şirkət Suriyada sement zavodunun istismarına icazə müqabilində İŞİD
və “Əl-Nusra Cəbhəsi”nə pul verib. İstismara icazə veriləndən sonra “Lafarge”
təxminən 70,3 milyon dollar gəlir əldə edib.
“Lafarge” və onun törəmə şirkəti törətdiyi cinayəti etiraf edib. Göründüyü
kimi, terror cinayətləri Fransa şirkətinin timsalında Parisin də üzərinə
şübhələr qoyur.
Çünki şübhə yeri qalmır ki, “Lafarge” məhz Fransanın xeyir-duası ilə Suriyada
İŞİD-lə sövdələşməyə girib.
Bunlar Medvedevin bəyanatı fonunda yenidən Fransa-İŞİD əlaqələrini üzə çıxara
bilər.
Yəqin indi Moskvanın əlində məlumat var ki, Fransa ilə İŞİD arasında
sövdələşmələr var. Bu sövdələşmə isə Rusiyada terrorla nəticələndi.
Paris üçün insan həyatının dəyəri yoxdur. O, öz ambisiyaları naminə hətta
Fransanın özünü hədəfə gətirən terror təşkilatı ilə razılıqlar əldə edir.
Belə bir dövlətin sülh və təhlükəsizliklə əlaqədar tezisləri heç zaman səmimi
ola bilməz.
Ona görə də, Fransa dünyanın heç bir yerində, o cümlədən Cənubi Qafqazda sülh
və ədalət axtarmır.
Onun axtardığı şeylər pis niyyətlərini dövriyyədə saxlayaraq regional
çalxalanmalar yaratmaqdır.
Elə son zamanlar Ermənistanın Azərbaycanla şərti sərhəddə təxribatlar
törətməsinin də səbəbləri Fransadır. Çünki Fransa qarışıqlıqdan, xaosdan,
qandan qidalanır.
O, Avropa İttifaqını da öz çirkin ambisiyalarına alət edir. Amma hər şey göz
qabağındadır: Fransa terror təşkilatları ilə əlaqədən tutmuş təhlükəsizlik üçün
digər bədxah əməllərə qədər addımların sahibidir.
Ermənistanda isə Fransanın şirin vədlərinə inanırlar. Olsun, amma deyəsən,
hesablamırlar ki, Fransa ermənilərdən ibarət legion yaradıb onu Ukraynada
döyüşməyə göndərmək niyyətindədir.
Aqil Vəlili