Həbsdə olan bloqer Mehman Hüseynova ötən gecə vəfat edən anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etməyə icazə verilib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Report-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
O qeyd edib ki, M.Hüseynovun anasının yas mərasimində iştirak etməsi ilə bağlı müraciətinə baxılıb və müvafiq qərar qəbul olunub. M.Hüseynov anasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Xatırladaq ki, Nəsimi rayon Polis idarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
O, bloqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov iki il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib.