Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uperlə görüşüb.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxunub, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyindən məmnunluğunu bildirib.
Ölkələrimiz arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirən Mehriban Əliyeva bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-Fransa parlamentlərarası əlaqələrinin mühüm rol oynadığını diqqət çatdırıb. Bildirib ki, son illər ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilib.
Birinci vitse-prezident iqtisadi əlaqələrə toxunaraq enerji sektorunda mövcud olan çox uğurlu əməkdaşlığı qeyd edib, bununla yanaşı, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə qurulan əməkdaşlıqdan danışıb, Azərbaycanda bir çox Fransa şirkətlərinin uğurlu fəaliyyətini vurğulayıb.
Humanitar əlaqələrin əhəmiyyətinə toxunan Mehriban Əliyeva bu sahədə uğurlu əməkdaşlığın formalaşdığını bildirib, humanitar əlaqələrin ölkələri, insanları bir araya gətirdiyini diqqətə çatdırıb.
Birinci vitse-prezident Azərbaycan mədəniyyət günlərinin təkcə Fransanın paytaxtı Parisdə deyil, bu ölkənin digər şəhərlərində də uğurla keçirildiyini və böyük maraqla qarşılandığını xatırladaraq, eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən tədbirləri qeyd edib. Mehriban Əliyeva Azərbaycanda Fransız liseyinin, Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
“Bu sahədə çox işlər görülüb, amma yenə də potensial var”, – deyən birinci vitse-prezident ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uper birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdən şərəf hissi duyduğunu söyləyib. O, Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafının məmnunluq doğurduğunu deyib.
Qonaq Mehriban Əliyevanın ölkəmizin Fransada təbliği üçün gördüyü işləri yüksək qiymətləndirib, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxunub.
Alen Uper son illər Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin münasibətlərin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Senator Azərbaycanın dünya üçün vacib ölkə olduğunu bildirib.
14:57
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uperlə görüşüb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə AZƏRTAC xəbər yayıb.