Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı
sərgidə iştirak edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan
tikmələrinə səyahət” adlı sərgi açılıb.
AZƏRTAC
xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci
vitse-prezidentiMehriban Əliyeva və Özbəkistan Respublikası Prezidentinin
köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin
direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Azərbaycan və
Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin
xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin
şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu
qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla
təşkil olunduğunu xatırladıb.
Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha
bir göstəricisi olduğunu qeyd edən Anar Ələkbərov deyib: “Heydər Əliyev Mərkəzi
hazırda beynəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya
çevrilib. Bu tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya təşəkkürümüzü bildirmək istərdik. Bu gün biz Özbəkistan Respublikası
Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və Özbəkistan Mədəniyyətinin və
İncəsənətinin İnkişafı Fondunun sayəsində Heydər Əliyev Mərkəzində Özbəkistana
həsr olunan birinci tədbiri keçiririk. Dünən “Lazgi. Qəlb və sevginin rəqsi”
adlı balet tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil olan rəqsdir. Bildiyiniz kimi, gələn həftə Novruz bayramıdır.
Bu bayram günlərində ziyarətçilərimiz həm bu gün açılan sərgi, həm də bu sərgi
ərəfəsində Mərkəzdə Daniel Vürtzelin nümayiş etdirilən “Hava fontanı”
instalyasiyası ilə tanış ola biləcəklər”.
Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva tədbirdə çıxış edərək
Azərbaycanda olmaqdan və bu sərginin təşkilindən məmnunluğunu ifadə edib: “Bu
gün Bakıda, Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan
tikmələrinə səyahət” adlı böyük sərgi açılır. Bu sərgi təkcə dekorativ-tətbiqi
sənət kolleksiyasını nümayiş etdirmir, həm də Özbəkistanın mədəni irsinin
zəngin müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni
təkamülünün təcəssümüdür”.
Özbəkistan ilə Azərbaycan arasında bənzərsiz tarixi əlaqələrin mövcudluğunu
qeyd edən Saida Mirziyoyeva vurğulayıb: “Hər iki dövlət çoxəsrlik tarixə və
zəngin mədəni ənənələrə malikdir. Özbəkistanı və Azərbaycanı tarixdə,
mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq
qonaqpərvərliyi, zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyma, keramika
kimi nadir xalq sənəti irsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız
arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq səylərimizin
sübutuna çevrilsin”.
Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və
Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun
dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” və “Kukla
incəsənətdə” sərgiləri ilə tanış olublar.
Qeyd edək ki, xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib. Qədim sənətə
yeni nəfəs verən sərginin kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”,
“Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ağaclı”, “Narlı“,
“Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət
quşları” və “Cənnət bağı” dəstxalı – gəbələri bənzərsiz sənət nümunələri böyük
maraqla qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri
vasitəsilə ziyarətçilərə öz mesajlarını çatdırır.
“Kukla incəsənətdə” sərgisində isə 200-dən çox kukla nümayiş etdirilir.
Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə
hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq
kukla festivalları və biennalelərində qalib olub.
Daha sonra Mehriban xanım Əliyeva və Saida Mirziyoyeva “İlmələrdə yaşayan irs:
Özbəkistan tikmələrinə səyahət” sərgisinin rəmzi açılışını bildirən lenti
kəsdilər və ekspozisiya ilə tanış oldular.
Məlumat verildi ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu
ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 140-dan çox
dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir. Dost ölkənin mədəni-tarixi
irsinə və milli geyimlərinə həsr olunan ekspozisiya XIX-XX əsrlərdə Özbəkistana
xas sənətkarlığın dirçəlişini əks etdirir. Buxaranın qızıl tikmələri hər zaman
Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.
“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi bir neçə
bölmədən ibarətdir: kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı
çapanlar (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz,
Nurata və Buxara kimi şəhərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz
motivlərinin üstünlük təşkil etdiyi dekorativ tekstil – suzani nümunələrinin
nümayiş olunduğu tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan
qədim ustaların gümüşdən, firuzə və digər qiymətli daşlardan hazırladıqları
zərgərlik nümunələri bölməsi.
Tədbirdə Özbəkistanın milli musiqisi səsləndirilib.
Bakı sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev Mərkəzində sərgi ilə
iyulun 1-dək tanış ola bilərlər.