10f3a62f-5d1e-46a4-8806-57796d520ab8..jpg

Meksika mətbuatında Qərbin Azərbaycana qarşı ikili standartları ifşa edilib – FOTO

Baxış sayı: 483 dəfə baxılıb.

Meksika mətbuatında Qərbin Azərbaycana qarşı ikili standartları ifşa edilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El
Universal” qəzetində “Mirajlar və reallıqlar: Qərbin Qafqazda ikili
standartları siyasətinin ifşası” sərlövhəli məqalə dərc edilib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi
Talya İşcanın müəllifi olduğu məqalədə otuz illik erməni işğalından sonra
Azərbaycan ərazilərinin azad edilməsi və Ermənistan daxil olmaqla, bütün dünya
tərəfindən Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsində Azərbaycan
silahlı qüvvələri tərəfindən həyata keçirilən antiterror tədbirlərinin ABŞ və
Avropa İttifaqının bəzi ölkə və KİV-lərinin ikili standartlarını və təxribat
xarakterli hərəkətlərini açıq şəkildə ortaya qoyduğu bildirilir.

Yazıda Qərbdə çox vaxt erməni separatçılarına dəstək göstərən, ölkəmizə qarşı
qərəzli və əsassız neqativ mənzərənin müşahidə olunduğu vurğulanır, Ukrayna
məsələsində ərazi bütövlüyü prinsipini müdafiə edən Qərbin Azərbaycana
münasibətdə həmin prinsipə qarşı etinadsız münasibətinin paradoksal olduğu qeyd
olunur, ABŞ kimi ölkələrin dünyanın müxtəlif bölgələrində antiterror
əməliyyatları adı altında həyata keçirdiyi əməliyyatların daha az tənqidə səbəb
olduğu bildirilir.

Məqalədə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra regionda
nisbi sakitliyin yarandığı, hazırda burada yenidənqurma prosesinin həyata
keçirildiyi bildirilir. Buna baxmayaraq, Qərbin aktorlarının bu mərhələyə
dəstək göstərmək əvəzinə regionda gərginliyi saxlamaqda, onların sanki
Rusiyanın əvvəlki təsirini öz təsirləri ilə əvəzləməkdə maraqlı olduqlarının
müşahidə edildiyi qeyd olunur.

Müəllif iki aya yaxındır ki, Azərbaycan və Ermənistan arasındakı şərti
sərhəddə atəşkəsin pozulmamasını müsbət siqnal olduğunu vurğulayır, lakin bunun
avropalılar və amerikalılarda sevinc deyil, daha çox narahatlıq yaratdığını
təəccüblə qeyd edir.

Məqalənin sonunda hazırda bölgədə müharibə riskinin olmadığı, lakin Qərbin
hipotetik “Azərbaycan təhlükəsi”ni bəhanə gətirərək Ermənistanda hərbi
mövcudluğunu gücləndirməkdə qərarlı göründüyü qeyd olunur, həmçinin Qərb
KİV-lərində Azərbaycana qarşı bu qərəzli narrativin məqsədyönlü şəkildə geniş
yayılması, habelə C.Borrelin Azərbaycana qarşı təzadlı bəyanatının Qərbin
Qafqazda öz təsirini gücləndirmək kimi açıq və aydın strateji məqsədə xidmət
etdiyi bildirilir.

Source link