6bc3e5aa-ee57-4831-84b6-e21c13b173c1..jpg

Memar: “Mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin siyahısı yenilənməlidir” – “KASPİ”nin ŞƏRHİ + FOTO

Baxış sayı: 834 dəfə baxılıb.

Memar: “Mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin siyahısı
yenilənməlidir” – “KASPİ”nin ŞƏRHİ + FOTO

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirələrdən birində məlum olub ki,
paytaxtda hələ də diqqətdən kənarda qalan və sökülmək, məhv olmaq təhlükəsi ilə
üzləşən çox sayda memarlıq abidələri var. Mütəxəssislər də məsələ ilə bağlı
ciddi dəqiqləşdirmə işlərinin aparılmasına, mövcud siyahının yenilənməsinə
ehtiyac duyulduğu qənaətindədirlər.

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Bakı Şəhər İcra Hakimiyyətinin müşavirələrindən birində bəzi respublika
təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi tənqid
edilib. Belə ki, bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil
edilmədiyindən sökülmək təhlükəsi ilə üzləşiblər. Paytaxt rayonlarının icra
hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla
razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını
qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər. Amma
xatırladığımız qədəri ilə memarlıq abidələrinin siyahısı tərtib edilmişdi. Əgər
bu siyahı varsa, necə ola bilər ki, hələ də bəzi abidələr diqqətdən kənarda
qalıb?

6308 tarixi mədəniyyət abidəsi qeydə alınıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətindən bildirilib ki, siyahı olsa da, abidələrin müəyyənləşməsi
sonu olmayan prosesdir:

“Tarix və mədəniyyət abidələrinin son siyahısı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq
edilib. Həmin siyahıda 6308 tarixi mədəniyyət abidəsi qeydə alınıb. Tarix və
mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması davamlı olaraq həyata
keçirilir. Tarix, memarlıq və arxeoloji abidələr müəyyən edilərək müvafiq
proseduralar həyata keçirildikdən sonra dövlət qeydiyyatına alınırlar.

Son illər ərzində ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində əvvəlki
siyahıya daxil edilməyən 1400-dən çox tarix, memarlıq və arxeoloji əlamət
daşıyan obyektlər müəyyən edilərək yeni aşkar edilmiş tarixi mədəniyyət
abidələri kimi qeydə alınıb. Aparılan monitorinqlər zamanı abidələrin fiziki
vəziyyətləri vizual olaraq qeydiyyata alınıb, onların coğrafi koordinatları GPS
vasitəsilə təyin edilib, qorunması işi təşkil olunub. Eyni zamanda, Azərbaycan
Memarlar İttifaqı tərəfindən təklif edilən binaların da memarlıq abidələri
qismində reyestrə daxil edilməsi istiqamətində tədbirlər görülür. Amma bununla
yekunlaşacaq demək olmaz. Çünki yeni abidələr yaranır, dövr dəyişdikcə digər
abidələri siyahıya salmaq, çıxarmaq lazım olur”.

300-ə yaxın bina var ki…

Memar Elçin Əliyev isə bildirib ki, son təsdiq olunan siyahı Sovet dövründə
qeydiyyata alınmış binalar əsasında hazırlanıb:

“Memarlıq abidələrinin siyahısı axırıncı dəfə 2001-ci ildə təsdiq olunub. Amma
o abidələrin də 99 faizi sovetlər zamanında qeydiyyata alınıb. Həmin dövrdə də
abidələrin çoxu qəsdən siyahıya salınmırdı. Təəssüf ki, müstəqillik dövründən
sonra da bu siyahılara yenidən baxılmayıb. 300-ə yaxın bina var ki, onlar
qorunan memarlıq abidələri siyahısına daxil edilməlidir”.

Düzgün olmayan bölgü

E.Əliyevin sözlərinə görə, bəzən lazım olmayan binalar da siyahıya salınır:

“Məsələn, Milli Məclisin binası sovet vaxtında tikilən adi beton binadır. Onu
dövlət əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya əlavə ediblər. İstiqlaliyyət
küçəsindəki İsmailiyyə Sarayı yerli, amma hansısa hamam dünya əhəmiyyətli abidə
hesab olunur. Hamam əhəmiyyətsizdir demirik, amma bölgü düzgün deyil”.

Subyektiv amillər də var

Memar bildirib ki, abidələrin siyahıya salınmasına mane olan subyektiv amillər
də var:

“Abidə bəzən siyahıda olmayanda sökülür, yerində yeni nəsə tikilir. Bu barədə
illərdir danışılır, amma heç bir addım atılmır. Abidəni sökəndə kimsə gəlib söz
deyəndə, tikinti şirkəti əsas gətirir ki, rəsmi memarlıq abidəsi deyil, adı
siyahıda yoxdur. Üzeyir Hacıbəyov küçəsində yerləşən Səbail Rayon İcra
Hakimiyyəti vaxtilə tarixi bina idi. Onu söküb, yerində yeni bina tikib, adını
memarlıq abidəsi qoyublar. Üstünə də lövhə vurublar ki, dövlət tərəfindən
qorunur”.

E.Əliyevin fikrincə, elə binalar ola bilər ki, onların üzərində hansısa
memarlıq elementi yoxdur, amma əhəmiyyətli hesab olunar:

“Abidələr siyahıya salınarkən ümumi memarlığı, tikilmə dövrü, fasadında
memarlıq elementlərinin sayı, interyeri, şəhərin həmin hissəsinin mühiti nəzərə
alınmalıdır. Amma yüzlərlə 2-3 mərtəbəli bina var ki, elementləri yoxdur, amma
şəhərin mərkəzinin mühitini, strukturunu təşkil edir. Təbii ki, onlara da əl
vurmaq olmaz”.

5-10 il vaxt tələb edən proses

Memar qeyd edib ki, abidələrin siyahıya salınmasına vaxt lazımdır:

“Memarlıq abidələrinə yenidən baxılmalı, müstəqil Azərbaycan dövrünün siyahısı
tərtib olunmalıdır. Bir-bir binaları gəzmək, materialları toplamaq uzun və
çətin işdir. Binaları analiz edib, siyahıya salmağa 5-10 il lazımdır. Dövlət
proqramı, Mədəniyyət Nazirliyinin nəzdində bu işləri aparan orqan olmalıdır”.

5 min illik tarixin abidələri

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərovun sözlərinə görə,
tarixi abidələrlə bağlı çox həssas münasibət var:

“Cənab Prezidentin tapşırığı ilə heç bir tarixi abidəyə toxunulmur. Abidələri
Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi müəyyən edir. Amma hansısa
abidə siyahıdan kənarda qala bilər. Çünki tək Bakı şəhəri yox, Azərbaycanın hər
yeri abidələrlə doludur. Ölkəmizin ərazisi balaca olsa da, burada təxminən 5
min illik bir tarix yaşanıb. Bu vaxta aid abidələrin hamısını qeydiyyata almaq
mümkün deyil. Ona görə heç kimi günahlandırmaq olmaz”.

“Bütün abidələri siyahıya sala bilmərik”

Deputatın fikrincə, abidələrin qorunmasını sırf hansısa qurumun üzərinə atmaq
düzgün deyil:

“Hansısa abidə kənarda qalırsa, etiraz etmək lazımdır. Çünki abidələr bütün
xalqa aiddir, hər kəs qorumalıdır. Siyahıdan kənarda qalmış abidəni görəndə
Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyinə məlumat verməliyik.
Abidələrin qorunmasına hansısa təşkilat laqeydlik göstərsə, o zaman cəmiyyətin
tənqid hədəfinə çevrilməlidir. Çünki abidələr bizə keçmişimizdən,
dədə-babalarımızdan qalıb, həmçinin gələcək nəslə özümüzü ifadə etməyin mədəni
nümunəsidir. Amma biz nə qədər çalışsaq da, bütün abidələri siyahıya sala
bilmərik. Ona görə ən əsas abidələri götürməliyik”.

Source link