4ea02832-dfb7-4ca4-a9bc-e50b6f431be3..jpg

Mesopotamiyanın qəlbindən REPORTAJ – FOTO

Baxış sayı: 585 dəfə baxılıb.

Mesopotamiyanın qəlbindən REPORTAJ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Diyarbəkir şəhəri Sur Mədəniyyət Yolu festivalının 9-cu və ən əhəmiyyətli
dayanacaqlarından hesab olunur. Festival bölgənin tarixini və mədəniyyətini əks
etdirən bir sıra sərgilər, tarixi məkanlar, muzeylər və digər özəlliklərlə
tanış olmaq üçün yaxşı imkan oldu.

“Kaspi”

qəzetinin festivaldan hazırladığı reportajı təqdim edirik:

“Türkiyə Mədəniyyət Yolu” (Türkiyə Kültür Yolu) festivalları bu il
coğrafiyasını daha da genişləndirib. 100 gün boyunca ölkənin 11 şəhərini əhatə
edəcək festival dünyanın ən uzunmüddətli mədəniyyət layihələrindən sayılır.
Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən festival günlərində
ölkənin mədəni mirasını – tarixi bölgələrini, incəsənətini, turizmini, əl
sənətini, qastronomiya və s. dəyərlərini qonaqlara və ölkə əhalisinə tanıtmaq
məqsədilə silsilə təbirlər keçirilir. Nazirlik bu festivalların bütün Anadoluya
yayılmasını hədəfləyib.

Festivalın 9-cu dayanacağı

Diyarbəkir şəhəri festivalın 9-cu və ən əhəmiyyətli dayanacaqlarından hesab
olunur. 14-22 oktyabr tarixlərində keçirilən Diyarbəkir Sur Mədəniyyət Yolu
festivalında Türkiyənin ölkəmizdəki Səfirliyi və Türkiyə Mədəniyyət
Nazirliyinin dəvəti ilə Azərbaycandan media nümayəndələrinin də qatılması
bölgənin tarixi və mədəniyyətini əks etdirən bir sıra sərgilər, tarixi
məkanlar, muzeylər, habelə bu şəhərin geyim mədəniyyəti, mətbəxi və s. ilə
yaxından tanışlıq fürsəti yaratdı.

Diyarbəkirə – Mesopotamiyanın qəlbinə ziyarət edən qonaqlar sırasında xarici
turistlərlə bərabər, ölkənin hər yerindən gələn sakinlər də çoxluq təşkil edir.
Festival öncəsi “Diyarbəkir olaraq çox qonaqpərvərik, hər kəsi festivalda
gözləyirik”, – demələri isə təkcə bayrama deyil, ümumən bölgəyə olan marağı
artırıb. Yaxından-uzaqdan gələn sakinlər “Məmləkəti gəzməyə gəldik”, – deyə
bizimlə söhbətlərində bildirirdilər. Son dərəcə sadə və mehriban Diyarbəkir
əhalisi isə qonaqlarını özlərinə xas şirin ləhcə və sevgi ilə qarşılayırlar.
Azərbaycandan olduğumuzu bilincə, “Azərbaycana salamımızı yetirin”, –
deyirdilər.

Səfər boyunca bizi müşaiyət edən peşəkar tur rəhbəri Ramazan Celikturk
festivalın keçirildiyi məkanlar haqqında ətraflı məlumat verir.

Sur – sivilizasiyanın mərkəzi

Diyarbəkirdə Mədəniyyət Yolu Festivalı Sur rayonu ərazisindən başlayıb. Sur –
Diyarbəkir qalasının içərisində yerləşən tarixi yer kimi məşhurdur, həm də
sivilizasiyanın mərkəzidir. Rayon adını qala divarlarından götürüb. Festivalın
da bu qədim divarlar arasında – “İçkale Muzey Kompleksi”ndə açılan sərgilərlə
başlaması təsadüfi deyil. Sur rayonu artıq ikinci ildir keçirilən festivalın
həyəcanını yaşayır. Festivalın bu məkanda ənənəvi olaraq keçirilməsi qərara
alınıb. Diyarbəkir festivalı bölgənin tarixi və mədəniyyətini tanıtmaq,
turizmin inkişafı üçün önəmli fürsətdir.

Ziyarətçilər festival günlərində tarixi Diyarbakır evləri, Diyarbəkir
Arxeologiya muzeyi, Cahit Sıtkı Tarancı muzeyi, Assur Pravoslav Kilsəsinə aid
Müqəddəs Məryəm kilsəsi, Həsən Paşa karvansarası, Süleyman peyğəmbərin məscidi,
Məhəmməd peyğəmbərin 27 səhabəsinin türbələri, Nəbi Məscidi, Şeyx Məttar
Məscidi və onun dördayaqlı minarəsi, Diyarbəkir Ulu Cami Məscidi və Diyarbəkir
qalası, həmçinin çoxsaylı karvansaralar, mədrəsələr, çeşmələr və müxtəlif
tarixi abidələrlə tanış olurlar.

8000 illik tarixi ilə dünyanın ən qədim bağlarından biri hesab edilən “Hevsel
Bahçeleri”ni seyr etmək ayrıca zövqdür.

Əl-Cəzarinin əsərlərinin sərgisi

Festival çərçivəsində İç Qala Artuqid Sarayında mühəndis Əl-Cəzarinin əsas
əsərlərinin yer aldığı “Cəzarinin Fövqəladə Avtomobilləri Sərgisi” böyük
maraqla qarşılanır. İstanbul Cəzari Muzeyinin istehsalı olan sərgidə mühəndisin
818 il əvvəl, 25 il çalışdığı sarayda hazırladığı robotların, maşınların
surətləri yer alıb. Sərgidəki 11 obyekt arasında Əl-Cəzarinin mum heykəli, içki
təklif edən avtomat, qayıqçı ilə su saatı, uşaqlarla dəstəmaz alan avtomat,
öküzlü içki satışı aparatı, su qaldırma sistemi var. “Artuqilər dövründə uzun
illər saray mühəndisi işləmiş məşhur islam alimi və kibernetika elminin banisi
Əl-Cəzarinin əsərləri dərindən araşdırılıb. Əl-Cəzari həm islam dünyası, həm
Diyarbəkir, həm də texnologiya dünyası üçün önəmli bir şəxsdir. Bu baxımdan
sərgi festivalın ziyarətçiləri və diyarbəkirlilər üçün gözəl fürsətdir”, – deyə
sərgi haqqında Özgur bəy məlumat verdi. Sərgidə həmçinin 2018-2022-ci illər
arasında Artuqlu Sarayında aparılan qazıntıdan 35 fotoşəkil sərgilənir.

İlk yaşayış məskənlərinin başlandığı yer

Festival ziyarətçiləri İçkale Muzeyi içərisində yerləşən Tematik Muzeydə
Diyarbəkirin tarixindən bəhs edən nadir eksponatlarla tanış olurlar.
Ekspozisiyalarda Diyarbəkirə islamın gəlişi, tarixi surlar, tarixi mədrəsələr,
camilər, köhnə evlərin fotoları haqqında ətraflı məlumatlar yer alıb.

Diyarbəkir Arxeoloji Muzeyini ziyarət edənlər eramızdan əvvəl 7000-ci illərə
(Orta Neolit Dövrü) aid əşyaların tapıldığı qazıntılarda arxeologiyaya da böyük
maraq göstərirlər. Bu, Diyarbəkirin mərkəzində ilk yaşayış məskənlərinin
başladığı yerdir və qədim yerlərdə Amida Höyük adlanır. Kurqan Diyarbəkirin
inzibati mərkəzidir. Amida Kurqan 9 min il fasiləsiz olaraq inzibati mərkəz
olub və dünyada yeganə nümunə olduğu üçün YUNESKO-nun Ümumdünya İrs Siyahısına
daxil edilib.

Fərq yaradan qadınlar

Sur Sivilizasiya Yolu üzərindəki digər mühüm yer isə 17-ci əsrdə tikilmiş Mar
Petyun Keldani kilsəsidir. 2015-2016-cı illərdə Sur rayonunda baş verən terror
aktları nəticəsində böyük ziyan görən və yararsız hala düşən kilsə 2018-ci ildə
bərpa edilib. Yeddi ildən sonra yenidən ibadətə hazır olan Keldani Katolik
Kilsəsi “Fərq yaradan Qadınlar Foto Sərgisi” ilə ziyarətçiləri toplayır. Sərgi
qadınların üstün olduqları sektorlarda yoxsulluq haqqında məlumatlılığı
artırmaq məqsədi daşıyır və uğurlarına görə seçilən qadınlara diqqət çəkir.

Kilsələrin yaxınlığında yerləşən tarixi Paşa hamamında “Qoxu mədəniyyəti
təqdimatı qədim zamanlardan bu günə” sərgisi keçirilir.

“Gözümüz üstündə yeriniz var”

Diyarbəkir mədəniyyət festivalı həmçinin bölgənin əl işlərini, zəngin mətbəxi
– ətri uzaqdan duyulan çörək və şirniyyatlarını, türk qəhvəsini, ləziz
təamlarını dadmaq üçün əla fürsətdir.

“Şərqin göz bəbəyi”nin sakinləri qonaqları “Başımız üstündə yeriniz var”, –
deyə yenidən dəvət edirlər…

Source link