2d0adb4f-aa4d-48bc-9fed-599c9239c330..jpg

Metroda güzəştlər tətbiq ediləcək? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 473 dəfə baxılıb.

Metroda güzəştlər tətbiq ediləcək? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Ötən həftə “Bakı Metropoliteni”i pilot layihə kimi QR ödəniş üsulunun
tətbiqinə başlanıldığını bildirdi. Belə ki, bənövşəyi xəttin “Xocəsən” və “8
Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı,
“BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər. Bu üsul
kartsız, həmçinin, elektron cihazlar üzərindən ödəmə üsullarını genişləndirməyə
imkan verir.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Elektron ödəmə üsulundan əlavə, dünyanın bir çox ölkələrində metro ilə bağlı
müsbət təcrübələr var ki, onlar bizdə hələ ki, tətbiq olunmur. Məsələn, bir çox
ölkələrdə gedişhaqqı birdəfəlik ödənildikdə, endirim tətbiq edilir. Yaxud,
aylıq abunə olduqda, bir gedişin dəyəri daha ucuz başa gəlir. İnkişaf etmiş
ölkələrdə gedişhaqqı məsafəyə görə hesablanır. Bir sıra ölkələrin metrosunda
isə bir saat ərzində metrodan ikinci dəfə istifadə edən sərnişin üçün
gedişhaqqı yarıya qədər endirilir. Türkiyədə isə tələbələrə müəyyən güzəştlər
tətbiq olunur.

Bəs bu kimi güzəştləri ölkəmizdə tətbiq etmək mümkündürmü? Ümumiyyətlə, “Bakı
Metropoliteni” hansı yeniliklərin tətbiqinə çalışır?

“Ödəniş sistemində yeniliklər olacaq”

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
mövzu ilə bağlı bildirib ki, son illərdə inteqrasiya olunmuş ödəniş
sistemlərinin tətbiqi baxımından əhəmiyyətli işlər görülüb:

“2015-ci ilin avqust ayının 8-dən başlayaraq “Bakı Metropoliteni”ndə vahid
ödəniş kartları tətbiq edilir. QR bilet sistemi isə bunun növbəti mərhələsi
idi. Növbəti illərdə də bu fəaliyyətdə yeniliklərin olması gözlənilir”.

Səlahiyyətli qurumlar tərəfindən qərar verilərsə…

Metroda güzəşt məsələsinə gəldikdə isə, qurum rəsmisi qeyd edib ki, bu, “Bakı
Metropoliteni”nin səlahiyyətində olan məsələ deyil:

“Metropoliten bu mənada icra edən və qəbul edilmiş qərarları həyata keçirən
qurumdur. Qeyd etdiyiniz məsələlərlə bağlı səlahiyyətli qurumlar tərəfindən hər
hansı qərarlar verirlərsə, təbii ki, qanunvericilik və normativ tələblərə uyğun
olaraq, birmənalı şəkildə icra ediləcək”.

Güzəşt gözləmək düzgün deyil

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, metroda ən ucuz qiymət
Azərbaycandadır:

“Dünya ölkələrindəki güzəştdən danışırıqsa, onların tətbiq etdiyi qiymətləri
də nəzərə almalıyıq. Düzdür, burada əməkhaqqı məsələsi də var. Amma metronun
xərclərinə baxsaq, qiymətlərin xərclərə nisbətdə ucuz olduğunu görərik. “Bakı
Metropoliteni” QSC zaman-zaman zərərlə işlədiyini elan edir. İnfrastrukturun
saxlanılmasına sərf olunan vəsait çoxdur. Məsələn, gedişhaqqının maya dəyəri 1
manat 50 qəpikdir, biz 40 qəpik ödəyirik. Qalan pulu dövlət ödəyir. Dövlət
burada onsuz da hamıya güzəşt edir. Buna görə də indiki halda əlavə güzəştlər
gözləmək düzgün deyil”.

Gedişhaqqı 1 manat 50 qəpik olarsa…

İqtisadçı qeyd edib ki, biz güzəştlərdən o vaxt danışa bilərik ki, gedişhaqqı
metronun saxlanılmasına, istifadəsinə sərf olunan xərcləri ödəsin:

“Bütün dünyada şirkətlər yaxşı müştərilərinə güzəşt edirlər. “Metropoliten”də
yaxşı müştəri daim metro xidmətlərindən istifadə edən şəxslərdir. Dünyada
müəyyən mexanizmlər var ki, bəli, biz də tətbiq edə bilərik. Məsələn, metro
xidmətlərindən tez-tez istifadə edən şəxslər üçün həftəlik, aylıq, illik
kartlar tətbiq edilə və onların xüsusi ödəmə formaları ola bilər. Lakin belə
halda güzəştli istifadə edənlərə endirim olacaq, digərlərində qiymət
bahalaşacaq. Çünki indiki qiymətlər hamı üçün güzəştlidir. Məsələn, bizdə də
metroda bir gediş 1 manat 50 qəpik olarsa, güzəştli kateqoriyalar müəyyənləşər
və 2-3 qat ucuz qiymətlər tətbiq edilə bilər”.

Tələbələrə güzəşt edilməlidir

Təhsil eksperti Qoşqar Məhərrəmov isə vurğulayıb ki, tələbələrə mütləq endirim
edilməlidir:

“Tələbələrə, xüsusilə də Avropada, Türkiyədə endirimlər şamil olunur. Tələbə
ona təqdim olunan endirim kartlarını bir dəfə doldurur və metrodan daha aşağı
qiymətə istifadə edir. Yaxud ay ərzində müəyyən qiymət müəyyənləşdirib,
tələbəyə limitsiz istifadə etmək imkanı da yaradıla bilər. Ehtiyac içində olan,
işləməyə məcbur qalan tələbələr çoxdur”.

Source link