Aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Qurbanova “Koroğlu” stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək “isti izlər”lə saxlayıblar.
Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl metronun “N.Nərimanov” stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100 manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib.
Saxlanılan şəxsin digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.