Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vəli Əliyev və xuliqanlıqda ittiham edilən Füzuli Nəcəfovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Hadisə bu ilin yanvar ayında Bakıda baş verib. Metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Emin Şəmiyev ürək nahiyəsindən bıçaqla vurulması nəticəsində vəfat edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
F.Nəcəfova isə isə üç il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.