f3ac025f-174c-4cbc-bf12-ce310b123404..jpg

Metropolitenin istifadəyə veriləcək 28-ci stansiyasında sərnişin platforması inşa olunub – FOTO

Baxış sayı: 499 dəfə baxılıb.

Metropolitenin istifadəyə veriləcək 28-ci stansiyasında sərnişin platforması
inşa olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Metronun “bənövşəyi xətti”nin layihə adı “B-04” olan stansiyasında daha bir
səviyyədə qazıntı işləri tamamlanıb”.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı Bakı Metropoliteninin Mətbuat Xidmətinin
rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O qeyd
edib ki, müvafiq layihə və texnoloji proseslərin ardıcıllığı əsasında qazıntı
hər səviyyədə üç zonaya bölünərək aparılıb. Bu səbəbdən qazıntıya paralel
olaraq, tikinti-quraşdırma işlərinin görülməsi də təmin edilib:

“Ümumiyyətlə, metropolitenin istifadəyə veriləcək 28-ci, “bənövşəyi xətt”in
isə beşinci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı
Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində
yerləşir. Burada qazıntı əvvəlki iki stansiyada olduğu kimi, “qruntda divar”
üsulu ilə aparılıb. Bu üsulun əsas xüsusiyyəti ondan ibarətdir ki, tikinti
sahəsi divarları bentonit məhlulu ilə möhkəmləndirilmış ensiz və dərin
xəndəklərlə əhatə edilir. Qazıntı və tikinti-quraşdırma yuxarıdan aşağıya
olmaqla yerinə yetirilir.

Üsulun üstünlükləri sırasında ekoloji cəhətdən daha səmərəli olması və yaşayış
sahəsinin xüsusiyyətlərinə uyğunluğu qeyd edilə bilər. Həmçinin, “qruntda
divar” inşaatın məhdud məkanda effektiv aparılmasına imkan verir, material və
işçi qüvvəsi baxımından qənaətcil, istifadə olunan konstruksiyaları daha
etibarlıdır. Yaşayış sahələrində dərinözüllü yeraltı qurğuların tikintisində bu
üsul ətraf binalar üçün heç bir təhlükə yaratmır”.

Onun sözlərinə görə, inşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan “B-04”
stansiyası dörd səviyyədən ibarətdir:

“Dəmir-beton işləri sonuncu – dördüncü – səviyyədə davam edir. Sərnişinlərin
stansiyaya qəbul ediləcəyi vestibül və kassa zalı ən yuxarı – birinci mərtəbədə
olacaq. Zalı sərnişin platformasının yerləşdiyi 4-cü səviyyə ilə 19 eskalator,
pilləkənlər və üç lift birləşdirəcək. Amma bu arada daha iki səviyyə var.
Onlardan biri keçid səviyyəsi adlanır. Gələcəkdə buradan “sarı xətt”in 6-cı
stansiyasına keçid inşa olunacaq. Üçüncü səviyyəyə “orta” mənasını verən
“mezonin” deyilir. Bura texniki mərtəbədir. Xidməti otaqlar, dörd havalandırma
kamerası və stansiyanın işini təmin edən digər funksional avadanlıqlar burada
yerləşdiriləcək.

Hər üç səviyyədə fundamental tikinti işləri başa çatıb. Birinci səviyyədə dörd
sərnişin keçidinin yerləşəcəyi ərazilərdə isə tədbirlərə tam hazırlıq görülüb.
Bununla əlaqədar maşın və mexanizmlər, avadanlıq və material təchizat işləri
yekunlaşdırılıb. Ərazidə yaşıllıq və yeraltı kommunikasiyaların yerinin
dəyişdirilməsi ilə bağlı məsələlərin həlli istiqamətində də hazırda tədbirlər
görülür. Keçidlərin layihələri ekspertiza komissiyasında təsdiq edildikdən
sonra işlərə başlanılacaq.

Stansiyanın bütün səviyyələrini əhatə edən xidməti pilləkən tam inşa edilib.
Sərnişinlərin istifadə edəcəyi pilləkənlər qismən, qəza-çıxış pilləkənləri isə
hazırda müvafiq konstruksiyaları yığılmaqla mərhələli şəkildə inşa olunur.
Birinci səviyyədə xidməti otaqların və müvafiq arakəsmələrin tikilməsi, habelə
eskalatorların quraşdırılacağı yerlərin qurulması isə növbəti mərhələdə yerinə
yetiriləcək”.

“Əsas işlər ərazinin relyefindən asılı olaraq, 29-31 metr dərinlikdə yerləşən
dördüncü səviyyədə gedir. Sərnişin platformasının və digər əsas
konstruksiyaların armatur-beton işləri başa çatdırılıb. Məhz bu səviyyədə,
gözlənildiyi kimi, inşaatçılar hidrogeoloji sürprizlərlə qarşılaşıblar. Sızıntı
halında olan yeraltı su mənbəyində axıntının sürəti və həcmi qəfildən yüksəlib.
Yaranmış vəziyyətin aradan qaldırılması bacarıqlı və təcrübəli mütəxəssislər
sayəsində mümkün olub. Nəticədə, yeraltı süxurların şıltaqlığının qarşısı
uğurla alınıb. Yeraltı suların hərəkəti tam nəzarət altındadır. Tikinti
sahəsinə daxil olan sular platformaaltı sahədən də yeddi metr dərinlikdə inşa
edilmiş xüsusi su anbarına – zumpfa yönləndirilir. Oradan təmizləyici qurğuya
ötürülərək, gildən, torpaqdan təmizləndikdən sonra kanalizasiya sisteminə
vurulur. Ümumiyyətlə, stansiya ərazisində qrunt sularının həcmi çox olduğundan
üç su anbarı tikilib.

167,6 m uzunluqda 4-cü səviyyənin döşəmə səthi betonlanıb və sərnişin
platforması tikilib. Yeddivaqonlu qatarların qəbul ediləcəyi platformanın və
həmin hissənin uzunluğu 144 m olacaq. Yol novlarının betonlanması da bu işlərə
paralel olaraq aparılır. Burada izolyasiya məqsədilə membrandan istifadə
edilib”, – metropoliten rəsmisi deyib.

B.Məmmədov onu da qeyd edib ki, stansiya boyunca dəmir yolu xəttinin çəkilməsi
üçün səthin normativ hədlərdə betonlanması da yekunlaşdırılıb:

“Qeyd edək ki, burada da “Bakı Metropoliteni” QSC-nin özünün istehsalı olan
dəmir-beton bloklardan istifadə olunacaq. Ümumən “qruntda divar” üsulunun
texnoloji tələbinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki
tunel stansiyada tikinti işləri başlanılana qədər yekunlaşıb.
“Xocəsən-Avtovağzal” və “Memar Əcəmi-8 Noyabr” mənzillərində olduğu kimi burada
da bütün yollar dəmir-beton bloklar üzərindədir. Bu isə ağac şpalın alınması,
gətirilməsi, gömrük xərclərinə çəkilən xərclər, qiymət fərqi, ən əsası isə
istismar müddəti, istifadə və qulluq rahatlığı, asanlığı baxımından çox
sərfəlidir.

Yolun inşası başa çatdıqdan sonra bütün tunel boyunca qatarların hərəkətini
təmin edən sistemlərin və yol infrastrukturu üzrə işlərin növbəti mərhələsinə
başlanılacaq.

Stansiyada quraşdırılacaq dörd ventilyatorun Rusiyadan, 17 eskalatorun isə
Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb. Daha iki eskalator əvvəlki
dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər üç liftin də Bakı
metropoliteninə çatdırılması gözlənilir. Beləliklə, stansiya quraşdırma və
təchizat işlərinə də hazır vəziyyətə gətirilir”.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Source link