8991514f-e57e-4854-8204-6b1b1c3398e7..jpg

Metyu Brayza: “Artıq Azərbaycanın və Ermənistanın vasitəçilərə ehtiyacı yoxdur” – VİDEO

Baxış sayı: 590 dəfə baxılıb.

Metyu Brayza: “Artıq Azərbaycanın və Ermənistanın vasitəçilərə ehtiyacı
yoxdur” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və Ermənistanın artıq vasitəçilərə ehtiyacı yoxdur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri,
ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Hər iki ölkənin 30 ilə yaxın müddətdə vasitəçilik prosesində iştirak
etdiklərini bildirən ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan elə bir
səviyyəyə gəlib çatıb ki, liderlər artıq sülh istədiklərini, həmçinin beş baza
prinsipində, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması barədə
razılığa gəldiklərini bəyan ediblər:

“Bu prosesə yeganə maneə separatçı rejim və Ermənistanın qanunsuz silahlı
birləşmələrinin Qarabağda mövcudluğu idi. Bu problem də artıq aradan qaldırılıb
və iki ölkə liderinin sülh müqaviləsi barədə razılığa gəlməsinə heç bir maneə
yoxdur”.

M.Brayza hesab edir ki, sülh müqaviləsinin tezliklə imzalanması hər
zamankından daha realdır:

“Mən son bir neçə aya qədər heç zaman sülh müqaviləsi barədə razılığın əldə
edilməsinin bu qədər real olmasına dair açıqlama verməmişəm. Bu, indi daha çox
mümkün görünür. Bu prosesi dayandıra biləcək yeganə hal Nikol Paşinyanın
əleyhdarları olan radikal millətçilər, həmçinin ABŞ-də prosesin əleyhinə olan
diaspor nümayəndələrinin siyasi sabotaja əl atması ola bilər”, – deyən sabiq
səfirin sözlərinə görə, regional inkişaf baxımından sülh müqaviləsi çox böyük
əhəmiyyətə malikdir.

Metyu Brayza vurğulayıb ki, müqavilənin əleyhdarları Zəngəzur dəhlizinin
açılmasının Azərbaycanın Ermənistan ərazisinə daxil olmaq cəhdləri kimi
iddialar irəli sürsələr də, reallıqda bu barədə məhz Ermənistan özü 2020-ci
ilin 10 noyabr tarixində razılığa gəlib.

“Mən əminəm, Nikol Paşinyan anlayır ki, əgər nəqliyyat əlaqələri bərpa
olunarsa və bu xətt Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərsə, bu,
nəinki Ermənistana investisiya cəlbini artıracaq, iş yerlərinin açılmasına,
həmçinin iqtisadiyyatın inkişafına gətirib çıxaracaq, Ermənistan
iqtisadiyyatının regional iqtisadiyyata reinteqrasiyasına şərait yaradacaq. Bu
isə regionda tamamilə yeni iqtisadi dinamika formalaşdıracaq və davamlı sülhün
bərqərar olmasına yol açacaq. Sülh müqaviləsi regionda bütün investisiyaları
real edəcək”, – deyə o vurğulayıb.

Source link