Metyu Brayza: “Azərbaycanın bugünkü inkişafı Heydər Əliyevin baxışı ilə bağlıdır” – FOTO

Baxış sayı: 737 dəfə baxılıb.

Metyu Brayza: “Azərbaycanın bugünkü inkişafı Heydər Əliyevin baxışı ilə
bağlıdır” – FOTO

2023-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının
100 illiyi tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəmərinin çəkilməsi, xeyli miqdarda xarici sərmayənin cəlb
edilməsi – bunlar Heydər Əliyevin etdiklərinin kiçik bir hissəsidir.

Beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın
Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Report”a müsahibəsində Azərbaycan
xalqının Ümummilli Lideri ilə bağlı təəssüratlarını və xatirələrini bölüşüb.

– Prezidentin və Xəzər hövzəsində enerji diplomatiyası üzrə dövlət katibinin
keçmiş xüsusi müşaviri kimi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ilə
tanış idiniz. Onunla bir yerdə işlədiyiniz dövrlə bağlı xatirələriniz nələrdir?

– Prezident Heydər Əliyev ilə işlədiyim dövrlə bağlı gözəl xatirələrim var.
İlk görüşümüz çox qeyri-rəsmi şəraitdə, Prezidentin Bakıdakı iqamətgahında baş
tutub. Prezident Heydər Əliyevin sadə ünsiyyət tərzi məni heyran etmişdi. Eyni
zamanda onun gözlərində qonaqpərvərlikdən həzz aldığını göstərən xüsusi isti
enerji hiss etdim. O, sanki çay və kofe içmək və deyilənə görə, bir vaxtlar
sovet lideri olmuş Brejnevin səfəri üçün onilliklər əvvəl tikilmiş heyrətamiz
qrottonu bizə göstərmək üçün bizi binanın aşağı mərtəbəsinə aparmağa tələsirdi.
Bağlı məkanda mağaranı görmək heyrətamiz idi.

Ən parlaq xatirəm 2001-ci ilin yanvarında, ABŞ-da keçirilən mübahisəli
prezident seçkilərindən dərhal sonra keçirilmiş görüşlə bağlıdır. O vaxt bizdə
keçmiş vitse-prezident Al Qor səslərin çoxunu qazansa da, onun rəqibi Corc Buş
qalib elan edilərək ABŞ-ın prezidenti seçilmişdi.

Prezident Əliyev söhbətə başlayaraq “Xəzər dənizinin problemlərindən danışmaq
üçün buradayıq. Amma mən bilirəm ki, siz həmişə olduğu kimi, məndən yenə də
Azərbaycanda demokratiya haqqında soruşacaqsınız. Ona görə də icazə verin, mən
də sizdən ölkənizdəki demokratiya haqqında soruşum” dedi və əlavə etdi: “Düz
başa düşmüşəm də, hə? Sizdə seçkilər keçirildi və daha çox səs toplayan şəxs
prezident elan edilmədi, prezident elan edilən şəxs isə əvvəllər prezident
olmuş, eləcə də DTK-nın Amerika versiyasının rəhbəri olan şəxsin oğludur. Bu
doğrudur? Seçkilər də qalib elan edilmiş şəxsin qardaşının başçılıq etdiyi
ştatda məhkəmə prosesi ilə başa çatıb? Hmm, yaxşı, indi mənə Azərbaycandakı
demokratiyadan danışa bilərsiniz”.

Bu, Heydər Əliyevin mahiyyətini əks etdirən çox dərin bir müşahidə idi. O,
dərin analitik düçüncəli, yüksək intellektli, ətrafındakıların reaksiyalarına
diqqətlə yanaşan və hər zaman meydan oxumağa hazır bir insan idi.

Bu xüsusiyyətləri bir çox başqa məsələlərdə də özünü göstərirdi. Məhz qlobal
hadisələrin dərindən təhlili və müşahidəsindən sonra beynəlxalq neft şirkətləri
tərəfindən özəl investisiyalar hesabına Azərbaycanın neft-qaz sənayesini
dirçəltmək, daha sonra isə ixrac boru kəmərlərini inkişaf etdirmək üzrə “Əsrin
müqaviləsi” ideyası yarandı.

Prezident Əliyev bu mövqeyinə o qədər aydın və qətiyyətlə sadiq qaldı ki,
beynəlxalq ictimaiyyəti bu layihələrin reallaşacağına inandırdı, özü də bütün
bunlar baş verməmişdən xeyli əvvəl. Biz də öz növbəmizdə bu layihələrin həyata
keçirilməsində birgə işləməkdən məmnun idik.

– Məlumdur ki, Heydər Əliyev Azərbaycanı dünya bazarı ilə birləşdirən neft-qaz
layihələrinin, boru kəmərlərinin inkişafına xüsusi diqqət yetirirdi. “Əsrin
müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi Azərbaycanın qlobal enerji
layihələrinin həyata keçirilməsində onun rolu nədən ibarət olub?

– Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri olmasaydı,
Azərbaycan heç vaxt hazırkı vəziyyətdə ola bilməzdi. Bu kəmərlər Azərbaycan
üçün hər şeyi dəyişdi, özü də təkcə iqtisadi baxımdan yox. Onlar Azərbaycanı
təkcə Gürcüstan və Türkiyə ilə deyil, həm də Trans-Atlantik İttifaqı, o
cümlədən siyasi mənada ABŞ-la birləşdirdi. Beləliklə, Azərbaycan sabit inkişafa
nail oldu və bu sonda 2020-ci ildə işğal olunmuş torpaqların azad edilməsi ilə
nəticələndi.

Doğrudan da, Azərbaycanın neft-qaz biznesinin SSRİ-nin dağılmasından sonra heç
vaxt özünə gəlməyəcəyi ehtimalı da var idi. Heydər Əliyevin uzaqgörənliyi
Azərbaycana əvvəllər qeyd etdiyim kimi, enerji sektorunu dirçəltməyə və son
nəticədə öz enerji resurslarını bu kəmərlər vasitəsilə ixrac etməyə imkan
verdi. Onun uzaqgörənliyi həm də geosiyasi cəhətdən balanslaşdırılmış şəkildə
xarici investisiyaların cəlb edilməsində görünürdü, çünki Azərbaycanın düşmən
qazanmasını istəmirdi. Bu, Böyük Britaniya, Türkiyə və Yaponiyada yerləşən
şirkətlərdən, eləcə də Rusiya və hətta İran şirkətlərindən investisiyalar cəlb
etmək demək idi.

O, Azərbaycanda ölkənin enerji sektorunu dirçəltmək üçün kifayət qədər vəsait
olmadığını anlamışdı və ona görə də müxtəlif ölkələri təmsil edən şirkətlərin
iştirak etdiyi “Əsrin müqaviləsi”ni təşkil etdi.

– Heydər Əliyevin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri necə
inkişaf etmişdi? ABŞ şirkətləri Azərbaycan bazarına cəlb olunmuşdumu?

– ABŞ bu enerji layihələrinin inkişafında həlledici rol oynayıb. ABŞ-ın
yardımı olmasaydı, bu layihələr reallaşa bilməzdi. Azərbaycan Prezidenti İlham
Əliyev də bunu tez-tez qeyd edir. Bütün ölkələri və şirkətləri bir araya
gətirəcək bir qüvvəyə ehtiyac var idi. Aİ buna hazır deyildi, Avropa İttifaqı
ölkələri təxminən 2007-ci ilə qədər Cənub Qaz Dəhlizinə dəstək vermirdilər.
Brüsseldə, Berlində, Parisdə və Sofiyada keçirdiyim çoxsaylı görüşlər zamanı
Aİ-dəki tərəfdaşlarımızı Cənub Qaz Dəhlizinin onların maraqlarına cavab
verdiyinə inandırmağa çalışmışam ki, onlar Rusiyadan gələn böyük qaz həcmlərinə
deyil, Azərbaycan qazına da arxalana bilsin.

ABŞ-ın özəl enerji şirkətlərinə gəlincə, o zaman onlar Azərbaycanda neft və ya
təbii qaz hasilatı ilə məşğul olmurdu və buna görə də ABŞ hökumətinin bu
kəmərləri dəstəkləmək siyasətinə heç bir təsir etməmişdi. ABŞ-ın bəzi neft
şirkətləri hətta Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı çıxmışdı, onlar ABŞ
hökumətinin özəl biznesin qərarlarına qarışmağa haqqı olmadığını iddia
edirdilər. Lakin ABŞ hökuməti Azərbaycanın suverenliyini və müstəqilliyini,
kommersiya baxımından sərfəli investisiyalar hesabına karbohidrogenlərin bazara
sərbəst axınını təmin edəcək və Rusiyanın Avropadakı müttəfiqlərimizi
manipulyasiya etmək üçün neft və təbii qaz tədarükündən istifadə imkanlarını
azaldacaq bu layihələrə geostrateji ehtiyacı görürdü.

Biz ABŞ hökumətində bu layihələrin kommersiya baxımından sərfəli olacağını
başa düşürdük. Son nəticədə bizim haqlı olduğumuz sübut olundu. Məsələn, BP
şirkəti üçün BTC əsas ixrac neft kəməri ilə birlikdə “Azəri-Çıraq-Günəşli”
yataqlarının işlənməsinə qoyulan investisiyalar o dövrdə dünyada ən gəlirli iki
layihədən biri oldu.

– Azərbaycan xüsusilə SSRİ-nin dağılmasından sonra regionun ən inkişaf etmiş
ölkəsinə çevrildi…

– Azərbaycanda iqtisadi inkişafın indiki səviyyəsinə çatmağın yeganə yolu
ölkənin neft-qaz sənayesini dirçəltmək idi. Əslində, 100 ilə yaxın neft
hasilatı tarixinə malik Azərbaycanda aqrar həyat tərzi hakim idi. Heydər Əliyev
öz uzaqgörənliyi sayəsində ölkəni qlobal enerji bazarında vacib oyunçuya
çevirmək üçün lazım olan hər şeyi etdi. Bu məqsədlə o, enerji sektorunun
yenilənməsi ilə bağlı çox cəsarətli qərarlar qəbul etdi və planı baş tutdu.

Bu gün Prezident İlham Əliyev də Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) və
digər dövlət müəssisələrində islahatların aparılmasına, daha çox
investisiyaların cəlb edilməsinə görə böyük tərifə layiqdir. Bu gün
Azərbaycanın özəl şirkətləri həqiqətən də dünya miqyasında rəqabətədavamlı
vəziyyətə gəlir.

Mən 1997-ci ilin avqustundan Azərbaycana gəlirəm. O vaxt hava limanından
şəhərə indiki kimi 6 zolaqlı deyil, yalnız 2 zolaqlı yol gedirdi. Hava
limanından çıxarkən işıqfordan sola dönüb kənd yoluna bənzəyən bir yolla şəhərə
gedirdik. Bir ərazidən başqa yol boyu heç bir işıqlandırma yox idi. Həmin
ərazini SOCAR-ın neft emalı zavodunda qazı yandırmaq üçün alovlanan məşəl
işıqlandırırdı. İndi bu müasir yol qazdan əldə edilən elektrik enerjisi ilə
işıqlandırılır.

Bu gün isə Azərbaycan günəş və külək enerjisinə külli miqdarda
investisiyaların qoyulması ilə yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə
Avropaya daha çox təbii qaz ixrac olunacaq ki, bu da ölkəyə daha çox gəlir
gətirəcək.

Source link