e11f22ea-d9cc-49a8-a38d-a90b34d3fd4e..jpg

MİDA hansı ərazilərdə bina tikir? – HESABAT

Baxış sayı: 416 dəfə baxılıb.

MİDA hansı ərazilərdə bina tikir? – HESABAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səkkiz illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)
Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasına
başlayıb. Həmin layihələrdən altısının inşası tamamlanıb, beş layihə isə
hazırda reallaşdırılır”.

Bu barədə məlumat MİDA-dan AZƏRTAC-a verilən hesabatda yer alır.

Qeyd olunur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə və rəhbərliyi altında
ardıcıl həyata keçirilən geniş sosial-iqtisadi islahatların davamı olaraq
Prezidentin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.
Sonradan “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli
Fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsə çevrilib.

Agentliyin yaradılmasında əsas məqsəd ölkə vətəndaşlarının mənzil-məişət
şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil
təminatına) şərait yaratmaq, müasir memarlıq üslubunda ekoloji və enerji
səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının
tikilməsini təmin etməkdir.

Yarandığı dövrdən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində
agentlik tərəfindən, ilk növbədə, çoxmənzilli binaların tikintisi sahəsində
qabaqcıl beynəlxalq təcrübə öyrənilib, binaların tikintisi üçün torpaq
sahələrinin seçilməsi, layihələndirmə və tikinti işlərinin planlaşdırılması
istiqamətində zəruri addımlar atılıb.

Səkkiz illik fəaliyyəti dövründə agentlik Bakıda və regionlarda ümumilikdə 11
güzəştli mənzil layihəsinin icrasına başlayıb. Həmin layihələrdən altısının
inşası tamamlanıb, beş layihə isə hazırda reallaşdırılır.

Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil) həm “Elektron hökumət”
portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb,
həmçinin dövlət sifarişi əsasında ayrılıb. Beləliklə, səkkiz il ərzində
Agentliyin layihələrindən ümumilikdə 9 444 ailə güzəştli mənzil əldə edib ki,
bu da onminlərlə vətəndaşı əhatə edir.

Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların
rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş
həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur
(məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi
həyata keçirilir. Eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq
nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası
təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və
təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün
parklanma yerləri də ayrılır.

Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri
infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün
velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.

Hazırda icrası davam etdirilən layihələr hansılardır?

Hazırda icrası davam etdirilən layihələr Lənkəran Yaşayış Kompleksi, Sumqayıt
Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və
Yevlax Yaşayış Kompleksidir. Bu layihələrdə ümumilikdə 4 000-ə yaxın (3 692)
mənzilin, iki məktəb və üç uşaq bağçasının tikilməsi nəzərdə tutulub.

Binəqədi Yaşayış Kompleksinin ümumi sahəsi 9 hektar təşkil edir. Yaşayış
kompleksi 28 binadan ibarətdir. Bu binalarda ümumilikdə 1 398 mənzil olacaq.
Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun
meydançalarının, 80 yerlik bir uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil
məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumi sahəsi iki hektar olan Sumqayıt Yaşayış Kompleksi 11 binadan ibarətdir.
Bu binalarda ümumilikdə 461 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı ərazidə
sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik bir uşaq
bağçasının istifadəyə verilməsi nəzərdə tutulur.

Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli beş
bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var.

Səkkiz hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan
ibarətdir. Artıq kompleksin inşasına başlanılıb. 9 mərtəbəli və 12 mərtəbəli
binalarda ümumilikdə 1 264 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı, ərazidə
sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla bir
uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi
nəzərdə tutulur.

İki hektara yaxın ərazidə inşa olunan Yevlax Yaşayış Kompleksi 7 mərtəbəli
olmaqla 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin digər regionlarında da
güzəştli mənzillərin tikintisi məqsədilə müvafiq torpaq sahələrinin
müəyyənləşdirilməsi və əhalinin mənzil ehtiyacının öyrənilməsi istiqamətində
araşdırma işləri mütəmadi olaraq aparılır və nəticələrinə uyğun olaraq torpaq
sahələri seçilərək tikinti işləri həyata keçirilir.

MİDA Qarabağda və Şərqi Zəngəzurda

Qarabağa Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma
yurdlarında daimi məskunlaşması üçün Prezidentin tapşırıqlarına uyğun olaraq
Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən
yaşayış kompleksləri inşa olunur. Füzuli Yaşayış Kompleksi 38 yaşayış
binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. Artıq Füzuli
Yaşayış Kompleksində 666 ailə, 2 517 nəfərin daimi məskunlaşması təmin edilib.

Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin inşası da sürətlə
davam etdirilir. Ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33
yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Yaşayış kompleksinin inşasının bu ilin sonunadək yekunlaşdırılması nəzərdə
tutulub.

Paralel olaraq hazırda agentlik tərəfindən Xocalıda 3,34 hektar ərazidə 180
mənzildən ibarət 3 mərtəbəli 15 ədəd yaşayış binasının əsaslı təmiri və yenidən
qurulması, həmçinin ərazinin abadlaşdırılması işi həyata keçirilir.

MİDA Naxçıvanda

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan
“Əhalinin mənzil alışına əlçatanlığının yaxşılaşdırılması” tədbiri ilə bağlı
icraçı qurumlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir. Bununla əlaqədar
olaraq Agentlik tərəfindən Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində
güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən
ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsinə başlanılıb.

Source link