b4208531-7d6e-4d22-bbb0-357d0eb7b958..jpg

Mikayıl Cabbarov: “Azərbaycan investorlarla əməkdaşlığa açıqdır”

Baxış sayı: 619 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Azərbaycan investorlarla əməkdaşlığa açıqdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan investorlarla əməkdaşlığa açıqdır və ənənəvi enerji istehsalçısı
kimi ölkədə bərpa olunan enerji layihələrinə sərmayə qoyan beynəlxalq enerji
şirkətləri və milli liderlərdən ibarət yaxşı qrup formalaşıb”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.

“Mülayim enerji keçidini təmin etmək üçün həm institusional, həm də iqtisadi
siyasət və infrastrukturun inkişafı baxımından sistemli şəkildə sərmayə
qoyuruq. Bu gün biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən enerji
tələbatının 30%-ni qarşılamaq hədəfimizdən xeyli irəlidəyik.

Buna görə də təsadüfi deyil ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev
sahibi ölkəsi kimi yekdilliklə seçilib. Biz bu məsələyə tam məsuliyyətlə
yanaşır və bu prosesə öz töhfəmizi vermək üçün ciddi çalışırıq.

Azərbaycan COP29-a sədrlik etməkdən şərəf duyur və məqsədimiz bu il diqqəti
iqlimin maliyyələşdirilməsi mövzusuna yönəltmək olacaq. Biz yeni təşəbbüslərə
töhfə vermək üçün maraqlı tərəflərlə əl-ələ verib işləməyə çalışırıq və COP29
maraqlı təcrübələri vəd edir. İstərdim ki, ölkələr verdiklərə sözlərə əməl
etsinlər və COP29-da real addımlar atmağı öhdələrinə götürsünlər”, – nazir
bildirib.

Enerji keçidi və bərpa olunan enerjinin istehsalından danışan M.Cabbarov
xatırladıb ki, hazırda Azərbaycan həm neft, həm də təbii qaz kimi qalıq
yanacaqların Avropaya tədarükçüsü olmaqda davam edir, lakin ölkənin eyni
zamanda məqsədi Avropa İttifaqına yaşıl enerji ixrac etmək olan layihəni həyata
keçirməyi planlaşdırması da tamamilə təbiidir.

“Bu, Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya, eləcə də Macarıstanla
birgə təşəbbüsü ilə həyata keçirilən regional layihədir. Bu layihə Azərbaycanda
külək və günəş enerjisinin istehsalını və onun Qara dəniz vasitəsilə Avropa
bazarlarına nəqlini nəzərdə tutur”, – nazir bildirib.

Xatırladaq ki, yaşıl enerjinin istehsalı və çatdırılması sahəsində Strateji
Tərəfdaşlıq haqqında Saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçıları tərəfindən
imzalanıb. Enerji körpüsü Azərbaycanın Ağstafa rayonunda hasil ediləcək yaşıl
elektrik enerjisini Gürcüstan (Kulevi limanı) və Qara dəniz vasitəsilə
Rumıniyaya (Konstansa limanı) çatdırmaq və sonradan Macarıstana və Avropanın
qalan hissəsinə nəql etmək üçün layihələndiriləcək.

Azərbaycan ilkin mərhələdə Qara dəniz vasitəsilə Avropaya 4 GVt yaşıl enerji
ixrac etməyi planlaşdırır.

Azərbaycanda təkcə quruda külək və günəş enerjisinin potensialı 27 GVt təşkil
edir, işğaldan azad edilmiş ərazilərin potensialı isə 10 GVt-dır. Xəzər
dənizinin Azərbaycan sektoru 157 GVt külək enerjisi potensialına malikdir.
Ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücündə bərpa olunan enerjinin
payının 2027-ci ilədək 33%-ə çatdırılması planlaşdırılır.

Source link