Mikayıl Cabbarov: “Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyəyə, gələcəkdə
isə dünya bazarına çatdıracaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlığa dair Saziş imzalayıb”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində
Əməkdaşlıq Sazişi”nin imzalanma mərasimində bildirib.
“Bu gün imzalanan sazişin mənalarından biri odur ki, biz Azərbaycanın enerji
ehtiyatlarının, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa
bazarlarına çatdırmaqla yanaşı, həmçinin Orta Asiyada olan ehtiyatların Türkiyə
bazarına və oradan da gələcəkdə dünya bazarına Azərbaycan üzərindən
aparılmasına töhfə verir”, – M.Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığının faydası təkcə iki ölkə
ilə məhdudlaşmır, bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə,
inkişafına və dayanıqlığına müsbət töhfə verir.
“Türkiyə və Azərbaycan arasında olan münasibətlərin bənzərini tapmaq çox
çətindir. Bəlkə də mümkünsüzdür. Bu dostluq, qardaşlıq bütün mövzularda vəhdət
münasibətidir.
Çox xoşdur ki, enerji sahəsində olan əməkdaşlığımız bu dostluğun və
qardaşlığın sütunlarından biridir. Bu tərəfdaşlıq həm Türkiyə, həm də
Azərbaycan üçün olduqca faydalıdır. Lakin onun faydası bizim iki ölkə ilə
məhdudlaşmır. Bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə,
inkişafına və dayanıqlığına müsbət töhfə verir”, – nazir qeyd edib.
M.Cabbarov xatırladıb ki, Bakı-Tbilisi-Ceyhan boru xətti yalnız Azərbaycanla
Türkiyəni bağlamadı, daha geniş mənada Mərkəzi Asiyadan olan qardaş türk
dövlətlərini də bu layihəyə onların enerji ehtiyatlarının cəlb edilməsi və bu
layihə üzərindən nəql edilməsi ilə türk dünyası birliyinin daha bir təzahürü
olub.