1f308a15-a2e9-4017-be1e-87a302dd2281..jpg

Mikayıl Cabbarov İrakli Qaribaşvili ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 1. 007 dəfə baxılıb.

Mikayıl Cabbarov İrakli Qaribaşvili ilə görüşüb – YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda görüşlər keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti
Gürcüstana səfər edib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Tbilisidəki Heydər Əliyev
parkında Ümummilli Liderin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla
yad ediblər.

Nümayəndə heyəti həmçinin, Gürcüstanın Qəhrəmanlar Meydanını ziyarət edib, bu
ölkənin azadlığı və suverenliyi uğrunda canlarından keçən insanların xatirəsini
ehtiramla anıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri
Mikayıl Cabbarovu qəbul edib. Baş nazir iqtisadi münasibətlərin
genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini, tərəfdaşlığın inkişafı
istiqamətlərini qeyd edib. Dövlət başçılarının qarşılqlı səfərləri zamanı
müzakirə edilmiş məsələlər və potensial layihələrin həyata keçirilməsinin
vacibliyi diqqətə çatdırılıb, Azərbaycanın etibarlı tərəfdaş kimi regional
layihərin həyata keçirilməsində oynadığı rol vurğulanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın hazırki
səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini
vurğulayıb, Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar
təşkil edilən tədbirlərə görə təşəkkürünü ifadə edib. Nazir Mikayıl Cabbarov
Azərbaycanın Gürcüstanla əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət
əməkdaşlığının gücləndirilməsi üçün geniş imkanların, habelə investisiya,
ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin
genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, xarici
sərmayədarlar üçün yaradılan imkanları diqqətə çatdırıb, gürcü iş adamlarını bu
işgüzar mühitdən yararlanmağa dəvət edib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri, SOCAR-ın Gürcüstandakı
fəaliyyəti, həyata keçirilmiş layihələr, habelə gələcək əməkdaşlıq məsələləri
müzakirə edilib.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri
Levan Davitaşvili ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanla
əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, iqtisadi-ticarət
əməkdaşlığının inkişafı, birbaşa investisiyaların cəlb edilməsi sahəsində
tərəfdaşlıq məsələlərinə dair fikirlərini bildirib, nəqliyyat-tranzit, enerji,
turizm və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün potensialı diqqətə
çatdırıb. Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan
enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa
töhfə verir, ticarət əlaqələrimizdə müsbət dinamika müşahidə edilir.

Levan Davitaşvili tərəfdaşlığın şaxələndirilməsi barədə fikirlərini bölüşüb,
birgə layihələrin önəmini, Gürcüstan şirkətlərinin ölkəmizdə həyata keçirilən
potensial investisiya layihələrində iştirakda marağını qeyd edib.

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr
olunmuş Gürcüstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri
ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, qida sənayesi, kənd
təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət
göstərən şirkət nümayəndələri iştirak ediblər.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri
Levan Davitaşvili ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin
inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın
böyük olduğunu bildirib, hər iki ölkənin iştirakı ilə həyata keçirilən
layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb. Biznes
forumun əhəmiyyətindən danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs
və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu qeyd
edib, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı
olacağını vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Gürcüstan arasında
siyasi-iqtisadi əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz
xidmətləri və mühüm rolunu vurğulayıb, Ulu Öndərin uzaqgörən siyasəti və
rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu
gün də inkişaf etdiyini diqqətə çatdırıb. Tədbirdə Azərbaycan və Gürcüstanın
yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq
nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi
imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta
Dəhlizinin əhəmiyyəti qeyd olunub. İqtisadiyyat naziri sənaye, ticarət,
investisiya, alternativ və bərpa olunan enerji, turizm və s. sahələrdə
tərəfdaşlığın gücləndirilməsi imkanlarını, hər iki tərəfin müvafiq qurumlarının
bu yöndə fəaliyyətinin önəmini diqqətə çatdırıb.

Biznes forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad
edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə
məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa dəvət edilib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə
yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar
haqqında məlumat verib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri
Orxan Məmmədov, Gürcüstan Ticarət və Sənaye Palatasının prezidenti Giorgi
Pertaya iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında
əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış ediblər.

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında
Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində
hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair, eləcə
də KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında
anlaşma memorandumları imzalanıb. Tədbir çərçivəsində hər iki ölkənin
investisiya potensialına dair təqdimatlar, sahibkarlar arasında B2B görüşlər
keçirilib.

17:51

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş naziri
İrakli Qaribaşvili ilə görüşüb.

O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə
inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin önəmi
və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində təşəbbüslər barədə fikirlər
bölüşülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin (@GharibashviliGe
) qəbulunda olduq.
🇦🇿-🇬🇪 münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə
etdik, birgə həyata keçirilən layihələrin önəmi və#iqtisadi
əlaqələrin
genişləndirilməsi sahəsində təşəbbüslər barədə…pic.twitter.com/V2doh1LJYs

— Mikayil Jabbarov (@MikayilJabbarov) June 2, 2023

Source link