54760765-f057-44fe-9d02-02ced28d7e26.jpg

Mikayıl Cabbarov İstanbulda bir sıra görüşlər keçirib

Baxış sayı: 152 dəfə baxılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbula səfəri çərçivəsində Türk
Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyevlə görüşüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri
Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanaraq təşkilatın
fəaliyyətinin türk dövlətlərinin iqtisadi potensialından səmərəli istifadə
edilməsi və birgə layihələrin həyata keçirilməsinin təşviqi baxımından mühüm
əhəmiyyəti qeyd edilib. Bildirilib ki, təşkilata üzv dövlətlər tərəfindən irəli
sürülən təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və digər
sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib və bu ölkələrimizin
dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə
töhfə verir. Bu kontekstdə, Türk İnvestisiya Fondunun yaradılması, ticarət
prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı,
sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas
istiqamətlərdəndir.

Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi
tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran
məsələləri müzakirə ediblər.

Bununla yanaşı, Mikayıl Cabbarov İstanbulda TDT-nin Sənaye, Elm,
Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı çərçivəsində
Türkiyənin Sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ilə görüşüb.

Görüşdə iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı investisiya
qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər
istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi imkanları qeyd edilib.
Ölkələrimizin iqtisadi birliyini gücləndirmək, beynəlxalq təşkilatlar
çərçivəsində fəal əməkdaşlığı dəstəkləmək və Azərbaycanın İqtisadiyyat
Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi arasında əlaqələri
genişləndirmək üçün mövcud imkanlardan istifadənin vacibliyi vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının
Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və
məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparıblar.

Source link