25e29eb5-046c-442a-a3eb-aa27a05e8030..jpg

Mikayıl Müşfiqin sevimli Dilbərini canlandıran aktrisa: “Səhnəyə hər çıxış mənim üçün uçuşdur” – FOTO

Baxış sayı: 851 dəfə baxılıb.

Mikayıl Müşfiqin sevimli Dilbərini canlandıran aktrisa: “Səhnəyə hər çıxış
mənim üçün uçuşdur” – FOTO

“Dilbər obrazının mənim payıma düşməsinə çox sevindim”.

Bu sözləri “Kaspi”

qəzetinə müsahibəsi zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının parlaq
ulduzlarından biri, istər uşaqlar, istər də böyüklər üçün tamaşalarda, müxtəlif
səpkili filmlərdə özünəməxsus obrazlar yaradan aktrisa Aygün Fətullayeva deyib.

Son vaxtlar teatr dünyasında hadisəyə çevrilən “Kod adı V.X.A” tamaşasında
hislərini ən gözəl sevgi şeirlərinə çevirən Mikayıl Müşfiqin sevimli Dilbərini
canlandıran Aygün xanım əvvəlcə bu obrazdan danışdı:

“Repressiya qurbanlarımız, haqsızlığa uğramış aydınlarımız çoxdur. Amma
düşünürəm ki, ədəbiyyatımızın ən işıqlı nümayəndələrindən biri olan Mikayıl
Müşfiq, onun sevgilisi Dilbər xanım bizim üçün yeri dolmayacaq bir boşluqdur.
Bu tamaşada məhz Dilbər obrazının mənim payıma düşməsinə çox sevindim. Amma bu,
çox məsuliyyətli bir tapşırıq idi. Dilbər hamının tanıdığı, sevdiyi xanımdır.
Mən də tanısam da, onun təkadamlıq kamerada yaşadıqlarını, çətinliklərini
bilmirdim. Tamaşanın rejissoru Mehriban Ələkbərzadə Dilbər xanım, onun
gözəlliyi, Müşfiqin ona bənzərsiz sevgisi haqqında danışdıqca mənə necə böyük
bir məsuliyyəti həvalə etdiyini dərk edirdim. Tamaşada Dilbərin bir səhnəsi
var. Orada onun repressiya dövründə yaşadıqları, Müşfiqsiz günləri, dəlilik
səviyyəsinə çatması eyni vaxtda görünməli idi. Mehriban xanım onun bütün bu
hallarını o kiçik səhnəyə sığdıra bildi. Mən premyeradan öncə Dilbər xanımın
qızı Leyla Axundzadə ilə də görüşdüm. Sanki anasının enerjisini ondan aldım və
səhnəyə çıxdım. Bu cür böyük teatr hadisəsində payıma Dilbər obrazı düşdüyünə
görə çox xoşbəxtəm”.

Aygün xanım teatr səhnəsi qədər film sektorunda da kifayət qədər uğurlu
aktrisadır. Aktrisanın digər bir aktrisanı canlandırması da ayrıca istedad
tələb edir:

“Onun qəribə taleyi. Amaliya Pənahova” sənədli filminə dəvət alanda onun bütün
filmlərini, tamaşalarını izlədim, müsahibələrini, haqqında yazılan kitabı
oxudum. Çox həyəcanlanmışdım. O cür aktrisanı canlandırmaq çətin idi. Çünki o,
teatr tariximizdə xüsusi dəst-xətti olan aktrisa idi. Mən nəyisə bir az çox
etsəydim, bu artıq falş olacaqdı, az da olsa, deyəcəkdilər ki, o deyil! Ona
görə də çalışırdım qızıl ortanı tutam. Tamaşa yox, sənədli film çəkildiyindən
Amaliya xanımı həyatda necə idisə, o cür də oynamalı idim. İlk kadrlar “Nişanlı
qız” tamaşasından Zərifə obrazının güzgünün qarşısındakı kadrı ilə başladı.
Amaliya xanımın oğlu İlqar Muxtarov “o güzgünün qarşısındakı baxışınız anamın
baxışı idi” dedi. Mən çox kövrəldim. Onun ailəsindən bunu eşitmək çox xoş idi.
Əgər oğlu bunu hiss edibsə, deməli, alınmışdı”.

“Teatr aktyorun özündən başlayır” deyir aktrisa:

“Aktyor özü teatra aid olmalı, özündə onu daşımalıdır, lap teatrdan kənarda
olanda belə. Teatr aktyoru olmaq hələ onu yaşamaq demək deyil. Mənə elə gəlir
ki, aktyor ruhən də, varlığıyla da teatral adam olmalıdır. Səhnə bunu hiss
edir. Aktyor səhnəylə arasında olanı qapını bağlamamalı, həmişə açıq
saxlamalıdır. Onunla olan ünsiyyət, rabitə kəsilməməlidir. Səhnə aktyor üçün
köhnəlməməli, yadlaşmamalıdır. Səhnə canlıdır, nəfəs alır. Mən bunu hiss
edirəm. Səhnə, aktyor və tamaşaçı arasındakı enerji mübadiləsi də çox vacibdir.
Əgər tamaşaçı enerji ötürmürsə, sanki səhnə də, səhnədəki aktyorlar da boğulur.
Ola bilər ki, bunu hamı hiss etmir. Amma səhnənin ritmini tutanlar, o ritmlə
yaşayanlar, yəqin ki, bunu duyurlar. Bir də səhnə ona xəyanət edənlərə, sadiq
olmayanlara yadlaşır, onları özündən uzaqlaşdırır”.

Həm teatrı, həm kinonu çox sevən Aygün xanım tamaşalar olmayanda darıxır:

“Bircə həftə tamaşam olmayanda darıxıram. Hətta məşqləri çox ağır,
uzunmüddətli keçən tamaşalardan sonra dincələcəyimi düşünsəm, fiziki olaraq
bədənim bunu tələb etsə belə, işi təhvil verən kimi başqa bir yeni tamaşada
oynamaq istəyirəm. Çünki bu, artıq mənim həyat enerjimə çevrilib. Olmayanda
olmur. Əminliklə deyirəm ki, mənə teatrsız mümkün deyil. Eynilə filmdə də
elədir. Uzun müddət çəkiliş olmayanda kameralar üçün darıxıram. Həm də qorxuram
ki, yadırğayaram. Film bizi daha böyük kütləyə çatdırır. Amma teatr daha
genişdir. Burda daha böyük nəfəs üçün imkanlar var. Tamaşa günü gecədən sübhə
qədər düşünürəm: “Nəyi necə yaşadım? Özümlə o obraz balansdaydımı? Özüm nə
qədər həqiqi idim? Özüm özümə inanırdımmı?” Sanki özüm-özümə hesabat verirəm”.

“Teatrda bu gün çox şey yaxşıdır” deyir aktrisa:

“Hamı can qoyur, hamı istəyir ki, ən yaxşı səviyyədə olsun teatrımız. Bəzən
bizdən əvvəlki nəsil aktyorlar teatrın atmosferinin dəyişdiyini deyirlər, amma
mən gələn gündən sehrin içindəyəm. Səhnəyə hər çıxış mənim üçün uçuşdur. Özümü
güclü hesab edirəm, nəyisə etmək istəsəm edərəm. Amma son dövrlərdə bədənim və
ruhumla həmahəng olmaq arzusundayam. Məsələn, “Qu gölü” baletində “Qu” obrazını
canlandırmaq, balerina kimi səhnədə uçmaq istərdim. Bu, bir harmoniyadır”.

Aygün xanım bizimlə başqa düşüncələrini də bölüşdü:

“İnsanlar heç ölməyəcəkmiş kimi yaşayırlar. Bütün baş verənlər bunun fonunda
hərlənir. İstərdim ki, insanlar unutqan olmasınlar, keçmişlərini, onlara
yaxşılıq edənləri, haradan gəlib, hara və necə düşdüklərini unutmasınlar.
Bir-birlərinə qarşı diqqətli olsunlar. Möcüzə etmək imkanım olsaydı, qoymazdım
müharibələr olsun. İstərdim ki, insanlar bərabər yaşasın, uşaqlar eyni cür
xoşbəxt olsunlar. Təyyarə uçan zaman qorxan yox, sevinən uşaqların olduğu dünya
istərdim”.

Source link