Millət vəkili: Ərəb dövlətləri Fələstində baş verənləri görmürlər

Millət vəkili: Ərəb dövlətləri Fələstində baş verənləri görmürlər

Baxış sayı: 2. 478 dəfə baxılıb.

Qüdsdə yaşananlar insanlıq dramıdır, vəhşətdir, zorakılıqdır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərar verməsi, bütün etirazlara, təpkilərə, BMT üzvü olan yüzlərlə dövlətin buna qarşı çıxmasına rəğmən, bu istəyini inadkarcasına reallaşdırması, hətta, bununla əlaqədar təşkil edilən mərasimə qızı ilə kürəkənini göndərməsi, nəticədə 14 may faciəsinin yaşanması tarixə “qanlı bazar ertəsi günü” kimi düşəcək, lənətlənəcək:

“Qüdsdə yaşananları sakit izləmək mümkün deyil.

Dünyanın, bəşəriyyətin gözləri qarşısında insanlıq dramı, qətliam yaşanır.

Artıq 60-dan artıq günahsız insan – fələstinli qətlə yetirilib ki, bunların arasında səkkiz aylıq Leyla adlı körpə də var…

2700-dən artıq insan yaralanıb, xəstəxanlarda yer yoxdur. Amma çox təəssüflər olsun ki, dünya birliyi, bəşəriyyət onun gözləri qarşısında baş verən bu vəhşətə göz yumur, səssiz qalır…

Necə ki, Xocalıda, Ağdabanda, Meşəlidə, Qaradağlıda baş verənlərə, ermənilərin xalqımıza qarşı soyqırımı cinayətlərinə göz yummuş, səssiz qalmışdılar…

Dünya elə həmin dünyadır, dəyişən heç nə yoxdur. Ədalət, insanlıq kəlmələri lüğətlərdə qalacaq bu gedişlə”.

Millət vəkili bu yerdə ərəb dövlətlərini də tənqid edib:

“Neçə gündür Fələstində, Qüdsdə qanlı olaylar yaşanır, amma Ərəb dünyasında, Orta Şərqdə söz, nüfuz sahibi olan dövlətlər – Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digərləri heç bir reaksiya vermir, baş verənləri görməzdən gəlirlər…

Bunu necə başa düşəsən, necə qəbul edəsən? Orada qanı tökülən, qanı axıdılan sənin öz millətin, öz qardaşın, öz dindaşın deyilmi?

Şəxsi, cılız və dar maraqlar bu qədərmi gözlərinizi tutub? Bəs nə zaman səsiniz çıxacaq, nə zaman hərəkətə keçəcəksiniz?

İraqda baş verənlərə susdunuz və susursunuz, Suriya bir dövlət kimi gözlər önündə artıq xəritədən silinmək ərəfəsindədir, amma susdunuz və susursunuz. Hələ də digər müsəlman coğrafiyalarında yaşananları demirəm.

Bəs haçan ərtafınızda, gözünüz önündə yaşanlara “dur” deyəcəksiniz, əsl qardaşlıq, müsəlmanlıq, insanlıq həmrəyliyi nümayiş etdirəcəksiniz? Belə görünür ki, bu gedişlə heç vaxt.

Amma həm Ərəb dünyasının, həm də cəmi bəşəriyyətin baş verənlərə artıq etiraz etməsi, qanlı hadisələri önləməsi lazımdır.

Yoxsa, hamı üçün gec və nəticələri çox ağır olacaq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com