İşğalçı Ermənistana təzyiqlər olmadığı üçün münaqişənin həlli uzanır, Minsk qrupunun həmsədrləri sözdən, vədlərdən kokret addımlara keçməli, ədalətli mövqe tutmalıdırlar.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Azərbaycanın NATO və “Avronest” parlament assambleyalarındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.
Millət vəkili Qarabağ məsələsinin bütün beynəlxalq qurumlarda, o cümlədən, təmsil olunduğu təşkilatlarda daim gündəmə gətirildiyini, onlardan konkret mövqe tələb olunduğunu xatırladıb.
“Qeyd edim ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında – ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir.
Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.
Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Bununla belə, hesab edirik ki, münaqişənin ədalətli həlli üçün beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe tutmalıdırlar.
Minsk qrupu, həmsədrlər artıq sözdən, bəyanatlardan, quru vədlərdən əmələ, konkret addımlara keçməlidirlər. Onlara olan etimad limiti tükənmək üzrədir.
Onlar konkret addımlara keçmədikcə, işğalçı Ermənistana təzyiqlər etmədikcə, münaqişənin həlli uzanır.
Azərbaycan xalqı inanır ki, prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com